Payız sessiyası: HANSI QANUN LAYİHƏLƏRİNİN QƏBULU İSTƏNİLİR? – RƏYLƏR, TƏKLİFLƏR

Eldəniz SƏLİMOV: İki vacib qanun layihəsinin-“Ərzaq təhlükəsizliyi haqqında” və “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihələrinin hazırlanaraq, əvvəlcə komitəmizdə, sonra isə plenar iclaslarda müzakirəsi və qəbulunu önəmli sayıram

Qarşıdan parlamentin növbəti -2019-cu il payız sessiyası gəlir.

Hazırda yay tətilində olan millət vəkilləri sentyabrın 1-i ilə 15-i arası məzuniyyətlərini başa vuraraq, yenidən işə, parlament fəaliyyətlərinə dönəcəklər.

Sentyabrın 15-dən isə payız sessiyası ilə əlaqədar olaraq, Milli Məclisin (MM) komitələrinin işinə start veriləcək.

Komitələrdə aparılacaq müzakirələrdən sonra hər bir komitənin ayırılqda qanunvericilik işləri planı təsdiqlənəcək, eyni zamanda, müsbət rəy almış qanun layihələri payız sessiyasına, onun qanunvericilik işləri planına tövsiyə olunacaq.

Payız sessiyası da ənənəvi olaraq, öz işinə oktyabrın 1-dən start verəcək.

Bu sessiya dekabr ayının son günlərinəcən (28-30-can) öz işini davam etdirəcək.

Dünyada daha çox büdcə sessiyası kimi tanınan payız (qış) sessiyası nisbətən qısamüddətli olduğu üçün bu dəfə də əsas vaxtı və müzakirələrin çox hissəsini 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri aparacaq.

Büdcə zərfinə daxil olan sənədlər əvvəlcə (oktyabrın sonları, noyabrın əvvəlləri) parlamentin komitələrində (hökumətin iqtisadi blokuna daxil olan strukturlarının rəhbərlərinin-maliyyə, iqtisadiyyat, vergilər nazirlərinin və sair iştirakı ilə) müzakirə olunacaq,  sonra plenar iclaslara tövsiyə edilərək, bir neçə gün ərzində aparılacaq geniş diskussiyaların yekununda qəbul ediləcək  və təsdiqlənmək, hüquqi qüvvəsinə minməsi üçün dövlət başçısına təqdim olunacaqlar.

Bununla yanaşı, sessiyada digər bir sıra yeni qanun layihələrinin, o cümlədən, mövcud qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin müzakirəsi baş tutacaq.

Payız sessiyasında “Ali təhsil haqqında” yeni qanun layihəsinin əvvəlcə Elm və təhsil komitəsində, sonra isə ən azı birinci oxunuşda (plenar iclasda) müzakirəsi gözlənilir.

Bundan savayı, payız sessiyasında ən azı komitə səviyyəsində ilkin müzakirəsi və plenar iclasa birinci oxunuş üçün tövsiyəsi gözlənilən qanun layihələrindən biri “Pasiyentlərin və tibbi işçilərinin hüquqları haqqında” yeni qanun layihəsi olacaq.

Həmçinin, yeni qanun layihələri arasında “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında”, “Turizm haqqında”, “İnsan orqan və toxumalarının tpansplantasiyası haqqında”, “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və digər bir neçə qanun layihəsi var.

Onların da payız sessiyasında komitələrdə və ən azı birinci oxunuşlarda (plenar iclaslarda) müzakirələri gözlənilir və nəzərdə tutulur.

Bəs görəsən, millət vəkilləri yaxınlaşmaqda olan payız sessiyasında hansı qanun layihələrinin müzakirəsini və mümkün olduğu halda, qəbulunu istəyirlər?

Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva Etikxeber.az-a açıqlamasında parlamentin həm Səhiyyə, həm də Elm və təhsil komitələrində təmsil olunduğunu və bu baxımdan, bu komitələrlə bağlı olan qanun layihələrinin öncəliklə müzakirəsini və qəbulunu arzuladığını bildirib:

“Bildiyiniz kimi, payız sessiyası tək bizdə deyil, dünyada bir növ büdcə sessiyası kimi qəbul olunur. Çünki bu sessiya dövründə müzakirələrin böyük hissəsini məhz ölkənin baş-ali iqtisadi sənədi olan dövlət büdcəsi təşkil edir. Bu gün heç bir müstəqil ölkəni büdcəsiz təsəvvür etmək mümkün deyil. Büdcə hər bir ölkənin müstəqiliyinin və inkişafının başlıca göstəricidir. Bizim büdcəmiz də ildən-ilə sürətlə artan sosialyönümlü və investisyayönümlü büdcədir. Büdcəmiz ölkəmizin müstəqilliyinin və inkişafının bariz, əyani nümunəsidir. Bu baxımdan, 2020-ci ilin büdcəsinin də Azərbaycanın inkişafını özündə əks etdirən büdcə olacağına inanırıq, buna qəti əminik və istər komitələrdə, istərsə plenar iclaslarda müzakirələr zamanı da öz fikir və mülahizələrimizi, təklif və ideyalarımızı bildirəcəyik, səsləndirəcəyik, irəli sürəcəyik.

Amma bununla belə, bu sessiyada müzakirəsini arzuladığım və gözlədiyim qanun layihələri arasında “Ali təhsil haqqında”, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanun layihələri daha öndə gəlir. Çox istərdim ki, hər iki sənəd payız sessiyasında ən azı birinci oxunuşda müzakirələrdən keçirilib, qəbul olunsunlar. Çünki hər ikisinə də böyük ehtiyac var, cəmiyyətin gözləntisi, sosial sifarişidir. Eyni zamanda, pasiyentlərin hüquqları, ailə həkimi ilə bağlı qanun layihələrinin də müzakirəsini və qəbulunu vacib sayıram.

Bildiyiniz kimi, gələn ildən ölkədə tam icbari tibbi sığortaya keçiləcək və bu prosesin özü digər qanun layihələrinin qəbulunu vacib edir ki, onlar arasında həm pasiyentlərin hüquqları, həm də ailə həkimi ilə bağlı sənədlər ən öndə gəlir. Bunlar bir-biri ilə paralellik təşkil edir. Odur ki, adıəçəkilən qanun layihələrinin də hazırlıq proseslərinin sürətləndirilməsini və müzakirələrə çıxarılmasını vacib, zəruri hesab edirəm. Təbii ki, qəbulunu və müzakirəsini vacib saydığın digər bir neçə qanun və ya qanunlara dəyişiklik layihələri də var ki, onları da zamanı, məqamı yetişəndə dilə gətirəcəyəm. Hələlik tələsməyə ehtiyac yoxdur. İnanırıq ki, bunlar arzu olaraq qalmayacaq, reallıqda özünün əksini tapacaq”.

eldeniz qardaş

kamilla-13

tahir_rzayev_C00134

Millət vəkili Eldəniz Səlimov da həmkarı kimi, payız sessiyasında ənənəvi olaraq, vaxtın və müzakirələrin əsas hissəsinin 2020-ci ilin büdcə zərfi ilə bağlı olacağını vurğulayıb.

Qeyd edib ki, dövlət büdcəsi özü də yeni-yeni qanun layihələrinin reallaşma mənbəyi, stumulu deməkdir.

Millət vəkilinin dediyinə görə, hər bir qanun layihəsinin mayasında dövlət büdcəsi, büdcə, maliyyə vəsaitləri dayanır:

“Qanun layihələrinin və yaxud indiyədək qəbul olunmuş qanunların əksəriyyəti maliyyətutumludur. Onların maliyyəsi olmasa, işləkliyi, icrası da mümkün deyil. Bu baxımdan, hər büdcə zərfi yeni-yeni qanun layihələri deməkdir, hər büdcə zərfi növbəti modern, model qanun layihələrinin həyatakeçmə vəsiqəsi, açarı deməkdir. Odur ki, növbəti büdcə zərfi, onun müzakirəsi, qəbulu, təsdiqi də sonuc etubarı ilə yeni qanun layihələrinin meydana gəlməsinə, müzakirələrə çıxarılmasına yaşıl işıq yandırmış olacaq.

Mən özüm artıq 4 ildir ki, Arqar siyasət, son bir neçə ayda isə həm də Gənclər və idman komitəsində təmsil olunuram. Belə olduğu təqdirdə, növbəti payız sessiyasında ilkn növbədə məhz bu komitələrlə bağlı, onları maraqlandıran qanun layihələrinin müzakirələrə çıxarılmasını və qəbulunu arzulayıram. Xüsusilə də, iki vacib qanun layihəsinin-“Ərzaq təhlükəsizliyi haqqında” və “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihələrinin hazırlanaraq, əvvəlcə komitəmizdə, sonra isə plenar iclaslarda müzakirəsi və qəbulunu önəmli sayıram. Çünki dünyada risqlərin, təhdidlərin artıdığı bir dönəmdə, qlobal siyasi-iqtisadi-hərbi kataklizmlərin tüğyan etdiyi bir vaxtda hər iki qanun layihəsinin müzakirəsi və qəbulu olduqca vacibdir.

Düzdür, bir müstəqil ölkə, sabitlik adası olan bir məmləkət olaraq, ölkəmizi bütün risq və təhdidlərdən uzaq tutmağı bacara bilmişik, bunlardan ziyansız ötüşmüşük, amma bununla belə, arxayınçılığa da yol verə bilmərik, verilmir də. Ölkəmizdə müdrik dövlət başçısı İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində həm ərzaq, həm də qida təhlükəsizliyinin təmin olunması ilə bağlı çox mühüm addımlar atılıb və atılmaqdadır. Odur ki, bunların mükəmməl qanunvericilik bazasının formalaşdırılması da çox vacibdir və çox önəmlidir.

Eyni zamanda, qarşıdan gələn 2019-cu il bələdiyyə seçkiləri ilə bağlı seçki qanunvericiliyinə partiyamızın-Yeni Azərbaycan Partiyasının (YAP) önəmli hesab etdiyi və zaman-zaman səsləndirdiyi bir sıra vacib dəyişikliklərin edilməsini məqsədəuyğun sayıram. O cümlədən, Gənclər və idman komitəsinin üzvü olaraq,  dövlət gənclər siyasəti ilə bağlı müvafiq qanunlarımıza bəzi əlavə və düzəlişlərin edilməsini zəruri sayıram. Təbii ki, bunları indi bir-bir detallı şəkildə açıqlamaq mümkün deyil, amma zamanı gələndə onlarla da bağlı fikirlərimizi açıqlayacağıq.

Hər bir millət vəkilinin borcu ölkənin qanunvericilik bazasının zənginləşdirilməsi işinə töhfə verməkdən ibarətdir. Bizim baş məqsədimiz budur və bu olmalıdır”.

Millət vəkili Tahir Rzayev öz növbəsində bildirib ki, hər bir sahə üzrə yeni qanunların və ya mövcud qanunlara önəmli dəyişikliklərin edilməsinə ehtiyac var:

“Düzdür, ötən illər ərzində ölkə həyatı ilə bağlı demək olar ki, əsas və vacib olan əksər qanunlar, məcəllələr qəbul olunub, bir çox sazişlər, konvensiyalar, protokollar ratifikasiya edilib, ancaq, həyat, zaman, inkişaf yerində saymır, dəyişir, başqa şəkil alır və bu da istər-istəməz yeni-yeni qanun layihələrinin və ya  mövcud qanunvericilik aktlarına əlavə və düzəlişlərin olunmasını tələb və zəruri edir. Onlar zərurətdən, zamanın, dövrün reallıqlarından, çağırışlarından doğur, yaranır, meydana gəlir. Biz də bu reallıqlara, onun tələblərinə, çağırışlara daim hazır olmalıyıq və özümüzə məqbul olanları araya-ərsəyə gətirib, müzakirələrə çıxarmalı və qəbuluna nail olmalıyıq.

Qeyd edim ki, hər zaman da belə olub, parlamentimiz reallıqlara və çağırışlara daim hazır olub və özünün fəaliyyəti, qəbul etdiyi qanunvericilik aktları ilə bunu əyani şəkildə təsdiq edib, ölkənin, dövlətin maraq və mənafelərini birmənalı şəkildə öndə və üstün tutub, aparılan siyasətə, islahatlar prosesinə yardımçı, dəstəkçi olub. Bu baxımdan, bunlar növbəti və hamımızın daha çox büdcə sessiyası kimi qəbul etdiyimiz payız sessiyasında da istisnalıq təşkil etməyəcək, büdcə zərfi ilə yanaşı, arzuladığmız, görmək istədiyimiz yeni qanun layihələri və ya mövcud qanunlara dəyişiklikləri nəzərdə qanun layihələri də müzakirələrə təqdim ediləcək. Bunlar mütləq olacaq. 

Mən özüm 18 ilə yaxındır Regional məsələlər komitəsində, həm də bir neçə ildir Ailə, qadın və uşaq məsələləri komitəsində təmsil olunuram. Ona görə çox istərdim ki, bu sessiyada həm də komitəmizimin məqbul saydığı, hazırlanmasında təşəbbüsçü və fəal iştirakçı olduğu qanunvericilik aktları müzakirələrə çıxarılsın və qəbul edilsin. Xüsusən də, qarşıdan gələn 5-ci çağırış bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsinə bəzi vacib dəyişikliklər edilsin. Məsələn, bələdiyyə sədrlərinin seçki yolu ilə seçilməsi məsələsi bizdə də mümkün olsun,  bizim qanunvericilikdə də əksini tapsın və sairə. Yəni, demək istəyirəm ki, dövrə və zaman uyğun olaraq, daim yeni qanun layihələrinin meydana gəlməsi, onların  müzakirəsi və qəbulu  önəmlidir, xüsusilə də, onların tətbiqinə və işləkliyinə nail olunması olduqca vacbdir, zəruridir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Afrika Kubokunun ən yaxşı oyunçusu hansı kluba transfer olundu?

Read Next

“Sədərək” ticarət mərkəzində – YANĞIN TAM SÖNDÜRÜLÜB – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir