“Paşinyanın son təklifi də fitnəkarlıqdan başqa bir şey deyil” – MİLLƏT VƏKİLİ

Çevriliş yolu ilə hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyan ilk gündən Qarabağ məsələsində təxribatçılıq və fitnəkarlıq yolunu tutub. Ötən dövr ərzində fəaliyyəti ilə xələflərindən, qatı cinayətkarlar-əlləri Azərbaycan xalqının qanına batmış cani koçaryanlardan, sarkisyanlardan fərqlənmir, bir çox hallarda hətta, onları da ötüb keçir.

Gah Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli prosesinə maneçilik törətmək, status-kovunu uzatmaq üçün format dəyişikliyi fintəkarlığına əl atır, buna nail ola bilməyəndə, yenidən danışıqlar masası arxasında əyləşməyə məcbur ediləndə də, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər reallaşdırmaqla, “Yallı” getməklə, “Qarabağ Ermənistandır, Qarabağ Ermənistanındır və nöqtə” deməklə, daha böyük fintəkarlığa imza atır,  gah da ölkə daxilində və Dağlıq Qarabağ erməniləri, “Qarabağ klanı” tərəfindən ona yönələn etiraz, qəzəb, nifrət  dalğasını başqa səmtə yönəltmək, öz hakimiyyət ömrünü uzatmaq üçün sərhəddə, təmas xəttində təxribatçılıq əməllərinə, qan tökülməsinə rəvac verir.

Bunun da Azərbaycan dövləti və ordusu tərəfindən layiqli cavabını alanda növbəti təxribata əl uzadır-işğal altındakı Dağlıq Qarabağda referendurumun keçirilməsi təklifini ortaya atır, özünün və ölkəsinin işğalçı mahiyyəti bir daha ortaya qoyur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

K. Əliyevanın dediyinə görə, hansı ki,  nə onun, nə də digərlərinin  belə bir təkliflə çıxış etməyə heç bir haqqı yoxdur.

kamila

“Bu, tam qanunsuzluq, Azərbaycanın qanunlarının və beynəlxalq hüququn açıq-aşkar pozulması cəhdidir. 

Əvvəla, Dağlıq Qarabağ işğal altında olsa da, Azərbaycanın tarixi və ayrılmaz tərkib hissəsidir, onunla bağlı hər hansı bir qərar vermək hüququna da  yalnız və yalnız Azərbaycan dövləti və xalqı malikdir. İkincisi, sovetlər dövründə heç bir əsası olmadan Qarabağ ermənilərinə verilən muxtariyyət-Dağlıq Qarabağ Muxtar Vilayəti hələ 28-29 il bundan öncə Azərbaycan tərəfindən ləğv edilib və onlar heç bir muxtariyyətə malik deyillər. Üçüncüsü, Ermənistanın və onun açıq-gizli himayədarların birbaşa dəstəyi ilə yaradılmış oyuncaq və qondarma “DQR” də tam qanunsuz, cinayətkar bir qurumdur, cinayətkar bir rejimdir.  Onu nə Azərbaycan, nə də dünya dövlətləri və dünya birliyi tanıyıb.

Heç kim də, heç bir dövlət də tanıya bilməz və tanımağa da heç bir əsası yoxdur. Bu gün həqiqət, fakt və reallıq odur ki, Dağlıq Qarabağ da daxil olmaqla ona bitişik  Azərbaycan əraziləri işğal altındadır, erməni işğalındadır. O ərazilər, əzəli və əbədi Azərbaycan torpaqları işğaldan azad olunmayınca, işğalçı qoşunlar geri çəkilməyincə, həmin ərazilər boşaldılmayınca, işğal faktına son qoyulmayınca Dağlıq Qarabağla bağlı heç bir addım atıla bilməz. Kimsə orada nə referendum keçirə, nə hansısa qərar verə  və onu reallaşdıra bilər.

Azərbaycan dövlətinin, dövlət rəsmilərinin də daim bəyan etdiyi kimi, Dağlıq Qarabağ ermənilərinə yalnız muxtariyyət verilə bilər, o da bir şərtlə ki, işğala son qoyulmuş, işğalçı qoşunlar işğal olunmuş Azərbaycan ərazilərini tərk etmiş olsun.  Yəni, yalnız bu halda Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın hüdudları daxilində hansısa muxtariyyət verilməsi mümkün ola bilər. Əks halda və təqdirdə, heç nə mümkün deyil. Kimsə Azərbaycandan bunu gözləməsin.

Odur ki, Paşinyan yaxşı olardı  gedib aclıq, yoxsulluq, səfalət həddində olan ölkəsini, xalqını düşdüyü bəlalardan xilas etməyin yolunu axtarsın, Azərbaycanın işlərinə qarışmasın, təxribatçılıq və fitnəkarlıq əməllərinə qon qoyub, Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə kömək etməyə çalışsın.

Bunları etməsə, etməyəcəksə, özünü də, dövlətini də, xalqını daha böyük fəlakətlərə, uçuruma sürükləyəcək…”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Barsa” “Slaviya” ilə heç-heçə, “Leyptsiq” “Zenit”i məğlub etdi

Read Next

UEFA Çempionlar Liqasının dördüncü turu – NƏTİCƏLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir