“Onlar gedəcək, oğurladıqları sərvətləri aparacaqlar, amma problem qalacaq…” – AYDIN MİRZƏZADƏ

Qarabağ məsələsi Azərbaycan üçün süni surətdə və uzun müddət bundan əvvəl yaradılan problemdir. Bu, Azərbaycanı təsir altında saxlamaq, Azərbaycanın torpaqlarına yiyə durmaq üçün edilən cəhdlərdir. Bütün bunlara baxmayaraq, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdi. Ancaq göründüyü kimi, bizim müstəqilliyimizi bizdən savayı, başqaları da “gözləyirdi”. Bu baxımdan, Azərbaycan üçün ağır bir yük olacaq Dağlıq Qarabağ problemini ortaya atdılar.

Etikxeber.az xəbər verir ki, bunu politoloq, millət vəkili Aydın Mirzəzadə deyib.

O, xatırladıb ki, Azərbaycanın bundan başqa problemləri də var idi, amma 1993-cü ildə mərhum Heydər Əliyev hakimiyyətə gəlişi ilə bu problemlərin bir çoxu həll edildi:

“Bununla belə, Daqlıq Qarabağ həll olunmamış problemi qalır. Dağlıq Qarabağ problemi Ermənistanın Azərbaycan torpaqlarına iddiasıdır. Amma iş burasındadır ki, bu, tək Azərbaycanla Ermənistan arasında həll edilən məsələ deyil. Çox təəssüf ki, böyük dövlətlər, beynəlxalq ictimaiyyət Azərbaycandan problemin ancaq və ancaq sülh yolu ilə həll edilməsini tələb edirlər. Azərbaycan buna razıdır, amma qarşı tərəf buna razı deyil. Baxmayaraq ki, Qarabağ məsələsi Azərbaycandan çox Ermənistana zərər vurur, ona problemlər yaradır, ancaq Ermənistan təkid, inad edir.

Ermənistanda hakimiyyətə gələnlər həmin xalqın qayğıları ilə yaşamırlar. Onlar gedəcək, özləri ilə büdcədən oğurladıqları sərvətləri aparacaqlar, amma problem Ermənistan cəmiyyəti üçün qalacaq. Düzdür, Ermənistan cəmiyyətinin özü də bu problemin yaranmasında və yaşanmasında günahkardır. Çünki öz rəhbərlərindən qonşu  xalqlarla mehriban qonşuluq şəraitində yaşamasını tələb etmirlər”.

Millət vəkili eyni zamanda bildirib ki, Dağlıq Qarabağ probleminin həllində bu gün Azərbaycanın mövqeyindən çox şey asılıdır.

aydinnn

“Azərbaycanın mövqeyini hörmətli prezidentimiz cənab İlham Əliyev dəfələrlə səsləndirib. Bu, ərazi bütövlüyümüzdür, Azərbaycanın bir metr də olsun ərazisinin heç kəsə güzəştə getməməsi məsələsidir. Bu, problemin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi məsələsidir. Əvəzində isə biz Dağlıq Qarabağ bölgəsinə yüksək muxtariyyət verəcəyik. Hansı ki, bütün dünyada mövcuddur. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistan bu məsələdə siyasi riyakarlıq edir, siyasi oyunlar oynayır. Fərqi yoxdur hakimiyyətdə kimdir, Ermənistanın indiki baş naziri hakimiyyətə gələrkən belə bir təsəvvür yaranmışdı ki, o, həmin komandadan deyil.

Həmin dalğa, Qarabağ dalğası üzərində hakimiyyətə gəlməyib. Ona görə də o, problemin başqa bir formada həll edilməsinə çalışır. Amma 16 ay göstərdi ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanda hakimiyyətdə olanlar Azərbaycan ərazisinə böyük hörmətsizliklə yanaşırlar. Paşinyanın son dövrlərdəki bəyanatları, onun Azərbaycanın işğal olunmuş zonalarına gələrək həyəsızcasına verdiyi bəyanatlar göstərir ki, Paşinyan Sərkisyandan, Koçaryandan heç nə ilə fərqlənmir. O, bu gün xalq qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilmir. İş yeri yaradılmır, əmək haqları artmır. Ermənistanın qonşu ölkələrlə münasibətləri düzəlməyib. Müttəfiqi olan Rusiya ilə münasibətləri günü-gündən korlanır və xalq bu gün Paşinyandan verdiyi öhdəlikləri yerinə yetirməsini tələb edir.

Bunun əvəzində isə Paşinyan Sarkisyan, Koçaryan kimi onlara Dağlıq Qarabağ problemi ilə bağlı sərsəm bəyanatlar verir. O bəyanatlar, əlbəttə, son məqamda Ermənistanın özünə böyük bir ziyan vurdu. Paşinyan Xankəndinə gələrək orada Azərbaycanı hədələdi. “Dağlıq Qarabağ Ermənistanındır” kimi provokasiyalı, əslində Ermənstanın özünə siyasi cəhətdən zərər vuran bir bəyanat verdi. Bir neçə gün keçdi-Azərbaycanın qəhrəman sərhədçiləri Ermənistanla sərhəddə dörd postu götürdülər və bir neçə kəndi Ermənistanın silahlı qüvvələrinin vaxtaşırı atəşə tutmasından azad etdilər. Paşinyan balaca da olsa, zərbəsini aldı.

Fikrimcə, nə qədər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmır, torpağımızı işğaldan azad etmək istəmir, Azərbaycanın bu məsələdə qətiyyəti bir o qədər artacaq. Bütün variantlar nəzərdən keçirilir. Bütün məsələlər həll edilir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Zaman göstərəcək. Bir qədər çəkə bilər, forması fərqli ola bilər, amma heç bir şübhə olmasın ki, Azərbaycanın indiki rəhbərləri, Azərbaycan ziyalıları, Azərbaycan cəmiyyəti torpağımızın işğalda qalması ilə razı olacaq. Bunu qoy Ermənistanın indiki hakimiyyəti özünə aydın etsin”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Separatçı rejimin “seçki”sini kimsə tanıya bilməz və tanımayacaq” – DEPUTAT

Read Next

“Bir yanda böyük zənginlik olduğu kimi, digər tərəfdə yoxsulluqdur” – ƏLİ ƏHMƏDOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir