Ötən ilin noyabrın 1-ə qədər 80-ə qədər uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb…- RƏSMİ

Uşaq hüquqları Prezidentin diqqət mərkəzindədir. Qanunvericilikdə 19 müavinətin yarısı da məhz uşaqlarla bağlıdır.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün  Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişiklikdə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə 160 manat, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 480 manat müavinət verilməsi nəzərdə tutulur.

“Keçən ilin noyabrın 1-dən uşaqların övladlığa verilməsi səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçib. Noyabrın 1-dən indiyə qədər yalnız 3 uşaq əcnəbiyə övladlığa verilib”.

Bunu da iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov açıqlayıb.

Qeyd edilib ki, əvvəllər bu səlahiyyət Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsində olub:

“Ötən ilin noyabrın 1-ə qədər 80-ə qədər uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb”.

***

Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılacaq.

Bu isə komitənin iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Beləliklə, layihəyə əsasən, bu şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri bu məbləğ 100 manat deyil, 200 manat məbləğində azaldılacaq.

Eyni zamanda bu sıraya ilk dəfə övladlığa götürən şəxslər daxil edilir.

Qeyd edək ki, qanun layihəsi MM-də qəbul ediləcəyi halda övladlığa götürən şəxslərdən birinin (özlərinin istəyi ilə) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılacaq.

Bununla yanaşı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı ilə bağlı güzəşt onlar övladlığa götürüldükdə də saxlanacaq.

Bu da komitənin iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Təhsil haqqında” və”Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Layihəyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Arzu Nağıyev “TƏBİB”-dən narazılıq etdi-MƏLAHƏT İBRAHİMQIZI HƏKİMLƏRLƏ BAĞLI MƏSƏLƏDƏN DANIŞDI, TƏKLİF ETDİ Kİ…-YENİLƏNİB

Read Next

Maliyyə Sabitliyi Şurası ləğv edildi-İQTİSADİ ŞURA YARADILDI…-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir