Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını müsbət qiymətləndirir və dəstəkləyirəm. Sənəd olduqca peşəkar, mükəmməl və təfsilatlı hazırlanıb. Milli Məclisdəki bugünkü müzakirələr, çıxışlarda səsləndirilən fikirlər bir daha bunu təsdiqləyir. Şəxsən mən də həmkarlarım kimi, illik məlumatı dəstəklədim və onun qəbuluna səs verdim.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov dilə gətirib.
Millət vəkili hesab edir ki, ölkəmizdə bütün növ cinayətkarlığa və cinayətkarlara, o cümlədən, insan alveri ilə məşğul olan cinayətkarlara, cinayətkar qruplara qarşı çox ciddi və kəskin mübarizə aparılır.
“Elə bunun nəticəsidir ki, bu yöndə statistika ildən-ilə azalır. İnsan alveri cinayətkarlığın ən alçaq, ən murdar, ən qəddar formasıdır. Bunu törədən, bununla məşğul olanların insan adlanmağa haqları yoxdur. Onlar insanlıq adına qara ləkədirlər. Onlara qarşı ən sərt cəza tədbirləri seçilməlidir və seçilir. Cinayət qanunvericiliyində də bununla bağlı ən sərt cəza növləri, müddəalar mövcuddur. Düşünürəm ki, gələcək dönəmdə bu cəza tədbirləri bir qədər də sərtləşdirilməli, cinayət qanunvericiliyi belə demək mümkünsə, daha da tündləşdirilməlidir.

Çünki yenə qeyd edirəm ki, insan alveri, xüsusilə, qadın, uşaq alveri ilə, cinsi istismarla məşğul olanların insanlıqdan, insan haqlarından danışmaq haqları yoxdur. Onlar öz murdar və cinayətkar əməlləri ilə bu haqqı itiriblər. Bu baxımdan hesab edir, inanır və qəti əminəm ki, insan alverinə qarşı mübarizə tədbirləri bundan sonra da eyni qətiyyətlə, eyni kəskinliklə aparılacaq, davam etdiriləcək. Bütövlükdə hər birimizin gözləntisi və istəyi budur”-deyən millət vəkili bir daha xatırladıb ki, insan alverinə qarşı mübarizə üçün lazımi qanunvericilik bazası yaradılıb, hökumət tərəfindən bir sıra mühüm qərarlar qəbul edilib. Bu cinayətlərdən zərər çəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb.
“Bunlar bir Azərbaycan dövlətinin, Azərbaycan parlamentinin bu məsələdə nə qədər qətiyyətli, iradəli olduğunu, insan alverinə qarşı nə qədər barışmaz mövqe ortaya qoyduğunu göstərir. Bunlar həm də onu deməyə əsas veriir ki, yaxın illərdə insan alverinə qarşı mübarizədə daha böyük və müsbət nəticələr ediləcək, bu yöndə cinayətkarlıq halları minimuma endiriləcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az