“Pandemiya bitəndən sonra ilk səfər edəcəyim ölkələrdən biri Pakistandır…”-SPİKER – MM PAKİSTANLA SAZİŞİ RATİFİKASİYA ETDİ – FOTO

Pakistan bizə qardaş və dost ölkədir. Hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan 822 nömrəli qətnamə qəbul olunanda həmin iclasa Pakistan sədrlik edirdi.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məlumat verən. parlamentin komitə sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, 2000-ci illərdə məsələyə BMT-nin Baş Assambleyasında baxılanda da Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

“Bu günə qədər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən çoxsaylı qətnamələr, sənədlər qəbul edib. Bu günə kimi Pakistanın Ermənistanın diplomatik əlaqələri yoxdur. Bizim də Pakistana münasibətimiz adekvatdır”.

“Pakistanda bu yaxınlarda İƏT PA-nın böyük sammit olmalı idi. Fikirləşirdik ki, böyük nümayəndə heyəti ilə həmin sammitə qatılaq”.

Bunu isə MM-in sədri Sahibə Qafarova deyib.

O, bildirib ki, pandemiya səbəbindən bu səfər təxirə düşüb:

“Pandemiya bitəndən sonra ilk səfər edəcəyim ölkələrdən biri Pakistandır. 44 günlük Vətən müharibəsi dövründə də mənim Pakistandan olan həmkarımla iki dəfə telefon danışığım olub. Bizim dəvətimiz də onlara çatdırılıb. Amma pandemiya səbəbindən səfərlər hələ ki, alınmır”.

MM-in digər komitə sədri Siyavuş Novruzov öz növbəsində qeyd edib ki, dost və qardaş ölkələrlə təkcə fövqəladə hallar deyil, digər sahələrdə də bu cür sazişlər sayı artırılmalıdır:

“Avropanın enerji təhlükəsizliyindən Azərbaycanın əhəmiyyətli rol oynamasına baxmayaraq, Avropa dövlətləri tərəfindən Azərbaycanın ədalətli mövqeyinə lazımi dəstəyi görmürük. Orada Ermənistanı dəstəkləyən dövlətlər var. Hətta xəritədə yerini bilməyən bəzi cırtdan dövlətlər öz parlamentlərində Azərbaycan əleyhinə qərarlar, qətnamələr qəbul etməyə cəhd göstərirlər. Belə olan halda Pakistan kimi dövlətlərin mövqeyi bizim üçün ən öncül yerdədir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əhməd Əhmədzadə vəzifəsindən-ÇIXARILDI…

Read Next

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda uşaq bağçalarının da-FƏALİYYƏTİ DAYANDIRILIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir