“Onlar hazır olan kimi əsas işlərin görülməsi başlanacaq…”-MM-İN KOMİTƏ SƏDRİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına səfərləri Qarabağa – işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın reallaşmasından xəbər verir. Hər iki rayona səfərlər zamanı yeni yarımstansiyaların, rəqəmsal idarəetmə mərkəzlərinin, daxili qoşunların yeni inşa olunan hərbi şəhərciyinin, Ağcabədi rayonunda Avşar – Salmanbəyli – Aşağı Avşar – Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışının edilməsi infrastruktur layihələrinin davamlı xarakter aldığını göstərir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.

“Həmçinin 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, mehmanxana binasının, sənaye parkının təməlinin qoyulması, “Ağcabədi taxıl Aqropark”ında yaradılan şəraitlə tanışlıq, Qarabağ xanlarının türbələri və yaşayış evləri, Cümə məscidində bərpa işləri ilə tanışlıq və sakinlərlə görüşlər göstərir ki, Prezident İlham Əliyevin təbirincə desək qısa zamanda Qarabağın cənnətə çevrildiyinin şahidiyik. Çünki müharibə başa çatdıqdan sonra dövlətimizin başçısı dəfələrlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna səfərlər etmiş, çox vacib layihələrin həyata keçirilməsi üçün əməli tədbirlər görərək, yeni layihələrin icrasını reallaşdırmışdır”-deyən komitə sədri bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər etməsi xalqımız tərəfindən rəğbətlə qarşılanır:

“Hər bir Azərbaycan vətəndaşı artıq dəqiq bilir və inanır ki, ölkə rəhbəri verdiyi vədə sadiqdir. Dövlətimizin başçısı əhalinin sosial rifahının yaxşılaşdırılması, ölkənin inkişaf etdirilməsi, beynəlxalq aləmdə tanıdılması üçün əlindən gələni əsirgəmir və ən çətin problemləri aradan qaldırmağa qadirdir. Ölkənin elektrik enerjisi təchizatının artırılması, ərazilərdə yeni yarımstansiyaların quraşdırılması, müasir standartlara cavab verən yolların istifadəyə verilməsi, sənaye parklarının salınması, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsi, yeni xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin təməlinin qoyulması bunun əyani ifadəsidir”.

Komitə sədri daha sonra “Müqəddəs ocaqlarımızın, dini abidələrimizin, məscidlərimizin təmiri, milli-mənəvi dəyərlərimizə hörmət və ehtiram daim dövlətimizin başçısının diqqət mərkəzində olub. Ağdam Cümə məscidinin yenidən qurulması bunun bariz nümunəsidir. Əlbəttə, bu sahədə Heydər Əliyev Fondunun, Fondun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Belə ki, ölkənin birinci xanımı tərəfindən görülən işlər vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev işğaldan azad edilmiş yerlərə səfərləri zamanı bildirmişdir ki, bütün şəhərlər Baş plan əsasında qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir.

Onlar hazır olan kimi əsas işlərin görülməsi başlanacaqdır. Göründüyü kimi, düşmən tərəfindən 30 il işğal altında saxlanılan torpaqlarımızın, viran edilən şəhər və kəndlərimizin bərpası, yenidən qurulması və həmin ərazilərin müasir yaşayış məskənlərinə çevrilməsi dövlətimizin başçısının qarşısında duran birinci dərəcəli vəzifə sayılır və yerlərə müntəzəm səfərlər bunu bir daha sübut edir. Qarabağ iqtisadi rayonunda görülən işlərin, həyata keçirilən tədbirlərin miqyası çox genişdir. Prezident İlham Əliyevin Ağdam və Ağcabədiyə səfərləri bunun əyani ifadəsi idi və qarşıya qoyulan mühüm vəzifələrin layiqincə həyata keçiriləcəyinə zəmanətdir”– deyə, vurğulayıb.

Etikxeber.az

Read Previous

Manaf Ağayev-SAXLANILDI…

Read Next

Prezident Kürdəmir, Nərimanov və Nizami rayonunun yeni icra baçılarını-VİDEOFORMATDA QƏBUL ETDİ: “HEÇ KİM QANUNDAN YUXARI OLA BİLMƏZ” – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir