Palata sədri: “8 istiqamət üzrə 825 nöqsan və pozuntu halına yol verilib…” – YENİLƏNİB (2)

Pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib…”

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  Milli Məclisdə (MM) adıçəkilən qurumun növbəti hesabatının müzakirəsi zamanı bir çox məqamlara toxunub.

Etikxeber.az-ın xəbərinə görə,V. Gülməmmədov çıxışında qeyd edib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib.

Palata sədri əlavə edib ki, 2015-ci ilin İş planına daxil olan və nəticələri hesabat ilində yekunlaşan 2 audit də nəzərə alınmaqla 2016-cı ildə 76 nəzarət tədbirinin nəticəsi ilə bağlı qərar qəbul edilib, Azərbaycan Dövlət İqtisad Universitetində həyata keçirilmiş tədbirin nəticələrinin yekunlaşdırılmaması səbəbindən həmin auditlə bağlı məlumatlar növbəti ildə fəaliyyətlə bağlı hesabata daxil ediləcək.
“2016-cı ilin iş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8% az olub. Bununla belə, hesabat ilində nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 34,2% çox olub. Hesabat ilində aparılmış audit ilə ümumilikdə 5 mlrd. 606,5 mln. manat vəsait əhatə olunub ki, bunun 3 mlrd. 19,6 mln. manatı və ya 53,9%-i dövlət büdcəsinin xərcləri, 277,3 mln. manatı və ya 4,9%-i büdcədənkənar fondların vəsaitləri, 2 mlrd. 309,6 mln. manatı və ya 41,2%-i isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə olub. Eyni zamanda, hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbirləri 87,9 mln. dollar məbləğində vəsaiti əhatə edib”, – deyə o bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirlərini əhatə edən və hesabat ilində yekunlaşan 2 tədbir vergi inzibatçılığının təşkil edilməsi, həmçinin vergi qanunvericiliyinə riayət olunması vəziyyəti ilə bağlı olub: “7-si analitik təhlil olmaqla 69 nəzarət tədbiri dövlət büdcəsinin xərclərini əhatə edib. Bununla yanaşı, hesabat ilində iki audit dövlət zəmanəti ilə alınmış kreditlər üzrə, bir analitik təhlil isə büdcə kəsiri ilə bağlı olub”.

V. Gülməmmədov bildirib ki, ötən il 8 istiqamət üzrə 825 nöqsan və pozuntu halına yol verilib: “Hesabat ilində mühasibatlıq, büdcə vəsaitlərindən istifadə və satınalmalar zamanı nöqsanlara daha çox yol verilib. Dövlət satınalmaları sahəsində zəruri sənədlərin təqdim edilməməsi, vəsaitlərin səmərəsiz istifadə və digər pozuntular qeydə alınıb”.

 

***

Palata sədri sonra deyib ki, 2016-cı il üzrə nəzarət tədbiri kimi audit aparılan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam-tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olub.

V. Gülmməmmədovun  sözlərinə görə, bəzi qurumlar tərəfindən nöqsan və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib.

“Həmçinin, bu tədbirlərin preventiv xarakter daşımasını nəzərə alaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi kifayət qədər sərt olmayıb” – deyə, o,vurğulayıb.

 

Etikxeber.az

 

Read Previous

Siyavuş Novruzov bankları “topa” tutdu: “Onların ciddi nöqsanları nəticəsində… “

Read Next

İctimai TV-nin Yayım Şurasına yeni üzvlər seçildi – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir