“Pambıqçı qızlar mat qalmışdılar…” – Fərhad Bədəlbəyli

“Niyazi bizim üçün nəinki böyük maestro, böyük bəstəkar, həm də çox əziz bir insan idi. Onların evində biz ikinci konservatoriyanı qurtarmışıq. Mən, Polad, Müslüm, Xuraman, Fidan konsertlərdən sonra saat 4-ə, 5-ə qədər o evdə əyləşir və musiqi haqqında danışırdıq. O evdə çox görkəmli musiqi xadimləri olub – Şostakoviç, Rixter, Koqan, Rostropoviç, Oystrax və başqaları. Maestro həmişə konsertdən sonra evində süfrə açırdı. Bu baxımdan da o, yeganə bəstəkar idi. Hətta bəzi bəstəkarların əsərlərinin premyerası olurdu, amma bəstəkar yox, maestro qonaqlıq verirdi. O, belə qonaqpərvər idi. Onun evində həqiqətən xüsusi bir ab-hava var idi”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib.

Onun sözlərinə görə, Şostakoviç gözəl deyib ki, Azərbaycan bəstəkarları xoşbəxtdirlər, çünki bu ölkədə Niyazi var.

O, deyib ki, maestro Niyazi onun bütün əsərlərini həqiqətən də hər yerdə – Praqada, Londonda, Parisdə ifa edirdi:

“Vaxtilə Leninqradda məşhur Marinski Opera Teatrının baş dirijoru idi. Arif Məlikovun “Məhəbbət əfsanəsi”ni Leninqradda məhz maestro Niyazi səhnəyə qoydu. Həmin premyeradan sonra bu balet bütün dünyaya yayıldı. Bu əsər artıq 60 ölkədə ifa olunub.

Maestro Niyazi, əlbəttə, Qara Qarayevlə, Fikrət Əmirovla işləyirdi və onların yeni əsərlərinə birinci dirijorluğu da o, edirdi. Maestro Niyazi əsl xalq adamı idi. Məsələn, biz yayın isti günlərinin birində rayondan qayıdarkən gördük ki, qızlar pambıq yığırlar. Günün qızmar çağı idi, isti hamımızı əldən salmışdı. Maestro dedi ki, dayanın, hamınız avtobusdan düşün, qızlar üçün konsert verəcəyik.

Həqiqətən pambıqçı qızlar mat qalmışdılar. Böyük maestronun rəhbərliyi ilə musiqiçilər onlar üçün Üzeyir bəyin uvertürasını ifa edirdilər…”-deyə, Xalq artisti sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Lukaşenko Rusiyanı dövlətlərarası müqavilələri pozmaqda günahlandırdı

Read Next

“Putinə dedim: bilirsən, biz Azərbaycandan bir tanker neft gətirmişik…” – LUKAŞENKO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir