Parlamentin növbəti plenar iclası və ya Ombudsman nələri deyəcək? – YENİLƏNİB

Bu gün Milli Məclisin (MM) mart ayında ilk plenar iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, yaz sessiyasının 5 mart tarixli plenar iclasının gündəliyinə 18 məsələ daxil edilib.

İclasda müzakirələr daha çox Ombudsmanın illik hesabatı ətrafında aparılacaq.

Hesabatla parlamentarilər qarşısında Ombudsman Elmira Süleymanova çıxış edəcək.

Çıxış ərtafında müzakirələrdən sonra hesabat səsverməyə çıxarılacaq və təsdiqlənəcək.

Bununla yanaşı, iclasda “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Pasportlar haqqında”, “Gənclər siyasəti haqqında” (üçüncü oxunuş) və s. qanunlara, o cümlədən, Torpaq, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklik layihələrinə baxılacaq.

***

Elmira-Suleymanova -2

 

Ombudsman bu gün nələrdən danışacaq?

Qeyd etdiyimiz kimi, MM-in bugünkü plenar iclasında Ombudsman Elmira Süleymanovanın  son bir illik fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək.

Ombudsmanın hesabatında bir çox məsələlər yer alıb ki, onlardan biri də  pulsuz dərman preparatları məsələsidir.

Hesabatda qeyd olunur ki, dövlət hesabına dərman preparatları ilə təmin edilən, imtiyazlı qruplardan olan vətəndaşların şikayəti müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmamasıdır:

“Odur ki, tələbata müvafiq olaraq, hepatit, şəkərli diabet, hemofiliya və talassemiya xəstələri də xüsusi nəzərə alınaraq, “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nda dövriyyədən çıxarılmışların yeni tövsiyə edilən dərmanlarla əvəz olunması zəruridir”.

Hesabatda qeyd olunub ki, vərəm, hepatit, xərçəng və başqa xəstəliklərin, əqli pozuntuların baş verməsinə, işləmək və nəsilartırma qabiliyyətinin itirilməsinə səbəb olan narkomaniyaya, habelə virus xəstəliklərinə yoluxma ehtimalını artıran İİV/QİÇS, alkoqolizmə, toksikomaniyaya və tütün çəkməyə qarşı mübarizə gücləndirilməlidir.

Həmçinin vurğulanıb ki, təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil edilən “B” və “C” hepatit xəstəliyinin müalicəsinin təşkili məqsədilə daxil olan müraciətlər Səhiyyə Nazirliyinin bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə kommisiyaya göndərilib, həmin şəxslər müalicəyə cəlb edilib və odur ki, belə xəstələrin dərman preparatları ilə təmin olunması üçün müvafiq siyahısının genişləndirilməsi məqsədəuyğundur.

Hesabatda yer alan məsələlərdən biri də məhkəmə şikayətləri ilə bağlı məsələdir.

Qeyd edilib ki, İnsan Hüquqları üzrə Müvəkkilin ünvanına ötən bir ildə  hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı 1 442 müraciət daxil olub.

Sonra göstərilib ki, bu müraciətlərdə əsasən, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tərəflərin məlumatlandırılmaması, o cümlədən məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq bildirişin vaxtında göndərilməməsi, məhkəmə qərarlarının surətinin vaxtında verilməməsi, məhkəmə qərarlarının icraya yönəldilməməsi, müraciətlərin cavablandırılmaması kimi hallar öz əksini tapıb.

Ombudsman hesabatında eyni zamanda bu məsələ ilə bağlı qeyd edib ki,  bəzi hallarda məhkəmənin qərarı işdə iştirak edən şəxslərə vaxtında göndərilməyib, bu da həmin qərardan yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun pozulması ilə nəticələnib.

“Birinci instansiya məhkəməsinin qərarından verilən şikayətin apellyasiya instansiyasına göndərilməməsi ilə bağlı vətəndaşlara məlumatın verilməməsi və ya vaxtında verilməməsi də şikayətlərə səbəb olub. Təhlillər onu deməyə əsas verir ki, hakimlər tərəfindən yol verilən nöqsanların aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər ardıcıl olaraq davam etməlidir”-deyə, Ombudsman hesabatında sonra vurğulayıb.

Həmçinin, hesabatda qeyd olunub ki, İnsan Hüquqları üzrə Müvəkkilin Milli Preventiv Qrupu (MPQ) Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Miqrasiya xidmətlərinin, rayon (şəhər) icra hakimiyyətlərinin tabeliyində olan, ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək müəssisəyə, o cümlədən müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən 343 dəfə baş çəkib.

Bunların da  220-i planlı, 123-ü isə plandankənar olub.

Sənəddə  daha sonra bildirilib ki, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərinə 186, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 56, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlamayeri və istintaq təcridxanasına 4, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılma mərkəzinə 3, Təhsil Nazirliyinin xüsusi-təlim tərbiyə və internat müəssisələrinə, habelə xüsusi peşə məktəbinə 44, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat, pensiya yaşına çatmış və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə 7, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə və körpələr evlərinə 29, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 14 başçəkmə həyata keçirilib.

Eyni zamanda, saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidanın rasionu və keyfiyyəti, tibbi xidmətin və asudə vaxtın təşkili vəziyyəti öyrənilib, konfidensiallıq təmin olunmaqla müvəqqəti saxlanma yerlərində 570, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 430, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 2 114 saxlanılan şəxslə təklikdə görüşlər keçirilib, müraciətləri yerində araşdırılıb və müvafiq tədbirlər görülüb.

Bununla belə, bu müəssisələrdə çalışan 600-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.

Müəssisə rəhbərləri və aidiyyatı vəzifəli şəxslər tərəfindən MPQ üzvlərinə lazımi şərait yaradılıb, pozuntuların aradan qaldırılması üzrə verilən tövsiyələr nəzərə alınıb.

“Bəzi hallarda müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin istintaq təcridxanasına keçirilməsi müddətlərində pozuntulara yol verilməsi, azadlıqdan məhrum edilən şəxslərin penitensiar müəssisələrdə konfidensial yazışma hüququnun reallaşdırılması sahəsindəki problemlər qeyd edilməlidir”-deyə, hesabatda qeyd olunub.

Daha sonra qeyd edilib ki,  Ombudsmanın ünvanına daxil olan müraciətlərin, başçəkmələr zamanı qəbul edilən şəxslərlə görüşlərin və qaynar xəttə daxil olan zənglərin təhlili göstərir ki, azadlıqdan məhrum edilən şəxslərin ailə üzvləri və yaxınları ilə görüş, sovqat, telefon danışıqlarından istifadə ilə bağlı hüquqlarının pozulması hallarına rast gəlinir ki, belə halların aradan qaldırılması üçün nəzarət daha da gücləndirilməlidir.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Fəxrəddin Abbaszadəninin həbsinə siyasi don geyindirmək istəyənlər…” – DEPUTAT

Read Next

Novruz Məmmədovun ilk hesabatı – MARTIN 15-DƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir