“Özünün də arzuların var idi…Üç övladının olmasını arzulayırdın…Hətta övladlarına adlar da seçmişdin…”-22 İYUL 2025-Cİ İL TARİXİNDƏ CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ OLAN SAMUXLU ŞƏHİD EMİL SADIQZADƏNİN ANASI ŞƏLALƏ ƏSƏDOVA – FOTOLAR – YENİLƏNİB – (1)

Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emil Əziz oğlu Sadıqzadənin doğum günüdür.

Emil Sadıqzadənin bu gün-22 iyul 2025-ci il tarixində 25 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Emil Sadıqzadənin Qovlarsarı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə-valideynlərinə, anası Şəlalə xanıma və atası Əziz Sadıqova Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki beşinci doğum günü təbrik edilib.

Şəhidin anası Şəlalə xanımın dediklərindən:

“Emil, mən sənə belə ad günü keçirmək istəməzdim…İstəyərdim ki, özün də ad günündə iştirak edəsən…Amma beş ildir ki, məzarını, qara daşları qucaqlayıram, doğum gününü məzarın başında keçirirəm bala…Mənim bu günyadan cavan, toysuz köçən balam…Axı, özünün də arzuların var idi…Üç övladının olmasını arzulayırdın…Hətta övladlarına adlar da seçmişdin…Niyə belə etdin, niyə bizləri gözləri yaşlı qoyub getdin?!…”

Şəhidin məzarını ziyarətdən sonra isə Samux rayon məscidində məclis düzənlənib, adına ehsan verilib, bir daha ruhuna dualar olunub.

Qeyd edək ki, məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Emil Sadıqzadə 2000-ci ilin iyul ayının 22-də Samux rayonunun Qovlarsarı kəndində, sadə bir ailədə dünyaya gəlib.

 Ailənin 3 övladından biri, 2 bacının tək qardaşı, evin sonbeşiyi olub.

Bacılarından biri hazırda ailəlidir və Gəncə şəhərində yaşayır.

Uşaqlıqdan musiqiyə, qarmona böyük həvəsi olub, həm özünün, həm də ailəsinin istəyi ilə musiqi məktəbinə, qarmon sinfinə gedib.

Sonra musiqi təhsilini davam etdirib, Gəncə Musiqi Kollecinə daxil olub və oranı bitirib.

Kolleci bitirdikdən sonra, 2019-cu ildə hərbi xidmətə yollanıb.

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də Azərbaycan Ordusunun Əsgəri-Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş istehkamçısı, kəşfiyyatçısı kimi döyüşlərdə iştirak edib.

19 günlük şərəfli döyüş yolu keçib.

Murov, Kəlbəcər, Xocavənd, Füzuli və Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak edib.

Oktyabr ayının 15-də isə ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, 16 oktyabr tarixində Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılıb.

O, həm də Qovlarsarının yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra  “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalı və digər medallarla təltif olunub.

20 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalan Emil subay olub.

Qovlarsarıda adını daşıyan küçə var.

Ailəsi, valideynləri isə həm də Qovlarsarı kənd orta məktəbinə Emil Sadıqzadənin adının verilməsini istəyir.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

15:00

***

FOTOLAR:

16:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə əlaqədar komissiya yaradıldı-BİRGƏ MƏLUMAT

Read Next

“Mənzilə ehtiyacımız var, çünki…”-MİNGƏÇEVİRLİ ƏLİL ANASI MEHRİBAN ƏLİYEVADAN KÖMƏK İSTƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir