Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Jalə ƏLİYEVA:”Heç kim, heç birimiz yenidən qapanmalara, sərtləşdirmələrə qayıdılmasının və gedilməsinin tərəfdarı deyilik…”
Yenə də təəssüf doğuracaq və üzücü mənzərə, yenə də xoşa gəlməyən, arzu olunmayan rəqəmlər, statistika.
Söhbət təbii ki, son günlər ölkəmizdə koronavirus pandemiyası ilə bağlı həm yoluxma, həm də ölüm sayında müşahidə olunan və narahatlıq doğuran artımdan gedir.
Bəli, hamımız tərəfindən dilə gətirilən, alqışlanılan, razılıqla qarşılanan son yumşaldılma qərarlarından sonra yenə bu bəla, “gizli düşmən”, “çağırıılmamış üzlü qonaq” qapımızı döyməkdə, evimizin kandarını kəsdirməkdə, bizlərə zəhərli dişlərini qıcamaqdadır.
Əgər cəmi bir ay-ay yarım öncə ölüm halları faktiki yox dərəcəsinə, yoluxma sayları 40-a, 50-yə (və ondan da az) enmişdisə, son iki həftədə yenidən “sıçrayış”, “yüksəliş” yaşanmaqda və müşahidə olunmaqdır.
Elə son-ötən günün statistikasına nəzər yetirmək kifayətdir ki, mənzərə hamı üçün tam mənada aydın olsun: 1289 yoluxma və 5 ölüm. Üzücü tablo, təhlükəli tendensiya…
Bunlar heç də keçici, sıradan rəqəmlər deyil, bunlar növbəti təhlükələrdən, bizləri gözləyə biləcək daha ciddi fəsadlar və itkilərdən xəbər verən, bir növ anons xarakteri daşıyan rəqəmlər, göstəricilərdir.

“Hamımız çox yorulmuşuq, üstəlik də ağır və üzücü 32 illik Haqq mübarizəmizdən sonra Qalibiyyət müharibəsindən, Zəfər savaşından çıxmışıq…”
Hər birimiz-kimliyindən asılı olmayaraq, bu rəqəmlərə ciddi nəzər yetirməli, ciddi düşünməli, arxayınlançılığa son qoymalı, Operativ Qərargahın, aidiyyatı qurumların qaydalarına, qərarlarına, karantin şətlərinə ciddi əməl etməliyik.
Hər kəs xüsusilə, qapalı məkanlarda-ictimai nəqliyyatda, restoranlarda, şadlıq evlərində tibbi maskalardan birmənalı və sözsüz şəkildə istifadə etməli, yeri gələrsə, tibbi əlcəklərdən yararlanmalı və sosial məsafəni gözləməlidirlər. Bu, hər birimizin vətəndaşlıq, insanlıq, bir-birimizə sayğı, hörmət borcumuz, həm də məsuliyyətimizdir.
Heç kim, heç birimiz yenidən qapanmalara, sərtləşdirmələrə qayıdılmasının və gedilməsinin tərəfdarı deyilik.
Hamımız çox yorulmuşuq, üstəlik də ağır və üzücü 32 illik Haqq mübarizəmizdən sonra Qalibiyyət müharibəsindən, Zəfər savaşından çıxmışıq.
Bütün uğurlarımızla bərabər, müharibədə qaçınılmaz olan itkilərimiz- Şəhidimiz, Qazimiz var…
Təbii ki, qürurluyuq, onlarla iftixar edirik, amma həm də üzülürük, kövrəyik…
Eyni zamanda, pandemiya səbəbindən əhalinin müəyyən, az olmayan kəsiminin maddi-sosial durumunda xeyli çətinliklər özünü göstərməkdədir.
Ölkəmiz, dövlətimiz, dövlət başçımız öz vətəndaşının bu bəladan qurtulması, bu çətinliklərdən az zərər görməsi üçün əlindən gələni və gəlməsi mümkün görünməyəni də edib, edir və etməkdədir.
Bu məsələdə Azərbaycan modeli ortadadır. Çoxu bizi örnək və nümunə göstərir. Belə olan halda, dövlətimizin əməyini, zəhmətini yerə vurmamalı və özümüzü daha da böyük itki, fəsadlarla üz-üzə qoymamalıyıq. İçi mən qarışıq, buna heç kimin haqqı yoxdur.
Ona görə bir Azərbaycan anası, bir Azərbaycan xanımı, bir Azərbaycan vətəndaşı, bir Azərbaycan ziyalısı olaraq, hər kəsə üzümü tutub, çağırış, səsləniş edirəm:
Gəlin sabahımız, gələcəyimiz üçün yenə həmrəy, yenə birlikdə və birgə olaq. Karantin qaydalarına və şərtlərinə əməl edək.
Özümüzü də qoruyaq, özgələrini də. Özümüzü də təhlükəyə, risqə atmayaq, özgələrini də!
İnanıram və əminəm ki, belə də olacaq,
Uca millətimiz öz həmrəyliyi ilə bu bəladan da birlikdə qurtulacaq, birlikdə xilas olacaq.
Erməniyə qalib gələn bu xalq COVİD-ə də mütləq qalib gələcək!
Bir birlikdə güclüyük və güclü olacağıq!
Jalə ƏLİYEVA,
Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini
Etikxeber.az