“Onun namizədliyi Heydər Əliyevin tövsiyəsi ilə parlamentə təqdim olunmuşdu…” – XALQ YAZIÇISI

Əslində Elmira xanım Süleymanovanı bu gün burada görmək istərdim ki, bu xoş sözləri o özü eşitsin. Elmira Süleymanovanın namizədliyi dahi Heydər Əliyevin vaxtında, onun bilavasitə tövsiyəsi ilə parlamentə təqdim olunmuşdu və bu 16-17 ildə Elmira xanımın çoxşaxəli fəaliyyəti göz önündə idi.

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə ölkənin yeni Ombudsmanı ilə bağlı məsələnin müzakirəsi zamanı millət vəkili, Xalq yazıçısı  Elmira Axundova bildirib.

“Elmira xanım Ombudsman institutunu sıfırdan yaradaraq onu ölkəmizdə və ölkə hüdudlarından kənar çox hörmətli bir quruma çevirib”-deyən millət vəkilinin sözlərinə görə, E. Süleymanova həmişə ədalətin tərəfində olub, sadə insanlar ona çox inanırdılar.

“Minlərlə məktub və şikayətlər məhz ona ünvanlanırdı və mən bilirəm ki, Elmira xanım bir dənə də şikayəti nəzərdən kənarda qoymamış, çox vaxt onun həllinə nail olub. Yüksək beynəlxalq tribunalardan Elmira xanım Süleymanova həmişə öz haqq səsini qaldıraraq, bizim ən ağrılı problemimizi, məcburi köçkün problemini, 100 minlərlə insanın öz yerlərindən didərgin salınmasını, onların hüquqlarının kobud şəkildə pozulmasını beynəlxalq ictimaiyyətə çatdırmışdır. Sözün qısası, Elmira Süleymanovanın fəaliyyətini çox yüksək qiymətləndirir, ona bizim Parlamentin adından minnətdarlıq bildirmək istərdim. Bu dəyərli xanıma möhkəm can sağlığı, uzun ömür arzulayıram. Yeni seçiləcək Ombudsmana isə bu ağır və dəyərli işdə uğurlar arzulayıram”-deyə, o, sözlərinə əlavə edib.

Xatırladaq ki, müzakirələrdən sonra  səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

İclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib.

Qeyd edək ki, Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşı, sabiq vitse-spiker Yaşar Əliyevin qızıdır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Yeni seçkilər demokratiyaya doğru daha bir addım olacaq” – DEPUTAT YAZDI

Read Next

Paytaxt məktəblisi Türkiyədə yeni mükafata layiq görüldü – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir