“Parlamentin rəhbərliyi müraciətimizi yaxınlarda MM-də müzakirəyə çıxaracaq” – YAP – YENİLƏNİB – (1) – FOTO

YAP Siyasi Şurası və YAP-çı deputatlar 5-cı çağırış parlamentin buraxılması təşəbbüsü ilə çıxış etdilər

Əli Əhmədov: “YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qanunvericilik sferasından kənarda qalmamalıdır”

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini və İcra katibi, Baş nazirin müavini Əli Əhmədov  hakim partiyanın qərargahında mətbuat konfransı keçirib.

Etikxeber.az-ın xəbərinə görə, Ə. Əhmədov  qeyd edib ki, partiyanın  Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. YAP İcra katibi qeyd edib ki, ölkədə gedən islahatların tam sistemli xarakter alması, qarşıya qoyulan vəzifələrə nail olunması islahatların bütün hakimiyyət qollarını əhatə etməsini tələb edir: “YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qanunvericilik sferasından kənarda qalmamalıdır. Bu gün YAP Siyasi Şurasında bu, məqsədəuyğun sayılıb. Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdil mövqe nümayiş etdiriblər. Azərbaycan parlamentinin də yeniləşməsi Prezidentin islahatların konsepsiyasının uğurla həyata keçirilməsi üçün vacibdir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə  bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Son referenduma əsasən, Prezidentin müəyyən şərtlər daxilində parlamenti buraxmaq səlahiyyəti var. Bu da islahatlar konsepsiyasının daha sistemli və geniş şəkildə həyata keçirilməsinə zəmin yarada bilər”.nƏ. Əhmədov nəzərə çatdırıb ki, YAP-ı təmsil edən millət vəkilləri Siyasi Şuranın tövsiyəsini məmnuniyyətlə qərar qəbul ediblər: “Deputatlar bununla bağlı parlamentə müraciət ünvanlamağa qərar verdilər və həmin müraciət Milli Məclisə daxil olacaq. Hesab edirəm ki, parlamentin rəhbərliyi bu müraciəti yaxın zamanlarda parlamentdə müzakirəyə çıxaracaqlar”.

***

“Parlamentin buraxılması prosesinə ölkələrin əksəriyyətində tez-tez rast gəlinir”-deyən Ə. Əhmədov sonra bəyan edib ki, Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil:

“Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir. İnanıram ki, Azərbaycan cəmiyyəti YAP Siyasi Şurasının, YAP parlament fraksiyasının qərarını hörmətlə qarşılayacaq. Biz bununla da ölkəmizin inkişafı üçün yeni imkanlar əldə edəcəyik və parlament tarixində yeni ənənənin başlanğıcını qoyacağıq”.

***

Ə. Əhmədov eyni zamanda qeyd edib ki, cəmiyyətdə həyata keçirilən islahatlar həyatımızın bir sıra sahələrini əhatə edir.

Ə. Əhmədov deyib ki, 2019-cu ildə İ. Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib: “Bu islahatlar gələcəkdə də davam etdiriləcək. Ölkəmizdə həyata keçirilən kadr islahatları insanların razılığı ilə qarşılanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyır. Ölkəmizdə məhkəmə və icra hakimiyyəti sahəsində islahatlar həyata keçirilir. YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır”.

YAP rəsmisi həmçinin deyib ki,  Azərbaycanda müasir biliklərə yiyələnmiş, vətənpərvər gənclik formalaşıb və bu gənc nəsil Azərbaycanın bundan sonrakı inkişafına daha böyük töhfələr vermək imkanına malikdir. Ə. Əhmədovun dediyinə görə, növbəti parlament seçkilərində layiqli, vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması bizim diqqətimizdə olacaq: “Biz istəyərdik ki, parlamentə seçilməyə layiq olanlar içərisində belə gənclərimiz çox olsun. İstəyərdik ki, YAP-da belə gəncləri irəli çəkək”.

 

YAP-ın növbəti qurultayına gəlincə, Ə. Əhmədov vurğulayıb ki, indiyə qədər keçirilən parlament seçkilərindən əvvəl  hakim partiyanın qurultayının keçirilməsinə zərurət yaranmayıb. YAP rəsmisi  deyib ki, namizədləri müəyyənləşdirmək üçün YAP-ın müvafiq qurumları var: “Biz istəyərdik ki, YAP parlamentdə daha çox deputatla təmsil olunsun. Maksimum səy göstərəcəyik ki, irəli sürdüyümüz namizədlər seçicilərin etimadını doğrultsun”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Elnur Aslanov, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Hüseyn Bağırov… – EKSLƏR İLK DƏFƏ BİR ARADA – YENİLƏNİB

Read Next

Bahar Muradova MM-in buraxılması təşəbbüslərindən – YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir