Parlamentdə üçgünlük büdcə müzakirələri başlandı… – YENİLƏNİB (4)

Elman Rüstəmov: “Manatın daha əhəmiyyətli möhkəmlənməsi bir sıra makro və mikro risklərin reallaşmasına yol açardı…”

Ziyad Səmədzadə: “2018-ci il üçün neftin 1 barelinin 45 dollardan götürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək”

Milli Məclisin (MM)  noyabrın 21-də keçirilən plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsinə başlanılıb.

Etikxeber.az-ın məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.

İclasa baş nazir Artur Rasizadə olmaqla, hökumət nümayəndələri də qatılıb.

oqtay-1

 

***

“Prezident ilham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində qlobal iqtisadiyyatda baş verən maliyyə böhranlarının Azərbaycan iqtisadiyyatına təsirinin qarşısını almağa imkan verib”. Bunu O. Əsədov deyib.

“Yürüdülən iqtisadi siyasət makroiqtisadi təhlükələrin qarşısını almağa imkan verib. Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılması və Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafına zəmin yaradıb. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə qeyri-neft sektorunun payı 50%-dək yüksəlib. 2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. Xərclərin 33,5%-nin sosial sahəyə ayrılması bunu bir daha sübut edir. Növbəti ildə iqtisadi artım proqnozlaşdırılır. 2018-ci ilin dövlət büdcəsi nəzərdə tutulan layihələrin reallaşmasına imkan verəcək” – deyə,  spiker vurğulayıb.

***

ziyad

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2018-ci ilin dövlət büdcəsində 1 barrel neftin qiyməti 45 dollardan götürülüb: “Bu rəqəm daha çox və ya daha az ola bilərdi. Birinci halda hökumət risklərə məruz qala, ikinci halda isə iqtisadi-sosial inkişafımızdan geri qala, bir sıra mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşə bilərdik”.

Onun sözlərinə görə, 2018-ci il üçün neftin 1 barelinin 45 dollardan götürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək: “Biz təhlillər apardıq. Son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri 1-2 il istisna olmaqla ildə cəmi 1,8-2 mlrd. manat artır. Ən yüksək artım 2007-2008-ci illərdə baş verib. Bu illərdə dövlət büdcəsinin gəlirləri 4 mlrd. manat artıb. Bu zaman neftin qiyməti 71 dollardan 96,5 dollara qədər artıb. İkinci hal 2011-ci ilə təsadüf edir. Bu zaman dövlət büdcəsinin gəlirləri 4,3 mlrd. manat artıb. Bu zaman neftin qiyməti 79 dollardan 104 dollara qalxmışdı. Bu gün isə biz büdcə gəlirlərinin 3,3 mlrd. manat artmasını təmin edirik”.

Komitə sədri sonra deyib ki, belə bir yanaşma Azərbaycan hökumətinin son illərdə apardığı iqtisadi siyasət nəticəsində iqtisadi potensialın möhkəmlənməsi, yaradılan yeni müəssisələr, yeni iş yerləri və sairinin nəticəsində mümkün olub:

“Son 10 ildə Azərbaycan Respublikası Neft Fondundan büdcəyə 76 milyard dollar transfert edilib. Bu, böyük rəqəmdir. Bu transfert olmasaydı, Azərbaycan risklərlə üzləşə bilərdi. Biz hamımız bilirik ki, qloballaşan dünyada Azərbaycan balaca ölkədir və nə qədər təzyiqlər var”.

Komitə sədrinin sözlərinə görə, hökumətin neftin qiyməti, Dövlət Neft Fondunun vəsaitlərindən istifadə edilməsi ilə bağlı yanaşması milli iqtisadiyyatın inkişafı, qlobal risklərdən qorunmaq üçün möhkəm iqtisadi baza yaratmaq baxımdan kifayət qədər məqbuldur:

“Neftdən asılılığın çox olması, Neft Fondundan transfertlərin çox olması və sair kimi halların arxasında obyektiv olaraq Azərbaycan dövlətinin iqtisadi potensialının qüvvətlənməsi durur. Əgər Neft Fondundan ayırmalar olmasaydı, “Əsrin müqaviləsi” bağlanmasaydı, biz bu müqavilə hesabına Azərbaycana daxil olan gəlirlərin bir hissəsini irimiqyaslı layihələrə yönəltməsəydik, bizim bu gün  iqtisadi müstəqilliyimizdən söhbət gedə bilməzdi”. 

 

Z. Səmədzadə əlavə edib ki, Azərbaycan dövləti bu siyasəti davam etdirəcək.

***

samirrr

“2018-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən 2018-2021-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb”.

Bunu isə maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında görülən iqtisadi siyasət tədbirləri hədəflənən nəticələrə, yəni ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına, milli valyutanın məzənnəsinin sabitləşdirilməsi və ona olan inamın bərpa olunmasının ilkin mərhələsinin təmin olunmasına cari ilin əvvəlindən ötən dövr ərzində nail olduğunu göstərir:“Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatında geriləmənin surəti 3,9 faiz-bənddən 0,6 faiz-bəndə qədər azalıb. Məqsədyönlü siyasət nəticəsində ölkədə qeyri-neft sektoru üzrə 2,5%-lik real artıma nail olunub. Bundan başqa, ticarət və tədiyyə balansı üzrə müsbət saldoya doğru meylləri güclənib. Ticarət dövriyyəsində 4,4 milyard dollar müsbət saldo əldə edilib, o cümlədən dövlətin qeyri-neft sektorunun inkişafına artan maliyyə dəstəyi və qeyri-neft ixracının stimullaşdırılması hesabına dövlətin valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, ixrac üzrə xarici ticarət dövriyyəsinin ölkəyə valyuta axınının artması və digər fiskal və monetar tədbirlərin həyata keçirilməsi hesabına 2017-ci ilin əvvəlinə nisbətən 9 ayda icmal büdcəsini kəsiri 12 faiz-bənd azalıb. Belə ki, proqnozlaşdırılan 11,3%-lik icmal büdcənin kəsiri əvəzinə 1,2% səviyyəsində profisit əldə edilib. Dövlət sektorunun məcmu valyuta ehtiyatları isə 10%-dən çox artıb”. Nazir qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib. S. Şərifov həmçinin deyib ki, növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır.

***

shahin-nazir

“Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq, özünüməşğulluq proqramı genişləndiriləcək”. 

Bunu öz növbəsində iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, gələn il aqrar sektorda 6,2% artım gözlənilir: “Aqroparklardakı işlər üçün 133 mln. manat dövlət investisiyası olmaqla 219 mln. manat vəsait ayrılıb”.

Ş.Mustafayev əlavə edib ki, 2018-ci ildə xidmət sektorunda 2,7%, turizm sahəsində 6,6%, nəqliyyat sektorunda isə 2,5% artım proqnozlaşdırılır.

***

elman_rustamov

“Profisitli tədiyyə balansı şəraitində valyuta bazarında manatın məzənnəsi sabitləşib”.

Bu haqda çıxışı zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Baş bankirin dediyinə görə, manat ilin əvvəlindən 4%, fevral ayının sonundan isə 11,5% möhkəmlənib. E. Rüstəmov qeyd edib ki, son 9 ayda milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub:

“Lakin manatın daha əhəmiyyətli möhkəmlənməsi bir sıra makro və mikro risklərin reallaşmasına yol açardı. Mikroiqtisadi baxımdan başlıca olaraq yaranan yeni ixrac istiqamətlərinin və investisiyaların destimulyasiyası və rəqabət qabiliyyətinin aşağı düşməsi, makroiqtisadi baxımdan isə tədiyyə balansının pisləşməsi, idxalın artması, xarici yeni şoklara qarşı həssaslığın yüksəlməsini qeyd etmək olar. Həyata keçirilən makroiqtisadi yenidən balanslaşma neft gəlirlərindən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi pik ilindəkindən 3 dəfə azalıb və ölkənin strateji valyuta ehtiyatlarına həm nisbi, həm də mütləq qənaət edilib”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Qarabağ”–“Çelsi” matçını portuqaliyalı hakimlər briqadası idarə edəcək

Read Next

“Bakı böyüdükcə, Azərbaycan kiçilir…” – DEPUTATDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir