“Ortaq dili süni surətdə yaratmaq olmaz, amma ünsiyyət dili yaradılmalıdır”-SABİR RÜSTƏMXANLIDAN SƏRT REAKSİYA

Həmişə sensasiya axtarmaq bizim medianı gözdən salıb.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, jurnalistlər mütləq özlərini təkmilləşdirməlidir və Türkiyənin bu sahədə olduqca böyük təcrübəsi var:

“Saytların çoxunda yazdılar ki, Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinin hakimi seçildi, amma heç birində onun avtobioqrafiyası haqqında bir cümlə yazılmadı…Bu, düzgün deyil”

MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev isə qeyd edib ki, bu əməkdaşlıq Türkiyə və Azərbaycan arasında hərbi-texniki sahədə olan əməkdaşlıq qədər əhəmiyyətlidir:

“Bunun qlobal və regional müstəvidə təsirləri olacaq. Qlobal informasiya məkanı monopoliya vəziyyətindədir. Dünyada nəyə baxmaq, nəyi oxumaq lazım olduğunu 5 böyük media korporativi müəyyənləşdirir ki, onun da hamısı ABŞ-da yerləşir. Kim fikirləşir ki, ermənilər və hay diasporu revanşist siyasətdən əl çəkəcək, onlar yanılır. Hay diasporu və erməni dövləti bu yöndə fəaliyyətlərini davam etdirəcək. Ən əsası da informasiya savaşında. İnformasiya savaşından ermənilər ancaq kamuflyaj kimi istifadə edir.

Bu baxımdan, Türkiyə ilə media sahəsində əməkdaşlıq olduqca önəmlidir. Hələ ulu öndər o zaman Süleyman Dəmirəllə birlikdə türk televiziyası yaratmaq ideyasını irəli sürmüşdü. Bu ideya reallaşacaqdı. Ancaq mərkəzi Asiyada olan dövlətlərdəki problemlər bu ideyanın həyata keçməsinə mane oldu. Amma artıq bu ideya başqa formada reallaşır. Bu həm də ortaq türk dilinin yaranmasına şərait yaradacaq”.

“Biz ortaq media platforması yaratmaq istəyiriksə, orada ortaq dil olmalıdır”.

Bunu da deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, hazırkı yeni reallıqda buna diqqət edilməlidir:

“Bu dil süni şəkildə formalaşdırıla bilməz. Ortaq platforma yaradılır, amma bizim televiziyalar türk filmlərini tərcümə edərək yayımlayır. Medianın inkişafı dövlətimizin diqqət mərkəzindədir. Yeni konsepsiya ilə bağlı nizamnamədə əksini tapan məsələlər öz həllini tapmalıdır”.

Deputat, Xalq şairi Sabit Rüstəmxanlı isə deyib ki, ortaq dil heç bir respublikaya lazım deyil:

“Ortaq ünsiyyət dili ola bilər. Amma heç bir respublika öz rəsmi dilindən imtina edib, ortaq dili qəbul etməz. 5-10 ildən sonra bu dillərin yaxınlaşması daha da sürətlənəcək. Artıq evlərdə türk seriallarını hər kəs başa düşür. İlk olaraq adları öz dilinə uyğunlaşdırmaq lazım deyil. Məsələn, Devlet Bahçelidir, bunu yazırlar Dövlət Baxçalı. Türkdilli respublikalarda Türkiyə türkcəsi aşağı siniflərdə 3-4 il öyrədilməlidir. Bundan sonra bu respublikalarda yaşayanlar bir-birini başa düşəcək. Türk Şurası bu məsələ ilə məşğul olmalıdır. Ortaq dili süni surətdə yaratmaq olmaz, amma ünsiyyət dili yaradılmalıdır”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Buranın ziyalı məclisi olduğunu bilirəm, mənə bunu öyrətməyə gərək yoxdur…”-SPİKERDƏN DEPUTATA ETİRAZ

Read Next

Sosial iş yerlərində şəhidlərin ailə üzvlərinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən-ÖDƏNİLƏCƏK – DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir