“Önümüzdəki həftə Xocalı faciəsinin 29 ili tamam olur və Xocalı faciəsini tanıyan 17 ölkə içərisində Meksika da var…”-DEPUTAT SƏFİRDƏN NƏ XAHİŞ ETDİ?

Milli Məclisin (MM) Ailə, qadın, uşaq məsələləri Komitəsinin sədr müavini, Azərbaycan-Meksika Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Jalə Əliyeva Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores ilə telefon danışığı aparıb.

Etikxeber.az xəbər verir ki, danışıq zamanı Jalə Əliyeva bu yaxınlarda iki ölkə arasında diplomatik münasibətlərin başlanmasının 29 ilinin tamam olduğunu vurğulayaraq, bu münasibətlə səfir Labardinini təbrik edib, eyni zamanda 22 fevral tarixində Azərbaycan və Meksika arasında təhsil, elm, gənclər və idman sahələrində hökümətlərarası sazişin imzalanmasından artıq bir il ötdüyünü qeyd edib.

Jalə Əliyeva ötən bir ilin bütün dünya, o cümlədən Azərbaycan ilə Meksika üçün də Covid – 19 pandemiyası baxımından təlatümlü və çətin bir il kimi yadda qaldığını bildirib.

Eyni zamanda, ötən ilin Azərbaycan tarixinə şanlı Qələbə, 32 il işğal altında qalan torpaqlarımızı möhtəşəm mübarizəmizlə geri qaytardığımız il kimi təqvimə yazıldığını xüsusi vurğulayıb.

Daha sonra Jalə Əliyeva bildirib ki, önümüzdəki həftə Xocalı faciəsinin 29 ili tamam olur və Xocalı faciəsini tanıyan 17 ölkə içərisində Meksika da var.

Bu haqlı mövqeyi üçün bir daha Meksika parlamentinə və hökümətinə minnətdarlığını bildirən İşçi Qrupunun rəhbəri Jalə Əliyeva, Azərbaycanın haqlı səsinin, ötən əsrin ən böyük insanlık faciəsi, insanlıq dramlarından olan Xocalı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması, dünyanın hər yerində sülhün, haqqın, ədalətin bərpa və bərqərar olması üçün parlamentarilərin də öhdəsinə böyük vəzifələrin düşdüyünü ifadə edib.

Jalə Əliyeva Azərbaycan tərəfinin yaxın günlərdə Azərbaycan-Meksika Parlamentlərarası dostluq qrupunun meksikalı rəhbəri Aqustin Qarsiya Rubio və qrupun üzvlərinin, eyni zamanda hər iki ölkənin səfirlərinin iştirakı ilə ikitərəfli videokonfransın təşkil edilməsi təklifinin diplomatik kanallarla Meksika parlamentinə çatdırılmasında köməklik göstərməsini səfir Labardinidən xahiş edib.

Jalə Əliyeva həmin təklif haqqında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovla da telefon danışığı zamanı fikir mübadiləsi apardıqlarını və Azərbaycan səfirinin də bu görüşün baş tutması üçün müvafiq addımları atacağını diqqətə çatdırıb.

Səfir Labardini Milli Məclisin deputatı, Azərbaycan-Meksika Parlamentlərarası İşçi qrupunun rəhbəri Jalə Əliyevaya bu təşəbbüslərinə görə təşəkkürünü bildirib və Azərbaycan tərəfindən irəli sürülən məsələ haqqında ən qısa zamanda öz ölkəsinə məlumat çatdıracağını, görüşün baş tutması üçün səylərini əsirgəməyəcəyini bildirib.

Etikxeber.az

Read Previous

Qəhrəman Qızılhacılımın daha bir İgidi-AQŞİN ELDAR OĞLU ABDULLAYEV!

Read Next

Jalə Əliyevanın təşəbbüsü ilə başladılan kampaniya çərçivəsində-51 QAZİ AİLƏSİNƏ ƏRZAQ YARDIMI EDİLDİ-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir