Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisinin sədri Oqtay Əsədov Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, fransalı deputatların Bakıya səfərindən məmnunluğunu bildirən sədr son vaxtlar belə görüşlərin sayının artmasını yüksək qiymətləndirib. Bir neçə gün əvvəl Azərbaycanda mühüm siyasi tədbirin – Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendumun keçirildiyini deyən O.Əsədov ümumxalq səsverməsində müşahidəçi kimi iştirak edən Fransa nümayəndə heyətinin səsvermə prosesini yüksək dəyərləndirdiyini, siyasi hadisəyə obyektiv qiymət verildiyini vurğulayıb.
Milli Məclisin sədri ölkələrimiz arasında yüksək səviyyədə olan siyasi münasibətlərin həyatın digər sahələrinə də müsbət təsir göstərdiyini qeyd edərək deyib: “Ümidvaram ki, səfər çərçivəsində keçirdiyiniz görüşlər qanunverici orqanlarımız arasında da ikitərəfli əməkdaşlığın daha da inkişafına öz dəyərli töhfəsini verəcək”.
O.Əsədov bildirib ki, son illər Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizdə mövcud sabitliyin və təhlükəsizliyin, eləcə də iqtisadi inkişafın göstəricisidir:
“Dünyanın əksər hissələrində xaos, vətəndaş müharibələri getdiyi bir halda, bu gün Azərbaycanda müşahidə olunan bu təhlükəsizliyin qarantı, əlbəttə ki, Prezident İlham Əliyevdir. Heç də təsadüfi deyil ki, sentyabrın 26-da keçirilmiş referendumda xalq öz Prezidentinə inamını bir daha təsdiqlədi.
Azərbaycan ilə Fransa arasında iqtisadi münasibətlərin inkişaf etdiyini deyən Azərbaycan parlamentinin sədri qeyd edib ki, dünyada davam edən qlobal böhrana baxmayaraq, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1 milyard ABŞ dollarından artıq olub. Biz Azərbaycanda fəaliyyət göstərən Fransız şirkətlərinin fəaliyyətlərini yüksək dəyərləndiririk”.
Spiker bildirib ki, humanitar sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir.
“Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi bu istiqamətdə qısa zamanda müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Bu yaxınlarda Fransada Azərbaycan şəhərciyi açılıb. Hər iki ölkənin 12 şəhəri arasında qardaşlaşma prosesi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir”– deyə, O.Əsədov bildirib.
O, qeyd edib ki, Fransa parlamentinin bəzi deputatlarının Azərbaycan üçün həssas olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemində qeyri-obyektiv mövqe tutması ölkə ictimaiyyətində müəyyən suallar doğurub. “Bütün bunlara rəğmən, xoşagəlməz hallar artıq arxada qalıb. Sevindirici haldır ki, Fransada Azərbaycanın dostlarının sayı gündən-günə artmaqdadır. Biz ədalətin gec-tez zəfər çalacağına inanırıq”- deyə, Milli Məclisin sədri əlavə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel ölkəmizə səfər çərçivəsində burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını deyib. Qonaq V Bakı Beynəlxalq Humanitar Forumunun işini yüksək dəyərləndirərək, tədbirdə müzakirə olunan məsələlərin bütün dünya siyasətçilərini düşündürdüyünü qeyd edib. Bildirib ki, parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi məqsədlərə xidmət edir.
Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Cavanşir Feyziyev, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, Fransa Milli Assambleyasının deputatları Fransua Seliye, Mişel Tero, Jan-Mari Tetar və digər rəsmi şəxslər iştirak ediblər.
Etikxeber.az