Ötən 10 gün: Yazan, yaradan, yaşadan Azərbaycanın növbəti uğurları-Şuşa, Füzuli və Sumqayıt Zəfərləri-JALƏ ƏLİYEVA YAZDI – (ÖZƏL)

Dünyamız yenə ziddiyyətlərlə, qarşıdurmalarla, təbədüllatlarla doludur.

Yenə də günahsız insanların qanlı göz yaşları axıdılmaqda, ölümlər-itimlər yaşanmaqdadır.

Dünyamız yenə böyük və cavabı mübhəm, qaranlıq olan imtahandan keçməkdədir.

Ancaq bütün bu ağırlıqların, bu qarmaqarışıqların fonunda xalqımız, dövlətimiz, Qalib və Müzəffər Azərbaycanımız özünü möhkəm şəkildə qorumaqda, gələcəyinə, inkişafına doğru inamla və qətiyyətlə irəlilələməkdə, 44 günlük tarixi Zəfərinin davamını yaşatmaqda, hər gün kərpic üstünə bir kərpic qoymaqdadır.

Elə son on gündə yaşananlar, yaşadıqlarımız bunun əyani, canlı nümunələri və təsdiqidir

***

Birinci hadisə-birinci məqam: Şuşanın Şuşalı günləri…Növbəti Şuşa Zəfəri…

Bəli, düz on gün öncə Azərbaycanımızın, Qarabağımızın göz bəbəyi, dilbər guşəsi olan Şuşamız yenidən əvvəlki axarlı-baxarlı ab-havasına, əsl Şuşalı günlərinə qayıtdı, yenidən o günləri yaşadı və bizlərə yaşatdı.

8 noyabr Zəfərindən, Şuşa fəthindən sonra Şuşamız yeni-növbəti Zəfərini toy-bayram etdi və bunu da bütün dünyaya şəstlə nümayiş etdirdi.

Bir daha hər kəsə Azərbaycanın, Qarabağın olduğunu, ondan ayrılmazlığını, qoparılmazlığını, toxunulmazlığını ortaya qoydu.

Müzəffər və Qalib Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev və onun ən yaxın, ən sadiq silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın növbəti səfərləri ilə Şuşamıza yenidən can verildi. Şuşamız yenidən qaynadı, qarışdı, coşdu, daşdı, vəcdə gəldi. Növbəti tarixi açılışlarla, Azərbaycan qədər böyük imza sahiblərinin-Molla Pənah Vaqifin, dahi Üzeyir bəyin, korifey Bülbülün büstlərinin, heykəllərinin, bərpadan sonra ev-muzeylərinin, muzey-məqbərə komplekslərinin, “Qarabağ” hotelinin, “Qala və Konsert Mərkəzi”nin açılışları oldu, Şuşanın baş planı ilə tanışlıq baş verdi, şəhərin ilk yaşayış məhəlləsinin təməli atıldı.

Və ən vacib, ürək coşduran məqamlardan biri-təxminən 30-33 illik fasilədən sonra Vaqif Poeziya Günlərinin rəsmi açılışı baş tutdu.

Və həmin anların, həmin tarixi, sözlə ifadəsi mümkün olmayan məqamların canlı şahidi və iştirakçısı kimi özümü dünyanın ən xoşbəxt, ən bəxtəvər insanlarından biri hesab etməkdəyəm.

Çünki Şuşa zəfərindən, uzun illərin ayrılığından sonra ilk dəfəydi ki, Şuşamdaydım, qibləgahımdaydım.

Bəli, Şuşa bizim qibləgahımız, ziyarətgahımız, Ali Baş Komandanımızın dediyi kimi, baş tacımızdır.

“Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır”.

Bu tarixi sözləri, kəlamları da Müzəffər Ali Baş Komandanımız Vaqif Poeziya Günlərinin açılışı zamanı nitqində bəyat etdi.

Və onun da dediyi kimi, Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.

Bəli, bizə yeni nəfəs, yeni can gəlib. Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.

Noyabrın 8-də də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən ölkə Prezidenti sevinc göz yaşları içində demişdi ki, Şuşa artıq azaddır, bu, həqiqətdir.

Bəli, bu, həqiqətdir, bu, gerçəklikdir və biz artıq azad Şuşada yığışmışıq.

Biz Şuşaya qayıtmışıq. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir.

Biz Şuşanı dirçəldəcəyik və biz Şuşanı dirçəldirik.

Dirçəlişin mübarək, əziz Şuşa!

***

İkinci hadisə-ikinci məqam: “Ölü şəhər”dən səfalı, şəfalı şəhərə çevrilən Sumqayıt…Yeni açılışlar, yeni inkişaf, tərəqqi müjdələri…

Ötən on günün ən yaddaqlan hadisələrindən, yaşantılarından biri də heç şübhəsiz ki, ölkə Prezidentinin Sumqayıt şəhərinə növbəti səfəri oldu.

Bu səfər zamanı da tək Sumqayıtımızın deyil, bütövlükdə ölkəmizin inkişafına təkan verəcək addımların atılmasının şahidi olduq.

Bu yerdə elə onu deyim ki, keçmiş Sovetlər Birliyinin, onun başsız başbilənlərinin, mənfur qonşularımızın təsiri altında olanların məqsədyönlü siyasəti nəticəsində, yəni, keçmiş imperiyanın süqutu ərəfəsində, 80-lərin sonlarında Sumqayıt az qala “ölü şəhər”ə çevrilmişdi.

Bu şəhərdəki kimya zavodları, sənaye müəssisələri şəhərin ekologiyasını, insanların həyatını, yaşayışını, sağlamlığını zəhərə döndərmiş, sual altına qoymuşdu. Yalnız Ulu Öndərimizin ikinci hakimiyyətə qayıdışı, 90-ci illərin ortalarından Sumqayıtla ciddi maraqlanması nəticəsində ölkəmizin üçüncü sənaye şəhəri Sumqayıt və sumqayıtlılar necə deyərlər, fəlakətin, məhvolmanın eşiyindən döndülər, döndürüldülər. 70-ci illərdə, Ulu Öndərin birinci hakimiyyəti dönəmində əsl inkişafını, intibahını yaşayan Sumqayıta yenə Ümummlilli Liderimizin şəfalı, xilaskar əlləri ilə ikinci nəfəs, ikinc həyat verildi, Sumqayıt yenidən canlandı, canlandırıldı.

Və Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişi, 18 illik tarixi missiyası ilə Sumqayt ikinci intibahını, ikinci inkişafını yaşadı və yaşamaqdadır.

Bir zamanların ekoloji cəhətdən ən çirkili, dözülməz şəhəri bu gün Azərbaycanın ən səfalı, ən şəfalı guşələrindən birinə çevrilməkdə, ölkənin üçüncü baş şəhəri-sənaye mərkəzi funksiyasını uğurla icra etməkdədir.

Məşhur bir mahnıda da deyildi, xarüqələr yaradır, el Sumqayıtda.

Bəli, növbəti Sumqayıt səfərində ölkə rəhbəri bir sıra açılışlara imza atdı, Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin, “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının, Sumqayıt Məhkəmə Kompleksinin açılışları oldu, güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyuldu.

Hansı ki, Sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Onlar studio tipli, 2, 3 və 4 otaqlı olacaq. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək.

Bəli, bunlar hamısı siyasətimizin baş xətt olan Azərbaycan insanı, Azərbaycan vətəndaşı naminə edilir.

Bəli, bu addımlar hamısı Azərbaycanın inkişafı, parlaq gələcəyi üçün atılır.

***

Üçüncü məqam-üçüncü hadisə: Qarabağın yeni nəfəsliyi, Qarabağı hava qapısı-Füzuli Hava Limanına ilk eniş…

Məlum olduğu kimi, sonuncu tarixi Şuşa səfəri zamanı ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin işğaldan azad olunmuş daha bir bölgəmizdə, Füzulidə dayanmış və Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olmuşdular.

Ölkə Prezidenti, Qalib Sərkərdə “Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa”-deyərək, qürurla və iftixar hissi ilə bəyan etmişdi ki,  bu aeroport Qarabağın hava qapısıdır.

Bəli, bundan, Füzuli Hava Limanında görülən işlərlə tanışlıqdan cəmi 6 gün sonra daha bir tarixi an yaşandı, yaşadıq.

Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi  sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra etdi.

Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verildi.

Ən əsası Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti cəmi 35 dəqiqə çəkdi.

Füzulimiz, cəmi Qarabağımız, işğaldan azad olunmuş, azad etdiyimiz yurd yerlərimiz bir nəfəs qədər bizə daha da yaxınlaşdı, daha da  yaxınlaşdırıldı.

Bəli, bizik Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının, Zəngilanın, Ağdamın, Lacının, Kəlbəcərin… əsl sahibləri, bizik bu torpaqların, əzəli və əbədi yurd yerlərinin əsl yiyələri.

Kimsə və kimlərsə bir daha bu torpaqları bizlərdən qopara, canımızdan can ayıra bilməz.

İmkan vermədik və imkan verməyəcəyik!

Mümkün olmadı və mükün olmayacaq!

Biz qayıtdıq, biz əbədi qayıtdıq və biz əbədiyyən qalacağıq!

Yaşa, yarat, Zəfərlər üzərinə Zəfərlər qazan, can Azərbaycan!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Əks-göstəriş sertifikatının alınma qaydası-AÇIQLANDI…

Read Next

İlham Əliyev “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində-İŞTİRAK ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir