“Onlar “pleysteysin”nin, “planşet”in, bahalı telefonların, “Calio”nun, “Betmen”in varlığından xəbərsizdirlər…”- Elşən Musayevin yazısı

Adətən rayona qatarla gedirəm. Əsas da Zaqatalaya. Seçicilərimlə görüşə.

Hə, astagəldir, səs-küylüdür, maşınla müqayisədə xeyli narahatdır. Razıyam. Yatmaqdan isə ümumən söhbət gedə bilməz. Adam yerini dəyişərkən heç 5 ulduz otel nömrəsinə öyrəşə bilmir, o ki qala qatar çarpayısına. Əlqərəz, yuxun da qalır ovcunda.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elşən Musayev öz “Facebook” statusunda yazıb. Statusu olduğu kimi təqdim edirik:

-Amma…kim nə deyirsə desin, yaradıcı adamların nəqliyyatıdır – qatar.

Qatar zatən səssizliyi ilə deyil, səsi ilə gözəldir. Hətta vaqon şüşələrinin qart bağlamış kiri də ayrı bir adrenalindir. Çöldəki işığı, ağacı, evləri, çəmənlikləri, stansiyaları sırf fitri istedadınla-fantaziyalarınla ayırd eləməndən dolayı…

***

Yol boyunca qəribə evlər var. Ev demək mümkünsə. Alaçıqdı əslində. Çöldə paltarlar asılıb. Yanında 2 vedrə. Ta nə bilim, sadəcə, suvağı olan divar, əyilmiş “setka”, yarımqapalı tövlə, köhnə 011…

Bir dəfə paltar yuyan qadın gördüm. Başında şal, əynində qolu qatlanmış kofta, uzunbalaq ətək var idi. Gecənin qaranlığında – əslində paltarla deyil, həyatı ilə çarpışırdı. Evinin yanından sıra-sıra keçən qatarlaın səsinə də güman ki, alışmışdı. Başını belə qaldırmadı. Hərçənd, kim bilir, bəlkə onu ər evinə də bu qatar gətirib. Arzularını da bu qatar bitirib.

Cavan-cavan çobanlar var. Uşaq deyək hətta. 11-12 yaşında. Əynində qalın, düyməsiz kürk – xoşbəxtcə o baş-bu baş gəzişirlər. Böyük ehtimalla məktəbə də vaxtı olanda gedirlər, ya da ümumiyyətlə getmirlər, “yazı iş dəftəri” dərdi çəkmirlər, təzə çantaları, sapoqları, əlbisələri ilə şəhər uşaqlarıtək forslanmırlar. Onlar “pleysteysin”nin, “planşet”in, bahalı telefonların ya da canım sizə desin “Calio”nun, “Betmen”in varlığından xəbərsizdirlər…

***

Qatarlar üzbəüz keçərkən hamı vaqonlardan bir-birinə baxır. Çox qəribə şəkildə. Sanki o 3 saniyəlik məsafədə hansısa qohumunu, tanışını, yaxınını tapacaqmış, tanıyacaqmış kimi halları var. Öz də komleksə girmədən, gizlətmədən – nəzərlərini tam foksla sənə zilləyirlər. Ta gözdən itənə qədər…
Sadəcə unudurlar ki, qatarda, gecənin qaranlığında hər kəs bənzər olur – yuxulu gözləri, dağınıq saçları, kupe pəncərəsinə dayanan məsum simaları ilə.

P.S Hərgah, bütün qalıcı baxışlar – gedənlərin, ötənlərin mirası. Bu da ayrı bir həqiqət.

Etikxeber.az

Read Previous

“Azadlıq”la Cəfər Xəndan küçəsinin kəsişməsindəki yol nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlandı

Read Next

Prezident sahibkarlara səsləndi: “Məsuliyyətli olun”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir