Övladlarının, Şəhidlərinin ili yaxınlaşır…Amma hələ də kirayələrdə, daxmalarda, yataqxanalarda yaşayırlar-MEHPARƏ XANIM, TƏNZİLƏ XANIM, LƏTAFƏT XANIM, AKİFƏ XANIM, SAYAD XANIM, ƏZİM HƏSƏNOVUN AİLƏSİ, VALİDƏ XANIM…

Qarşıdan tarixi İkinci Vətən Müharibəsinin başlamasının və Şəhidlərimizin Şəhidliyinin, əbədiyyətə uğurlanmasının, torpağa tapşırılmasının bir ili gəlir, bir ili tamam olur…

Acı və təəssüfedici olsa da, bu, bir gerçəklik və reallıqdır ki, Şəhidlərimizin böyük əksəriyyəti imkansız, kasıb ailələrin övladlarıdır…

Şəhidlərimizin içində, arasında hətta hər iki valideynini itirmiş, uşaq-körpələr evində böyümüş və ya valideynləri tərəfindən tərk edilmişləri var…

Şəhidlərimizin az olmayan bir qismi isə ya atalarını illər öncə itirmiş, ya da ata adını daşımağa layiq olmayan ataları tərəfindən tərk edilərək, taleyin amansız ümidinə buraxılmış, analarının himayəsində böyümüş, böyüdülmüşlərdir…

Daha bir təəssüfedici, incidici məqam….Şəhidlərimizin böyük əksəriyyəti evin, ailənin tək övladı və yaxud tək oğullarıdır…

Şəhidlərimizin bir çoxu, xüsusilə, ataları tərəfindən tərk edilmişlərin, analarının himayəsində böyümüşlərin bir çoxu uzun illər boyu kirayələrdə yaşamış, kirayələrdə ömür çürütmüşlərdir…

Şəhidlərimizin ili yaxınlaşır, hələ də bir çox Şəhid ailəsi, Şəhid anası kirayələrdə yaşamaqda, ömür çürütməkdədirlər…

Bəziləri isə ev adına ləkə, təhqir olan daxmalarda, kümələrdə ömür sürdürməkdədirlər…

Bir tərəfdən övlad itkisi, övlad acısı, bir tərəfdən də şəraitsiz, rütubətli, darısqal, normal, insan kimi yaşamağa imkan verməyən kirayə evlərdə və ya daxmalarda yaşamaq, çürümək dərdi, acısı…

Bəli, məhz çürümək, çürüdülmək…Bunun başqa adı, izahı yoxdur…

Çünki dəfələrlə yazılsa da (yazsam da), yuxarı instansiyalara, aidiyyatı qurumlara müraciətlər edilsə də, yenə də heç bir müsbət cavab, heç bir irəliləyiş, hərəkət yoxdur…

Konkret olaraq, Bərdənin Güloğlular kəndindən olmuş, uşaqkən atası tərəfindən tərk edilmiş, atılmış, uzun illər anası və bacısı ilə Bakıda kirayə evdə yaşamış Şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım, Mehparə Qəribova hələ də evlə, mənzillə təmin olunmayıb…

Tək oğul övladını Vətən yolunda Şəhid vermiş Şəhid anası hələ də kirayədə yaşamaqda, bəzən də böyük ailə tərkibi olan qızının evində qalmaqdadır…

Övladının ili yaxınlaşır, ancaq Şəhid anası hələ də Şəhidinin ilini harada verəcəyini, keçirəcəyini bilmir…

Vəziyyətindən, acınacaqlı, içlər, ürəklər dağlayacaq durumundan da hər kəsin, hər bir dövlət qurumunun xəbəri var…Amma daşdan səs var ki, onlardan yox…

İki oğul övladı ilə uzun illər öncə həyat yoldaşı tərəfindən tərk edilən və 20 ilə yaxındır kirayədə yaşayan Akifə Həmid qızı Ağayeva

Kürdəmirli Şəhidimiz Adəm Əliyevin anası…

Hələ də tək oğul övladı ilə kirayədə yaşamaqdadır… Olduqca şəraitsiz, darısqal, rütubətli bir kirayə evdə…

Şəhid anası dövlətdən, kimsədən də ev, mənzil istəmir, sadəcə, kirayə qaldıqları, Şəhidinin anıları, ayaq izləri olan Üzeyir Hacıbəyov küçəsində boş sahədə onlara 2-3 sotluq torpaq sahəsinin ayrılmasını istəyir…

Amma ötən 10-11 ayda Şəhid anasının başına gəlməyən, gətirilməyən oyun yoxdur, qalmayıb…Haqsızlıq, zülm ərşə dirənib…

Və Şəhid anası tək övladı ilə hələ də kirayədə çürüməkdə, çürüdülməkdədir…

Və övladının ilinin harada verəcəyini, keçirəcəyini belə bilmir, bu acı, bu ağrı ilə yaşayır…

Daha bir Şəhid anası…

Bakılı, atasını bir neçə il öncə itirmiş, Bakıda olduqca şəraitsiz bir evdə, kirayədə yaşamış və evin-ailənin tək övladı olmuş Şəhid Yusif Budaqovun anası Lətafət xanım…

Tək-təhna, kimsəsiz qalmış Şəhid anası…

Lətafət xanım da kirayədə yaşamaqda və olduqca şəraitsiz bir evdə həm bala dərdi çəkməkdə, həm də ömür çürütməkdədir…

Şəhid anasının ev, mənzil məsələsini hələ də həll edən yoxdur…

Sadəcə, hərə biz söz. bir vəd verməklə məşğuldur…

Əslən Siyəzənli, illər öncə atası tərəfindən tərk edilmiş, anası və bacısı ilə Bakıya köçmək, kirayələrdə yaşamaq məcburiyyətində qalmış Şəhid Rəşid Həmidovun anası Tənzilə xanım…

Tək oğlunu Şəhid vermiş Tənzilə xanım və qızı hələ də Bakıda, Nərimanov rayonunda kirayədə qalmaqda, yaşamaqdadır…

Üstəlik də Şəhid anası və bacısı heç bir yerdə işləmir, cəmi 250 manatlıq müavinətin umuduna yaşayırlar…

Buna da əgər yaşamaq demək mümkündürsə…Kimsə də onlarla maraqlanmır…

Mingəçevirli Şəhid, evin-ailənin tək oğlu olmuş, ali təhsilli Əzim Həsənovun ailəsi…

Əzim Həsənovun anası, atası və tək bacısı 20 ildən çoxdur ki, Mingəçevirdə, “QRES” qəsəbəsində vaqon evdə yaşamaqda, ömür çürütməkdədir…

Şəhidimiz əslən Ağdamlıdır…

Amma bugünədək nə Ağdam rayon İcra Hakimiyyəti, nə də Mingəçevir şəhər İcra Hakimiyyəti bu ailəni sahiblənir…

Heç biri bu ailəyə yaxın durmur…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi də bu ailənin evlə, mənzillə təmin olunması istiqamətində indiyədək heç bir addım atmayıb…

Eləcə də yuxarıda adları çəkilən digər Şəhid ailələri ilə bağlı…

Tək övladını Şəhid vermiş Validə Hacıyeva, tək oğlunu itirmiş Şəhid anası Sayad xanım, həyat yoldaşını itirmiş, 19 yaşında bir övladı ilə dul qalmış Gülü Rzayeva, həyat yoldaşını itirmiş, iki övladı ilə 24 yaşında dul qalmış Günay Həmidova

Onların da durumu içlər acısıdır…

Bəli, bu siyahını uzatmaq, artırmaq da olar…

Neçə-neçə Şəhid ailəsi, tək oğlunu Şəhid vermiş Şəhid anası bu gündə, bu acınacaqlı durumdadır…

Cənablar, yoldaşlar, əfəndilər…ayılın, yuxudan oyanın…

Bala, övlad dərdi ilə qovrulan Şəhid ailələrinə, Şəhid analarına sahib çıxın, yiyələnin…

Onlara Haqq etdikləri münasibəti, sayğını göstərin…

Vəzifənizi yerinə yetirin, icra edin…

Ayılmaq, oyanmaq, yatmış, susmuş vicdanlarınızı oyatmaq, oyandırmaq zamanıdır!

Bu oğullar, bu övladlar sizlər, bizlər üçün, Vətən yolunda Şəhid olublar…

Bunu unutmayın, bunu unutmayaq, unutmağa da haqqınız, haqqımız yoxdur, elə edin, elə edək ki, onlar Haqqını bizə, sizə halal etsinlər!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ali məktəblərə elektron qeydiyyat başlayır- BU GÜNDƏN

Read Next

16-18 yaşlı yeniyetmələrə peyvənd vurdurmaq üçün valideynlərin razılığı tələb olunacaq-QƏRAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir