“Bələdiyyələr qanunları yaxşı bilməlidirlər” – TAHİR RZAYEV

Tahir RZAYEV: Əgər seçki sistemində, qanunvericiliyində dəyişiklik olarsa, bunu alqışlayanlardan biri kimi deyirəm ki, bələdiyyə sədrini qoy xalq seçsin. Nə olar ki?!

Etikxeber.az-ın  müxbirinin suallarını millət vəkili Tahir Rzayev cavablandırır:

– Tahir müəllim, qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir. Artıq Azərbaycanda bələdiyyə institutunun yaradılmasından 20 il zaman keçir. Ancaq bu illər ərzində bələdiyyə institutu hələ də Azərbaycanda oturuşmayıb, əsl yerli özünüidarəetmə orqanına çevrilə bilməyib. Sizcə, bizim bildiyimiz və bilmədiyimiz hansı səbəblər var?

– Çünki vətəndaşların fəallığı aşağıdır. Vətəndaşlar fəal, bələdiyyə institutu ilə yaxın tanış olsalar, bələdiyyələrə lazımi diqqət, qayğı göstərər, bələdiyyələrin fəaliyyətində yaxından iştirak edərlər. Çünki bələdiyyələri insanlar seçiblər. Seçkilər keçirirlər, vətəndaşlar seçirlər. Ancaq çox təəssüflər olsun ki, bunların əksər hissəsi bələdiyyənin fəaliyyəti nədir, nədən ibarətdir, bilmirlər, onun işi ilə maraqlanmırlar. Çoxları fikirləşirlər,  seçkiyə gəldi, səs verdi, bununla da hər şey qurtardı. Amma xarici ölkələrdə belə deyil,  insanlar müəyyən formada  bələdiyyələrə kömək edirlər.

Bizdə indi bələdiyyə vergisi yığılmır. Əgər bələdiyyə vergisi yığılsa, bələdiyyənin hesabında xeyli miqdarda pul olar və bələdiyyə də müəyyən işlər görə bilər. Vətəndaş əgər əmlak vergisini, torpaq vergisini, müəyyən vergi ödənişləri vermirsə, bələdiyyənin pulu hardan olasıdır ki? Amma vətəndaşlar bunları ödəməlidirlər. Yeri gələndə bələdiyyədən tələb eləməlidir ki, bu pulu hara xərclədin, necə xərclədin? Burada aşkarlıq olmalıdır. Sonra bələdiyyədən müəyyən qədər hesabat tələb eləməlidirlər. Sonra yeri gələndə gəlib onun fəaliyyəti ilə maraqlanmalıdırlar, tanış olmalıdırlar, nöqsanı varsa, nöqsanını deməlidirlər.

Ancaq təəssüf ki,  vətəndaşlarımız  müəyyən dərəcədə bələdiyyələrə qarşı passivdirlər. Deyirlər, bələdiyyələr iş görsün, filan vəzifəni yerinə yetirsin, amma yeri gələndə bələdiyyəyə nə diqqət, nə qayğı göstərirsən, bələdiyyənin fəaliyyətində sənin rolun nədir, baxırsan ki, heç nə. Deyirlər ki, mənim rolum nə olasıdır ki? Ancaq gördünüz İstanbuldakı seçkini? İnsanlar nə qədər fəal idi. İnsanlar  bu prosesdə nə qədər yaxından iştirak etdi. Çünki  sənin bələdiyyə sədrin, bələdiyyə üzvün görür ki, etimad göstəriblər, ancaq səhər bundan iş tələb edəcəklər, ona görə məsuliyyətini artırır.

– Sizcə, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilə bilərlərmi? Hətta, partiyanızın, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov da belə bir təkliflə çıxış etmişdi və onu da bildirmişdi ki, bələdiyyə seçkiləri ilə bağlı seçki qanunvericiliyinə partiya olaraq, geniş dəyişikliklər təkliflər var…

– Bunlar da müəyyən qədər inkişafla əlaqədar olan məsələlərdir, yəni, Azərbaycan inkişaf etdikcə, bələdiyyələr oturuşduqca, zaman keçdikcə, bizdə də zaman-zaman bu tipli məsələlər meydana gəlir və gələ bilər. Amma indi bizdə sistem belədir, bu sistemlə hələ gedirik. Əgər bu yöndə konkret təkliflər olarsa və onlar müzakirələrə çıxarılaraq, qəbul edilərsə, bu addıma da getmək olar.

Bu da faydalı ola bilər, çünki bələdiyyə sədrini əgər insanların özləri seçirsə, o daha yaxşı hal ola bilər.

Ancaq bizdə faktiki belədir ki, bələdiyyə sədrləri bələdiyyə üzvləri tərəfindən  seçilir. Məsələn, bələdiyyənin üzvləri 11-dirsə, 15-dirsə və ya 17-dirsə, bunların ümumi iclası olur və bu iclasda da bələdiyyə sədrini seçirlər. Burada da yeri gələndə müəyyən qədər tərəftutma, ondan sonra müəyyən hallar olur. Əgər seçki sistemində, qanunvericiliyində dəyişiklik olarsa, bunu alqışlayanlardan biri kimi deyirəm ki, bələdiyyə sədrini qoy xalq seçsin. Nə olar ki?!

-Tahir müəllim, heç kimə sirr deyil ki, bələdiyyələr hələ də icra hakimiyyətlərindən asılı vəziyyətdədirlər, icra hakimiyyətləri tərəfindən onlara güclü təzyiqlər və təsirlər var…

tahir-16

tahirrr

-Çoxları belə deyirlər, amma mən belə deməzdim. Çünki bələdiyyələrin özlərinin də səlahiyyəti var, icra hakimiyyətlərinin özlərinin də səlahiyyətləri var. Hansı bələdiyyə ki  fəaldır, o, yerli icra hakimiyyətindən asılı deyil. Burada qarşılıqlı əlaqələr var. Yerli icra orqanları ilə bələdiyyə orqanlarının qarşılıqlı əlaqələri olmalıdır. Çünki onlar eyni məqsədə xidmət edirlər. İnsanların müəyyən sosial ehtiyaclarının ödənilməsi, iqtisadi məsələlər var. Əgər bunlar qarşılıqlı işləyirsə, buna asılılıq demərəm. Haradakı bələdiyyə ilə icra hakimiyyəti orqanları səmərəli işləyir, orada müsbət nəticələr var.

O bələdiyyələr ki asılıdır, onlar öz işlərini bilməyən bələdiyyələrdir. Onlar iş görməyən bələdiyyələrdir, onların qanunlardan xəbəri yoxdur. Onlara nə deyirlər, onu da edirlər. Amma bizdə yaxşı bələdiyyələr var ki, özləri sərbəst iş görürlər, müəyyən layihələr həyata keçirirlər. Yüzlərlə bələdiyyələr layihələr həyata keçirirlər. Sosial layihələr həyata keçirirlər. İstər qəsəbə bələdiyyələri, istər kənd bələdiyyələri olsun, bunlara icra hakimiyyətləri qoşulur? Heç biri qoşulmur. Əslində o icra hakimiyyətlərinə xoşdur ki, bələdiyyə müəyyən qədər təşkilatçılıq göstərsin, hansısa bir işi görsün.

Ancaq bu o demək deyil ki, bələdiyyə hansısa qanunsuzluğu edir. Qanunsuzluq edəndə icra hakimiyyəti yerli hakimiyyət orqanıdır, o müəyyən qaydada irad tutur ki, yox, bu olmaz, ya da bu məsələni belə eləmək olmaz. Onda da deyirlər ki, bələdiyyənin işinə qarışdı. Belə deyil. Sən özün parlament jurnalisti kimi görürsən də, hər il yüzədək bələdiyyələrə qanunu pozduqlarına görə inzibati cəzalar verilir. Hamısı da oradan qaynaqlanır ki, bunlar qanunları bilmirlər, yeri gələndə bunlara təsir olunanda da deyirlər ki,  ay aman, bələdiyyələr icra hakimiyyətlərindən asılıdır və sair. Mən isə belə deməzdim.

Haradakı bələdiyyə qarşılıqlı işləyir, orda iş var. Qarşılıqlı münasibət yoxdursa, orada narahatçılıq da var, bələdiyyələrdə də gileylənirlər…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Vüqar Əsgərov “Dauqavplis”dən “Lieapi” klubuna transfer olundu…

Read Next

“Dedim ki, Heydər Əliyeviç, o, sizin yadınızdadır?” – XALQ ARTİSTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir