“Orden övladımın Haqqıdır…İstəyirəm ki, övladım, Şəhidim ölkəmizin ən ali ordenlərindən biri ilə təltif olunsun”-ŞƏHİD ŞAHMAR SEYİDOVUN ANASI ƏSMƏGÜL SEYİDOVA ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Mingəçevirdən olan İkinci Vətən Müharibəsi Şəhidi Şahmar Fikrət oğlu Seyidovun anası Əsməgül Seyidova ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin Birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevə müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Əsməgül Ağamalı qızı Seyidova Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şahmar Fikrət oğlu Seyidovun anasıyam. Oğlum, Şahmarım İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. Şahmar mənim iki övladımdan, iki oğlumdan biri idi. Müharibədən, Şəhidliyindən 5 ay öncə həyatını Ordu, hərb ilə bağlamışdı, MAXE kimi fəaliyyət göstərirdi. Müharibədə də hərbçi-MAXE kimi iştirak etdi və oktyabr ayında ağır döyüşlərdən birində Şəhidlik zirvəsinə ucaldı. Şahmar həm də nişanlı idi. Həm ömrü yarımçıq qaldı, həm arzuları, xəyalları. Bəyliyi ağ kəfəni oldu.

Bir ana, bir valideyn üçün övlad itkisi, övlad acısı çox əzablı və dəhşətlidir. Allah heç kimə övlad acısı, övlad itkisi, övlad dağı yaşatmasın. Nə qədər ağrılı və acılı olsa da, övladımla, Şahmarımla Fəxr edir, İftixar hissi keçirirəm. Fəxr edir, İftixar hissi keçirirəm ki, Şahmar kimi İgid, Qəhrəman, Vətən sevdalı bir Oğulun anasıyam. Fəxr edir, İftixar hissi keçirirəm ki, torpaqlarımızın işğalına, 32 illik qanlı Qarabağ münaqişəsinə son qoyulmasında, tarixi Qələbə və Zəfərimizdə oğlumun, balamın, Şahmarımın da payı, əməyi, xidməti var.

Oğlum, Şahmarım da daxil olmaqla, bütün Şəhidlərimizin, Şəhid balalarımızın müqəddəs ruhları qarşısında baş əyirəm. Baş tacımız, and yerimizdirlər!”

Müraciətdə sonra deyilir:

“Hörmətli Müzəffər Ali Baş Komandan!

Müraciət etməklə, Dərdli, həm də Məğrur, Qürurlu bir Şəhid anası olaraq, bir xahişimi nəzərinizə çatdırmaq istəyirəm. Elə bu yerdə qeyd edim ki, İgidliyinə, Qəhrəmanlığına görə övladım Ali Baş Komandan olaraq, Sizin tərəfinizdən 3 medalla təltif olunub. Bu, övladımın Haqqıdır və buna görə Sizə minnətdarlığımı ifadə edirəm. Amma hesab edirəm ki, övladım daha artığını, ali ordenlərimizdən ən azı birini Haqq edir. Orden də övladımın halal Haqqıdır.

Odur ki, övladımın ölkəmizin ən ali ordenlərindəm biri-“Azərbaycan Bayrağı” və ya “Rəşadət” ordeni ilə təltif olunmasını Sizdən xahiş və rica edirəm. İstəyirəm ki, övladım həmin ordenlərdən biri ilə təltif olunsun. Əgər belə olarsa, bu, həm Şəhidimizin ruhunu sevindirər, həm də övladını itirmiş bir ana kimi mənə təskinlik, təsəlli olar. Ona görə inanıram və ümid edirəm ki, müraciətim tərəfinizdən həssaslıqla qarşılanacaq, nəzərə alınacaq və öz müsbət həllini tapacaq.

Öncədən də Sizə dərin minnətdarlıq və təşəkkürümü bildirirəm. Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Daha 7474 yeni yoluxma-DAHA 25 ÖLÜM…

Read Next

Bakı-Şuşa avtobusu hava şəraitinə görə-GERİ QAYIDA BİLMƏDİ VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir