Parlamentdə bələdiyyələrin hesabatı-SPİKER VƏ MM MEHRİBAN ƏLİYEVANI TƏBRİK ETDİ, QÜDRƏT HƏSƏNQULUYEV BƏLƏDİYYƏLƏRİN SƏLAHİYYƏTLƏRİNİN ARTIRILMASININ TƏRƏFDARIDIR, SABİR RÜSTƏMXANLI SOYADLARLA BAĞLI MƏSƏLƏNİ QALDIRDI – YENİLƏNİB – (6)

Bu gün, martın 9-da Milli Məclisin (MM) yaz sessiyasının növbəti-4-cü plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə məsələ daxil edilib:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.

2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

7. “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

8. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Qeyd edək ki, bələdiyyələrlə bağlı hesabatı general, Ədliyyə nazirinin birinci müavini Vilayət Zahirov təqdim edəcək.

Onu da qeyd edək ki, iclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

00:02

***

MM-in iclası öz işinə başlayıbə

İclasa S. Qafarova sədrlik edir.

11:00

***

Spiker hakim Yeni Azərbaycan Partiyasının (YAP)-ın sonuncu qurulyatından, ölkə Prezidenti İlham Əliyevin çıxışından danışıb.

O, qurultayda partiyanın rəhbər orqanlarına seçilən şəxsləri, o cümlədən, YAP-çı deputatları təbrik edib, onlara göstərilən etimadı doğruldacaqlarını dilə gətirib.

S. Qafarovanın sözlərinə görə, YAP-ın son qurultayında hakim partiyada ciddi struktur və ciddi kadr dəyişiklikləri aparılıb.

Spiker eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanı YAP sədrinin birinci müavini seçilməsi ilə bağlı millət vəkilləri və YAP-çı həmfikirləri adından təbrik edib:

“Qurultayda bir sıra mühüm qərarlar qəbul edilib. Partiyamızın yeni nizamnaməsinə uyğun olaraq, Mehriban Əliyeva YAP Sədrinin Birinci müavini təyin edilib. Bütün həmfikirlərim adından Mehriban xanımı təbrik edirəm. Əminəm ki, YAP üzvləri partiyamızın Sədrinin gördüyü yeni quruculuq işlərini dəstəkləmək üçün onun ətrafında sıx birləşəcək”.

Spikerin təbriki alqışlarla qarşılanıb.

11:08

***

 Cari məsələlərin müzakirəsindən sonra Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında məsələ müzakirə çıxarılıb.

İlik məruzəni Ədliyyə nazirinin birinci müavini Vilayət Zahirov təqdim edir.

11:43

***

“2020-ci il Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası üçün xüsusilə yaddaqalan olub, 30 ilə yaxın sürən işğala dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib”-deyən V. Zahirov bildirib ki, Vətən müharibəsi dövründə Ədliyyə Nazirliyi tərəfindən də məqsədyönlü işlər aparılıb, ədliyyə və məhkəmə işçiləri, bələdiyyə nümayəndələri döyüşlərdə fədakarlıqla iştirak ediblər:

“Xarici dövlətlərin ədliyyə nazirlərinə, dünya prokurorlarına və nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın işğalçılığı, müharibə və insanlıq əleyhinə cinayətləri barədə real həqiqətlərlə bağlı müraciətlər ünvanlanıb. Ölkəmizin ədalətli mövqeyinin təbliği məqsədilə nazirlik tərəfindən Azərbaycan, rus və ingilis dillərində “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb.

Ölkə həqiqətlərini dünyaya geniş yaymaqda və erməni təbliğatını ifşa etməkdə öz imkanlarını səfərbər etməsi məqsədilə bələdiyyələrlə də məqsədyönlü iş aparılıb”.

O, bildirib ki, milli prioritetlərdə nəzərdə tutulmuş əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışdır.

“Bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən biri isə azad edilmiş yaşayış məntəqələrində yerli özünüidarə hüquqlarının təmin edilməsidir. Ölkəmizdə bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Həmin vaxtdan işğal altında olmuş 950-dən çox yaşayış məntəqəsində o vaxtdan bələdiyyə seçkiləri keçirilməyib. İşğal nəticəsində məcburi köçkünə çevrilmiş 1 milyona yaxın vətəndaşımız yerli özünü idarəetmə hüququndan məhrum olub.

Hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Bununla yanaşı, ərazilərin bərpası və yenidən qurulması, yaşayış üçün dövlət infrastrukturunun yaradılması, vətəndaşların öz ata-baba yurduna qayıtması, torpaq islahatları və digər işlər həyata keçirilməlidir. Bu işlərin həyata keçirilməsindən sonra bələdiyyə seçkilərinin keçirilməsi, yerli özünüidarəetmə sisteminin formalaşdırılması vəzifələri durur. Uzun müddət məcburi köçkün həyatı yaşamış insanların konstitusion hüquqları bərpa olunacaq”-deyə, V. Zahirov sonra qeyd edib.

12:30

***

“Bələdiyyələrin statusu artırılmalıdır”.

Bunu da çıxışında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dövlət orqanı tərəfindən 2500-dən çox bələdiyyənin fəaliyyətini fiziki baxımdan da yoxlamaq mümkün deyil.

“Bu gün ölkədə artıq bəzi rəqəmlərə görə 650 min, bəzilərinə görə 450 min qanunsuz tikili var. Bunların əksəriyyəti bələdiyyələrin verdiyi kağızlarla tikilib. 2008-ci ildən başlayaraq, Prezident İlham  Əliyev bu məsələlərə dəfələrlə toxunub. Bununla bağlı komissiya yaradılıb. Ancaq təəssüf ki, bu məsələ hələ də həllini tapmayıb. Bakı kəndlərinə dəmiryolu xətləri çəkiləndə o insanlar oralardan köçürüldü və onlara müvafiq kompensasiyalar ödənildi.

Hamı bilir ki, müvafiq dövlət orqanlarının razılığı olmasa, o evlər orada tikilməzdi. Amma indi o evləri rəsmiləşdirmək lazımdır. İslahatlar dərinləşdirilməlidir. Bələdiyyələr rayon icra hakimiyyətində mövcud olan şöbənin bir bölməsi kimi fəaliyyət göstərir. Bələdiyyələrə yerli dövlət orqanı statusu verilməli, icra hakimiyyəti orqanları ləğv olunmalıdır. Bundan başqa, Bakı və Gəncə şəhər bələdiyyələri yaradılmalıdır. Şəhərin problemləri ilə insanların seçdiyi insanlar məşğul olmalıdır. Bələdiyyələrə seçkilər professional seçki sistemi əsasında keçirilməlidir”-deyə, millət vəkili daha sonra bildirib.

12:38

***

“Azərbaycanda soyadların dəyişdirilməsi çox çətin prosesdir. Bu prosesin asanlaşdırılmasına ehtiyac var. Bəziləri yuxarıdan göstəriş almayıb deyə buna mane olur”-deputat, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, bu məsələ parlamentdə dəfələrlə müzakirə edilib:

“Ədliyyə Nazirliyi göstəriş verə bilər ki, soyadlar yeni tələbə uyğun milliləşdirilsin. Böyük rüsumlar tələb edilir. Əhalinin buna imkanı yoxdur. Sizdən xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın. Yerli idarələrə tapşırılsın ki, vətəndaşların bu arzusunu yerinə yetirsinlər. Bunun qarşısını almasınla”.

Birinci vitse-spiker Əli Hüseynli isə bildirib ki, ümumiyyətlə, Azərbaycanda bu gün belə bir problem yoxdur:

“Bu məsələ ilə bağlı Əsliyyə Nazirliyi vətəndaşın istək və arzusunu icra edən orqandır. İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər. Yeni doğulan uşaqlarla bağlı isə ümumiyyətlə, problem yoxdur. Kim istəsə, istədiyi sonluğu seçə bilər”.

12:47

***

Müzakirələrin sonunda hesabat səsə qoyulub və qəbul edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Polis pisdir, hakim pisdir, deputat pisdir, bəs sən özün yaxşısanmı?”-DEPUTAT

Read Next

Daha 297 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir