Paralimpiyaçılarımız XV Yay Paralimpiya Oyunlarında iştirak üçün Braziliyaya yola düşdü

paralimp

Nazir müavini:Hamını paralimpiyaçılarımıza dəsdək verməyə və yarış ərzində azarkeşlik etməyə çağırıram

Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın paralimpiya yığması və nümayəndə heyətinin Braziliyaya yolasalma mərasimi keçirilib.

Etikxeber.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilən mərasimdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Komitə rəsmiləri, idman ictimaiyyəti, idmansevərlər və KİV-lərin nümayəndələri iştirak ediblər.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan komitənin prezidenti Paralimpiya hərəkatının inkişafında görülən işləri yüksək qiymətləndirib.

Paralimpiyaçılarımızın dördilliyin zirvə yarışına plana uyğun hazırlığından danışan İ.Rəhimov idmançılarımızın potensialından danışıb və ölkəmizin “Rio-2016”da güclü heyətlə təmsil olunacağını deyib.

İ.Rəhimov Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib. Olimpiya millimizin “Rio-2016”da uğurlu çıxışının paralimpiyaçılarımızı yeni qələbələrə ruhlandırdığını vurğulayan İ.Rəhimov Paralimpiya Oyunlarında Azərbaycanın üçrəngli bayrağının dalğalanacağına və dövlət himninin səslənəcəyinə inandığını deyib: “Paralimpiyaçılarımız Rioya qələbə üçün gedirlər. Əminəm ki, onlar olimpiyaçıların başladığı zəfəri davam etdirəcəklər və Vətənimizə qalibiyyətlə dönəcəklər. Hamını paralimpiyaçılarımıza dəsdək verməyə və yarış ərzində azarkeşlik etməyə çağırıram”.

Rio-de-Janeyroya 27 idmançı yola düşüb. İdmanın altı – cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 44-dür. Bu rəqəmləri “London-2012” ilə müqayisə etdikdə, 6 idmançı və 8 lisenziya çoxdur. Heyət daha çox gənclərdən ibarətdir.

Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılacaq. İki gün sonra isə Rionun nəhəng Marakana stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq. Açılış üçün sürpriz də hazırlanıb.

Ümumilikdə, paralimpiyaçılarımız mötəbər turnir öncəsi yüksək səviyyədə hazırlıq keçiblər. London-2012 başa çatdıqdan sonra yeni proqram üzrə hazırlığa start verən idmançılar üçün hər cür şərait yaradılib. Hazırlıqlara təlim-məşq toplanışları, beynəlxalq yarışlarda çıxışlar, maddi-texniki bazanın genişləndirilməsi və digər məsələlər daxil edilib.

Son dörd il ərzində paralimpiyaçılarımızın 161 medal qazanıblar. Bunların 64-nün qızıl, 57-nin gümüş, 40-ı isə bürünc olub. Hesabat dövründə iki paralimpiyaçımız dünya rekordunu yeniləyiblər. Milli komandamızın üzvləri 61 təlim-məşq toplanışında iştirak ediblər. Bu hazırlıq proseslərindən 17-si xaricdə, 44-ü isə respublikamızda təşkil olunub.

Qeyd edək ki, XV Yay Paralimpiya Oyunları sentyabrın 7-dən sentyabrın 18-dək Rio-de-Janeyroda keçiriləcək.

Etikxeber.az

Read Previous

İlham Əliyev: “Azərbaycanı sevəcək və sonra ola bilər ki, turist kimi də ölkəmizə qayıdacaqsınız”

Read Next

Zəvvarların Həcc ziyarəti başlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir