Onsuz keçən ilk ad günü: BU GÜN GÖRKƏMLİ DÖVLƏT XADİMİ-MƏRHUM ASLAN NƏSİBOVUN 90 İLLİK YUBİLEY DOĞUM GÜNÜDÜR…

Bu gün Böyük İnsanın, Böyük Şəxsiyyətin, Böyük Kişinin yubiley doğum günüdür…

Bu gün onsuz ONUN 90 yaşı tamam olur…

O İnsanın, o Şəxsiyyətin, o Kişinin ki, 90 illik ömrünün 50 ilindən çoxunu böyük vəzifələrdə keçirdi, ancaq tutduğu vəzifələri, əyləşdiyi kürsüləri, kresloları qocaltmadı, əksinə, o kürsülər, o kreslolar, o vəzifələr ONU vaxtsız qocaltdı…

Vəzifə sahibi, hökm yiyəsi olmadı təkcə, həm də sadə, səmimi, mehriban, qayğışkeş insan, rəhbər oldu, müdrik el ağsaqqalı, hamıdan biri oldu…

Uşaqla uşaq, cavanla cavan, yaşlı ilə yaşlı kimi rəftar etdi, davrandı…

Heç kimi əymədi, heç kimi sındırmadı…

Çünki özü də sınmadı, əyilmədi, sınanlardan, əyilənlərdən olmadı…

Bəli, söhbət tanınmış partiya-sovet işçisi, görkəmli dövlət xadimi, keçmiş SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, uzun illər Xaçmaz, Dəvəçi (Şabran) və Tovuz rayonlarına rəhbərlik etmiş və digər yüksək vəzifələrdə çalışmış Aslan Yunis oğlu Nəsibovdan gedir…

O Aslan Nəsibovdan ki, nə doğum günü, nə də doğum ili dəqiq bəllidir…

Uşaqlıqdan minbir əziyyətlər, həyatın hər üzünü görmüş Aslan Nəsibovun pasportundakı, kimliyindəki doğum günü-10 noyabr 1931-ci il tarixi, təvəllüdü əslində dostlarının bir məclisdə təklif etdikləri tarix, təvəllüddür…

Məhz illər öncə can dostlarının təklifi ilə Aslan müəllimin doğum tarixi 10 noyabr 1931-ci il kimi yazılıb, qeyd olunub pasportunda, kimliyində…

Və o gündən də ta dünyasını dəyişənə kimi həmin günü, 10 noyabr tarixini hər il, sadəcə, ailə üzvləri ilə qeyd edib…

Çünki dəbdəbədən, təmtəraqdan daim uzaq olub, istər cavanlığında, istər vəzifələrdə olduğu illərdə, istərsə də vəzifə(lər)dən uzaqlaşıb, bir növ guşənişin həyat tərzinə üstünlük verdiyi illərdə…

Çox təəssüf ki, ömür vəfa etmədi 90 yaşını tamamlamağa, yenə də yaxınları ilə qeyd etməyə…

Cəmi aylar öncə o həyat, o sevgi dolu İnsan hər üzünü gördüyü bu fani dünyaya birdəfəlik “əlvida” dedi, sevənlərini, sevdiklərini tərk edib, Haqqın Dərgahına qovuşdu…

Artıq aylardır ki, cismən yanında, arasında deyil sevənlərinin, sevdiklərinin…

Amma o elə bir Ucalıq, elə bir Zirvədir ki, mənən, ruhən yenə də sevənlərinin, sevdiklərinin yanında, arasındadır…

Mənən, ruhən onlarladır, bizlərlədir…

Çünki qəlbən sevənlərindən və qəlbən sevdiklərindən biri də mən idim…

Aramızda böyük yaş fərqi olmasına baxmayaraq, onunla həm mənəvi ata-bala, həm də səmimi dost, sirdaş idik…

Bəlkə də ailə üzvlərimizdən gizli saxladığımız sirlərimizi çəkinmədən, ehtiyat etmədən rahat şəkildə bir-birimizlə bölüşürdük, dərdləşirdik…

Çünki ruh, dəyər ortağı idik…

Və hələ də Onun, O Böyük Kişinin yoxluğuna inana, Allaha günah getməsin, Aslan müəllimin yoxluğunu qəbul edə bilmirəm…

Elə bilirəm ki, yenə də zəng edib “planetin ən böyük jurnalistinə salamlar, eşq olsun”-deyəcək, həm özü güləcək, həm də məni güldürəcək…

Çox özləyirəm, çox özləmişəm o sözü, o amiranə və həm də o nəvaziş dolu səsi…

Çox darıxıram, çox darıxmışam Aslan müəllim üçün…

Bu yazını, bu sətirləri də göz yaşları içində boğula-boğula, hıçqıra-hıçqıra yazıram…

Çox heyf, çox heyf…

***

Bu gün növbəti ad günü, 90 illik yubiley doğum günü ilk dəfədir ki, Onsuz keçirilir…

Əzizləri, doğmaları, övladları bu gün ilk dəfədir ki, Aslan müəllimsiz Onun ad gününü, yubiley doğum gününü qeyd edir, onu anırlar…

Yaxınları, övladları, doğmaları bu gün Aslan müəllimin doğulduğu, uşaqlıqdan tərk etdiyi və torpağa tapşırıldığı Oğuzun Kərimli kəndində məzarı başına toplaşaraq, o Böyük İnsanın ruhuna dualar ediblər…

Cənnətdəki ilk ad gününüz, 90 illik yubiley doğum gününüz mübarək olsun, Aslan müəllim!

Məkanınız cənnətlik, məqamınız Uca, Dərgahınız mübarək olsun!

Nurlar içində yatın!

Daim qəlbimizdə, qəlbimdəsiniz!

Daim bizlərlə, mənimləsiniz!

Ruhunuz qarşısında baş əyirik, baş əyirəm!

https://www.facebook.com/messenger_media/?thread_id=100010204681424&attachment_id=220591243396143&message_id=mid.%24cAAAAATPDNOyDOsySKF9CW5g7TnBU

https://www.facebook.com/messenger_media/?thread_id=100010204681424&attachment_id=220591243396143&message_id=mid.%24cAAAAATPDNOyDOsySKF9CW5g7TnBU

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qiymət siyasətində səhvlər məhsulun, malın qıtlığına gətirib çıxarır…”-MİKAYIL CABBAROV BAHALAŞMADAN DANIŞDI

Read Next

Ermənistan hərbi qarşıdurma yaratmaq məqsədilə dövlət sərhədində növbəti təxribata cəhd edib-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir