Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Pəhli Xaləddin oğlu Qəribovun doğum günüdür.
Pəhli Qəribovun bu gün 30 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Pəhli Qəribov 1993-cü ilin 17 sentyabr tarixində sadə bir ailədə dünyaya gəlib.
Ailədə bir bacı, bir qardaş olublar.
Orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə yollanıb.
2012-ci ildə Naxçıvan Muxtar Respublikasında (NMR) müddətli həqiqi hərbi xidmətini kəşfiyyatçı kimi başa vurub.
Sonra evinə dönüb, işləyib, ailəsinə kömək etməyə çalışıb.
İkinci Vətən Müharibəsi başlanan gündən də döyüşlərdə olub.
Döyüş yolu da uzun və şərəfli olub.
Füzuli, Cəbrayıl, Xocavənddən Şuşayacan döyüş yolub keçib.
Və Şuşa işğaldan azad edilən gün, noyabrın 8-də Şuşa-Daşaltı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Və nəşi 3 gün sonra-noyabrın 11-də Kürdəmir rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


Şəhidliyindən sonra 5 medalla-“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Ailəsi-valideynləri isə övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.
Pəhli həm də ailəli olub.
Nərmin adlı bir qız övladı ailəsinə, Vətəninə əmanət qalıb.
Kürdəmirdə Onun adını daşıyan küçə var.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü-30 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az