Övladına Şəhid dostunun adını verdi, övladı da 26 il sonra dostunun, döyüş yoldaşının taleyini yaşadı, Vətən yolunda Şəhid oldu-ŞƏHİD SƏRVAN SƏRXAN OĞLU ŞÜKÜROV… – FOTOLAR

Sərvan Sərxan oğlu Şükürov…

1998-ci il, 26 avqust doğumlu…

Bərdənin Kələntərli kəndindən-sadə bir ailənin övladı

Ailənin iki övladından biri və tək oğul…

Hərbçi-MAXE, İkinci Vətən Müharibəsinin iştirakçısı…

Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən biri…

Sərvan 2004-2015-ci illərdə orta məktəbi oxuyub, təhsilini başa vurduqdan bir il sonra, 2016-cı ildə hərbi xidmətə yollanıb və 2017-ci ildə Əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb…

Amma bir müddət sonra həyatını, taleyini yenidən hərblə, Ordu ilə bağlayıb…

2019-cu ildən MAXE kimi fəaliyyət göstərməyə başlayıb…

Və İkinci Vətən Müharibəsində də hərbçi-MAXE kimi iştirak edib…

Şərəfli döyüş yolu cəmi 7 gün çəkib…

2020-ci ilin oktyabr ayının 3- Suqovuşan istiqamətində döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Şəhidliyi də ürəyinə damıbmış…

Belə ki Şəhidliyindən bir gün öncə, oktyabrın 2-də son fotosunu çəkdirib və yoldaşlarına bildirib ki, atama deyərsiniz bunu başdaşıma vurdurar…

Və cəmi bir gün sonra, oktyabrın 3-də Şəhidlik məqamına yüksəlib…

Nəşi elə həmin gün, oktyabrın 3-də Kələntərli kəndində, Şəhidlər Xiyabanında dəfn edilib, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Sərvanın adı da təsadüfi seçilməyib, bu ad ona təsadüfən verilməyib…

Atası-1974-cü il təvəllüdlü Sərxan Şükürov Birinci Qarabağ Savaşının iştirakçılarından olub…

Ağdərə, Füzuli istiqamətlərində qulluq edib, döyüşüb…

Və 1994-cü ildə Füzuli istiqamətində ağır döyüşlərdən birində Sərvan adlı dostunu itirib…

Və 4 il sonra, 1998-ci ildə övladına Şəhid dostunun-Sərvanın adını verib…

Və oğul Sərvan da eynilə dostu Sərvanın taleyini yaşayıb, Vətən yolunda Şəhid olub…

***

Bu gün axşama yaxın Bərdəli Şəhid ailələri-Şəhid Səid Ədilov və Şəhid Fəxri Qəribzadənin ailə üzvləri, o cümlədən, gənc-istedadlı rəssam Ayxanın ailəsi ilə birlikdə Sərvanın ailəsini, Kələntərlidəki ocaqlarını ziyarət etdik…

İlk dəfə idi ki, Sərvangildə olurdum…

Ailəsini ziyarətdən öncə isə Kələntərli Şəhidlər Xiyabanındakı məzarına baş çəkdik…

Onunla birlikdə Kələntərlinin digər 4 İkinci Vətən Müharibəsi Şəhidinin məzarını ziyarət etdik, ruhlarına dualar oxuduq…

Şəhid ailələri ilə birlikdə bir daha Sərvanın ailəsinə başsağlığı verdik, onlara bir daha Allahdan səbr dilədik, bir daha “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik…

Ziyarətimiz, Şəhidimizin ailəsi ilə söhbətimiz təxminən bir saat çəkdi…

Sadə, sakit, səmimi bir Şəhid ailəsi…

Sonra sağollaşıb Şəhidimizin ailəsindən, ocağından ayrıldıq…

Allah Dərdli və Qürurlu ailəsinə səbr və dözüm versin!

Böyük Yaradan dərgahını mübarək etsin!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Elməddin Hüseynzadənin-24 YAŞI TAMAM OLDU, CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİMDƏ DUYĞULU, KÖVRƏK ANLAR YAŞANDI… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

“Rusiya qazının pulunu rublla ödəməyəcəyik”- AVROPA KOMİSSİYASININ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir