“Övladlarımın xatirəsini başqa cür yaşada bilməzdim…”-SEVİNC ƏHMƏDOVA – AYB-DƏ “ŞƏHİDLİYİN ƏLİ VƏ İSLAM ZİRVƏSİ” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidləri-Şəhid qardaşlar Əli və İslam Əhmədovların xatirəsinə həsr olunmuş “Şəhidliyin Əli və İslam Zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, kitabın müəllifi tanınmış şair-publisist Nəcibə İlkindir.

Tədbirdə Şəhid qardaşların anası Sevinc Əhmədova, Şəhid, ailənin tək və nişanlı oğlu Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Şəhid, ailənin tək övladı Qadir Heydərovun atası Ədalət Heydərov, Şəhid, Mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu, ədəbi tənqidçi, AYB İdarə Heyətinin üzvü Əsəd Cahangir, sözügedən kitabın müəllifi Nəcibə İlkin, Mingəçevirdən olan məktəblilər, yazıçılar, şairlər, publisistlər iştirak ediblər.

Tədbirin aparıcısı Əsəd Cahangir bildirib ki, Şəhid anaları, Şəhid valideynləri o məğrur, o qədər dəyanətlidirlər ki, “Vətən sağ olsun!”-deyərək, övladlarını Vətən yolunda qurban veriblər.

“Bu qədər Məğrur, bu qədər Dəyanətli olmaq heç də hər kəsin işi deyil. Amma Şəhid anaları, Şəhid valideynləri öz məğrurluqları, öz dəyanətlikləri ilə qarşımızda dayanıblar. Məhz belə anaların, belə valideynlərin də belə İgid, Qəhrəman övladları olmalıydı. Ona görə Şəhidlərimiz nə qədər ehtirama layiqdirlərsə, Şəhid anaları, Şəhid valideynləri o qədər ehtirama layiqdirlər”-deyən Ə.Cahangir eyni zamanda, Şəhidlərin şairlərə, qələm adamlarına ilham verdiyini dilə gətirib.

Sonra söz Şəhid qardaşların anası Sevinc Əhmədovaya verilib.

“Əli çox sakit təbiətli idi, İslam isə dəli-doluydu. Əli ataları rəhmətə getdikdən sonra evin yükünü çiyinlərində daşıyırdı. Əli mənim həm övladım, həm dostum, həm də sirdaşım idi. Hər sirrimi onunla bölüşürdüm. Bir-birimizdən ayrı sirrimiz olmazdı. Həm də qardaşına arxa-dayaq idi. Əli tələbə olan vaxt İslam əsgərlikdə idi. Demək olar ki, hər həftə onun yanına gedir, onu yoxlayırdı. İslam 6 il Orduda MAXE kimi fəaliyyət göstərdi. Əli də son üç ildə həyatını Ordu, hərb ilə bağlamışdı. O da MAXE kimi fəaliyyət göstərirdi. Hər ikisi də eyni gündə, sentyabrın 27-də Şəhid oldu və sentyabrın 28-də dəfn edildilər”-deyən S. Əhmədova bildirib ki, bundan sonra övladlarının xatirəsinin yaşadılması, yaşaması üçün ayaqları üstündə durmağa çalışacaq.

“Bu kitabı da ona görə yazdırdım ki, övladlarımın xatirəsi yaşasın, gələcək nəsillər Əli və İslamı tanısın, onlarla Fəxr etsinlər. Çünki övladlarımın xatirəsini başqa cür yaşada bilməzdim”-deyə, S. Əhmədova sözlərinə əlavə edib.

Daha sonra Şəhid Fəxri Qəribzadınin anası Mehparə Qəribova, Şəhid Qadir Heydərovun atası Ədalət Heydərov və Şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu çıxış edərək, Şəhidlərin xatirəsinin yaşadılması istiqamətində atılan bütün addımları müsbət, razılıq hissi ilə qarşıladıqlarını bildiriblər.

Təqdimatda digər iştirakçılar da çıxış edib, Şəhidləri, Şəhidlərin xatirəsini unutmağa heç kimin haqqı olmadığını bildiriblər.

Tədbirin sonunda sözügedən kitabın müəllifi Nəcibə İlkin çıxış edib və təqdimata gələn, xoş, səmimi sözlər söyləyən hər bir kəsə minnətdarlığını bildirib.

Təqdimat mərasimi 4 saata yaxın davam edib.

Sonda xatirə fotoları çəkdirilib.

18:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

22 yeni yoluxma-ÖLÜM FAKTI QEYDƏ ALINMAYIB

Read Next

“Övladlarımı, canımı, hər şeyimi Vətənə qurban verdim…Dövlətimdən yeganə istəyim odur ki, onların ev-muzeyini dövlət muzeyi kimi qeydiyyata alsın, yurdlarının dağılmasına imkan verməsin”-ŞƏHİD QARDAŞLAR – ƏLİ VƏ İSLAM ƏHMƏDOVLARIN ANASI ÖLKƏ RƏHBƏRLİYİNƏ SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir