Parlamentin də büdcəsi məlum oldu – RƏSMİ – YENİLƏNİB – (5)

Milli Məclisin (MM)  və onun Aparatının 2019-cu il üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, bu haqda MM-in İşlər İdarəsinin müdiri Firudin Hacıyev parlamentdə çıxışı zamanı bildirib.

O, qeyd edib ki, xərclər smetası 2018-ci il ilə müqayisədə 2 milyon 837 min 545 manat artırılıb.

Ümumilikdə xərclər smetası belə bölüşdürülüb:

Əməyin ödənişi fondu – 18 milyon 539 min 856 manat, ştatda olan işçilərin əmək haqqı – 10 milyon 787 min 420 manat, o cümlədən Milli Məclis deputatlarının əmək haqqı – 2 milyon 688 min 360 manat, ekspertlərin əmək haqqı – 285 120 manat, Milli Məclisin aparatı üzrə əmək haqqı – 3 milyon 44 min 400 manat, deputat köməkçilərinin əmək haqqı – 1 milyon 500 min manat, Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı – 1 milyon 710 min 540 manat, dövlət qulluğu ilə əlaqədar əlavələr – 1 milyon 559 min manat, ştatdankənar işçilərin əmək haqqı – 22 min 200 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri 4 milyon 213 min 130 manat, əmək haqqına üstəlik – 3 milyon 517 min 106 manat, o cümlədən dövlət sosial müdafiə fonduna ayırmalar 3 milyon 305 min 5 manat, icbari dövlət sığortası – 161 min 737 manat, işçilərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transferlər – 5 min 364 manat, idarənin saxlanılması – 1 milyon 123 min manat, o cümlədən dəftərxana və təsərrüfat xərcləri 368 min manat, mətbəə xərcləri – 280 min manat, idarənin digər xərcləri (sair xərclər və cari təmir) – 475 min manat, ezamiyyə xərcləri – 1 milyon 162 min manat, nəqliyyat xidmətləri haqqının ödənilməsi – 875 min 422 manat, o cümlədən yanacaq və sürtkü materiallarının alınması – 585 min 422 manat, digər nəqliyyat xidmətləri – 290 min manat, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi – 1 milyon 74 min 570 manat, istehlak mallarının və materiallarının alınması – 2 milyon 210 min manat, o cümlədən yumşaq inventar və xüsusi geyimlərin alınması – 40 min manat, inventarın alınması – 400 min manat, avadanlığın alınması – 470 min manat, digər alış və xidmətlər – 1 milyon 300 min manat, abadlaşdırma xidmətləri haqqının ödənilməsi – 22 min 412 manat, sosial təminat (fəxri adlar) – 14 min 400 manat, dovlət qulluqçularına sosial müavinətlər – 26 min 940 manat, digər təqaüdlər, müavinətlər və transferlər – 75 min manat, icarə və muzdlu xidmətlər 800 min manat, sair xərclər – 195 min manat, əsas vəsaitlərin alınması – 480 min manat, o cümlədən digər maşın və avadanlıqlar – 480 min manat, qeyri-istehsal aktivləri – 13 min manat.

***

Tahir Kərimli: Millət vəkillərinin maaş məsələsi gündəmə gələn kimi ajiotaj yaranır

Müzakirələr zamanı deputat Tahir Kərimli bildirib ki, millət vəkillərinin maaşlarının artırılmasına bəlkə də ehtiyac yoxdur:

“Çünki bu məsələ gündəmə gələn kimi, ajiotaya səbəb olur. Amma onların müavinətlərinin artırılması yaxşı olardı”.O,həmçinin qeyd edib ki, parlamentin işçilərinin bir çoxu hələ də evsizdir, onların mənzillərə ehtiyacları var: “ Zaman-zaman bu istiqamətdə addımlar atılır. Ona görə yaxşı olardı ki, Milli Məclisin əməkdaşlarının mənzilə olan  ehtiyaclarının və poblemlərinin həlli üçün yeni addım atılsın, onlar üçün bina tikilsin”.

T. Kərimli eyni zamanda bildirib ki, parlamentin telekanalının yaradılması məsələsinə ciddi ehtiyac var.

***

fazil-mustafa-2

Spiker: Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur

“Bəziləri sanki elə qələmə verirlər ki, Milli Məclisdə xalqı düşünən yoxdur. Halbuki  burada xalqın mənafeyinə uyğun yüzlərlə  çıxışlar olur.  Sadəcə telekanallarımız bunu işıqlandırmır”.

Bunu deputat Fazil Mustafa  çıxışında deyib. O, bu məsələdə AzTv-dən və İctimai TV-dən narazılığını ifadə edib: “AzTv ancaq komitə sədrlərinin çıxışları efirdə verir. Ancaq deputatların çıxışından  heç nə vermirlər. Həftədə parlamentlə bağlı 1 saatlıq çıxış verilir. Amma yenə də deputatların nə danışdığı bilinmir.Ümumiyyətlə isə, İctimai Tv bizdən heç nə vermir. Hansı ki büdcə və vergilər hesabına maliyyələşir. Biz bəzən jurnalistlərə  foyedə açıqlama verilməli oluruq. Çox hallarda soyuqlu havalarda parlamentin həyətində danışmalı oluruq. Bu da yaxşı deyil. Yaxşı olardı ki, bizə bununla ayrıca otaqlar verilərdi”.

Buna cavabında spiker Oqtay Əsədov belə deyib: “Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”.

***

Siyavuş  Novruzov: Milli Məclisdə sosioloji mərkəz yaradılmalıdır, biz bilməliyik ki,  camaat haqqımızda nə düşünür

Millət vəkili Siyavuş Novruzov öz növbəsində deyib ki, büdcədən MM-ə ayrılan vəsait daha da artırılmalı, parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır.

O, bildirib ki, MM-in adından xarici dillərdə sənədlər hazırlanır: “Onların hazırlanması üçün rus dilli, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki, Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad gəlir. Bu baxımdan dilləri bilən mütəxəssislər yığışıb buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər”.MM-də sosioloji sorğu mərkəzinin yaradılmasını təklif edən S. Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini dilə gətirib: “Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini bilmirik. Heç olmasa ayda 1 dəfə mərkəz tərəfindən sorğu keçirilməli, mütəxəssislər tərəfindən sorğular vasitəsilə ictimaiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün konqreslərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir”.Deputat həmçinin çıxışı zamanı MM-ə xarici ezamiyyələrlə bağlı ayrılan vəsait artırılmasını da təklif edib: “Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqqları artırımalıdır. Çünki, onlar gecə-gündüş işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərini sənədləri, yerləşdirilməsi məsəsləsilə məşğul olurlar. Bu baxımdan bu sahəyə ayrılan vəsat artırılmalıdır. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər” .

***

Deputat bəzi parlament jurnalistlərinin akkreditasiyanın ləğvini tələb etdi…

Deputat Qüdrət Həsənquliyev MM-də akkreditasiyadan keçmiş  bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini tələb edib.

Buna səbəb millət vəkilinin iddiasına görə, onun çıxışlarının təhrif olunmasıdır. O qeyd edib ki, ötən dəfə iclasların birində MM-in işçilərinin əmək haqqının 3 faiz həcmində artırılmasını deyib: “Buradakı bəzi jurnalistər isə elə təqdim etdilər ki, guya mən deputatların maaş davasını edirəm.  Əslində  maaş  artırılmalıdır. Amma hesab edirəm ki, bu məsələ  başqa tərəfə yozulmamalı idi. Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər. Demədiyimiz şeyləri  tamamilə təhrif edirlər. Mən bu barədə mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm”.

***

vahid-1

Vahid Əhmədovdan tələb:  Nazirin vaxtı yoxdursa…

Millət vəkili Vahid Əhmədov çıxışında şəhid ailələrinin sığorta məsələsi ilə bağlı yaranmış problemin artıq həll olunmasını tələb edib.

Millət vəkili bildirib ki, artıq bu məsələ öz çərçivəsindən kənara çıxıb: “Bu gün də parlamentin qabağına yığışmışdılar. Artıq təhqiramiz söhbətlər gedir.  Oqtay müəllim, xahiş edirəm ki, artıq buməsələyə son qoyulsun. Onların hər birini Əmək və əhalinin sosial müdafiəsi naziri qəbul etsin və dinləsin. Yox, əgər buna vaxtı yoxdursa, başqa addımlar atılsın. Amma nəticə olaraq bu məsələyə son qoyulmalıdır”.

Spiker deputata cavabında bu məsələ ilə bağlı nazirlə danışdığını bildirib və məsələnin həlli istiqamətində addımların atılmasını söyləyib.

***

Qeyd edək ki,  MM-də bütövlükdə 2019- ci ilin büdcə  zərfinin müzakirələri I oxunuşda başa çatıb.

O. Əsədov bildirib ki, deputatların  irad və təkliflərinə baxılması üçün hökumətə noyabrın 23-nə kimi vaxt verilir:

“Çünki həmin gün müzakirələr ikinci oxunuşda davam etdirələcək. Ayın 30-da isə büdcə zərfi səsverməyə çıxarılaraq, qəbul ediləcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İndi mən vətən xaini, bunlar isə vətənpərvər oldu?! – SİYAVUŞ NOVRUZOVDAN TƏPKİ

Read Next

Sabiq deputat və YAP rəsmisi rektorluqdan getdi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir