Parlamentlərarası əlaqələrinin genişləndirilməsi məsələsi gündəmə gətirildi

Qırğızıstan parlamenti-Joqorku Keneşion sədri Çınıbay Tursunbekov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşüb.

Etikxeber.az-ın məlumatına görə, parlament sədri son illərdə Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Sentyabrın 26-da Azərbaycanda keçirilən referendumu yüksək qiymətləndirən Çınıbay Tursunbekov bildirib ki, ümumxalq səsverməsinin nəticəsi Azərbaycan xalqının Prezident İlham Əliyevə olan inamının və sevgisinin bariz nümunəsidir.

O, həmçinin sentyabrın 29-30-da Bakıda V Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb, Qırğızıstanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin bu mühüm tədbirdə iştirakından danışıb, onların Bakıdan xoş təəssüratla qayıtdığını bildirib. O, belə mühüm tədbirlərin keçirilməsinin vacibliyinə də toxunub.

Hidayət Orucov Çınıbay Tursunbekovu parlamentin sədri seçilməsi münasibətilə təbrik edib. Səfir bu il dekabr ayının 11-də Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi ilə bağlı Qırğızıstanda keçiriləcək referenduma uğurlar arzulayıb.

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini bildirən səfir ölkələrin parlamentləri, o cümlədən dostluq qrupları, həmçinin hakim partiyalar arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Parlamentin sədri Qırğızıstanın Azərbaycanı təkcə sıx əməkdaşlıq edən ölkə kimi yox, həm də dar gündə yanında olan qardaş kimi qəbul etdiyini bildirib. O, bu il Qırğızıstanda keçirilən “II Ümumdünya Köçərilər Oyunları”nda Azərbaycan Prezidentinin tapşırığı ilə böyük nümayəndə heyətinin iştirak etməsinin ölkələri üçün çox böyük önəm daşıdığını xüsusi vurğulayıb.

Səfir Azərbaycanın bundan sonra da qardaş qırğız xalqının yanında olacağını bildirib, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun yubiley tədbirlərinin ölkəmizdə də keçirildiyini, böyük yazıçının Bakıda təşkil olunan 80 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin onu “Dostluq” ordeni ilə təltif etdiyini bildirib.

Görüşdə 2017-ci ildə Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi məsələləri müzakirə edilib.

Səfir bütün sahələrə olduğu kimi, Azərbaycan ilə Qırğızıstanın regionları arasında da əlaqələrin yaranması üçün davamlı işin aparıldığını deyib. O, artıq Qırğızıstanın Çuy vilayətinin Kant şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyətinin Qubada səfərdə olduğunu və Quba ilə Kant şəhəri arasında əməkdaşlıq haqqında niyyət protokolunun imzalandığını, həmçinin bu il dekabrın 16-da Quba Rayon İcra Hakimiyyətinin başçısının rəhbərlik edəcəyi nümayəndə heyətinin Qırğızıstana səfərə gələcəyini və səfər çərçivəsində memorandumun imzalanacağını söyləyib.

Spiker ölkələrimizin regionları arasında əlaqələrin yaranmasının çox vacib məsələ olduğunu, bunun xalqlarımızın bir-birlərini daha yaxından tanımalarına imkan verəcəyini qeyd edib.

Etikxeber.az

Read Previous

Əhalinin banklardakı əmanətlərinin həcmi 7 413,1 milyon manat təşkil edib

Read Next

Bakı-Tbilisi-Qars marşrutu üçün hazırlanan vaqonların icra vəziyyəti müzakirə edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir