“Özüm Şəhid qardaşıyam, ittiham irəli sürərkən bilsinlər ki, kimi və nədə ittiham edirlər”-ÇİNGİZ ABDULLAYEVDƏN AÇIQLAMA GƏLDİ – (ÖZƏL)

Mənim qardaşım Şəhid olub, mən Şəhid qardaşıyam. Mənim qohumlarım müharibədə iştirak ediblər və onlardan Şəhid olanları var.

Bunu Etikxeber.az-a özəl açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin Birinci müavini Çingiz Abdullayev sosial şəbəkələrdə onun ünvanına səsləndirilən ittihamlara cavabında bildirib.

“Ermənilər dəfələrlə mənim üzümə, üzümüzə deyirdilər ki, biz Əsgər xalqıq, döyüş xalqıyıq, siz isə ticarət xalqısınız. Biz sizi birinci müharibədə udmuşuq, ikinci müharibədə isə uduzmuşuq. Mən isə onlara deyirdim ki, bunlar ağ yalandır, siz yalan danışırsınız. Çünki Birinci Qarabağ Müharibəsi zamanı bizdə ordu yoxuydu, 5 il ərzində az qala 7 dəfə hakimiyyət dəyişmişdi, ölkədə hakimiyyətsizlik idi. Sizlər-ermənilər isə bu qarışıqlıqdan istifadə edib, bizim torpaqlara girdiniz və torpaqlarımızı işğal etdiniz. Mən bunu onların üzünə demişəm. Bəli, 1993-94-cü ilə qədər bizdə ordu yoxuydu. Müharibə isə iki ordu arasında olur. Bizdə ordu olsaydı, o zaman Xocalı faciəsi olmazdı, Şuşa, Laçın, Kəlbəcər və digər rayonlarımız işğal edilməzdi.

O vaxt rəhmətlik Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi və bizi xilas etdi. O zaman müharibəni dayandırdı, atəşkəsə imza atdı və bundan sonra ordu quruculuğuna başladı. Bizdə ordu Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yaranmağa başladı və ölkə Prezidenti İlham Əliyevin dövründə ordumuz daha da möhkəmləndirildi, daha da gücləndirildi, əsl ordu yarandı. Və biz müharibəni udduq. Biz qəhrəman xalqıq, biz Əsgər, döyüşkən xalqıq. Mən bunu demişəm. İndi kimlərsə bilib-bilmədən mənim adımı hallandırmağa çalışırlarsa, cox səhv edirlər, bəlkə də özləri də bilmədən ermənilərə işləyirlər. Yenə deyirəm: mən özüm Şəhid qardaşıyam, qohumlarım müharibədə iştirak ediblər və içlərində Şəhid olanları var. İttiham edərkən, bilsinlər ki, kimi və nədə ittiham edirlər”-deyə, Xalq yazıçısı sözlərinə əlavə edib.

Qeyd edək ki, sosial şəbəklərdə Ç. Abdullayevin “Birinci Qarabağ Savaşı olmayıb” fikrini səsləndirməsi iddia olunub və bununla bağlı ona qarşı sərt ittihamlar səsləndirilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Rövşən Əkbərov Milli Qəhrəman adından və general rütbəsindən niyə məhrum edilməyib?-BAŞ PROKURORDAN AÇIQLAMA GƏLDİ

Read Next

Daha 1200 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir