Oqtay Əsədov: “Bütövlükdə Avropanın enerji xəritəsi dəyişəcək…”

Milli Məclisdə Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrengerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan ilə Avropa Mühafizəkarları Qrupu arasında mövcud əlaqələrin, Qrupun AŞPA-da Azərbaycanla bağlı məsələlərə həssaslıqla yanaşmasının ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib. O, Azərbaycanın AŞPA ilə daha sıx münasibətlərdə maraqlı olduğunu deyib. O.Əsədov Avropa Şurası Parlament Assambleyasında britaniyalı deputatların Azərbaycan nümayəndə heyəti ilə birgə işlədiyini vurğulayaraq, onların ölkəmizin haqlı mövqeyini daim dəstəkləmələrinin məmnunluq doğurduğunu qeyd edib.

Milli Məclisin sədri, həmçinin Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri barədə danışaraq deyib ki, bu layihələrin reallaşdırılması bütövlükdə Avropanın enerji xəritəsini dəyişəcək.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan parlamentin sədri nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən sənədlərinin qəbul olunduğunu, lakin bu sənədlərin hələ də icra edilmədiyini vurğulayıb. Bildirib ki, Ermənistan tərəfi bu sənədlərə məhəl qoymur və əgər işğalçı dövlətə qarşı müqavimət göstərilməsə, bu münaqişə hələ də davam edəcək.

Yan Liddel-Qrenger Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəal iştirakını yüksək qiymətləndirib. O, əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Avropa Mühafizəkarları Qrupunun sədri Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi üçün əlindən gələni edəcəyini bildirib.

***

Həmin gün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüş keçirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu səfərin əhəmiyyətini qeyd edərək, Azərbaycan və AŞPA-nın hər zaman eyni dəyərlər uğrunda mübarizə apardıqlarını, Avropa Mühafizəkarları Qrupunun nümayəndələrinin daim ölkəmizin haqlı mövqeyini dəstəklədiklərini vurğulayıb.

Bakıya ilk dəfə səfər etdiyini deyən Yan Liddel-Qrenger Avropa Mühafizəkarları Qrupunun Azərbaycan ilə əlaqələrin inkişafına daim önəm verdiyini söyləyib. O bir daha bildirib ki, Avropa Mühafizəkarları Qrupu Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yardım etməyə hazırdır.

Etikxeber.az

Read Previous

Noyabrın 23-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Read Next

Məmmədyarov: “ABŞ tərəfindən münaqişənin həlli istiqamətində səylər artırılmalıdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir