“Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir”-Sahibə Qafarovanın fikirləri-ALQIŞLARLA QARŞILANDI, FRANSA SƏFİRİNİN XİN-Ə ÇAĞIRILMASI, ADIÇƏKİLƏN ÖLKƏNİN HƏMSƏDRLİKDƏN UZAQLAŞDIRILMASI TƏLƏB, MM ADINDAN BƏYANAT VERİLMƏSİ TƏKLİF EDİLDİ… – YENİLƏNİB – (7)

Fəzail İbrahimli: “Fransa mənəvi və siyasi haqqını itirib. Bu ölkənin özünə hörməti varsa, Minsk qrupu həmsədrliyindən geri çəkilməlidir. Özü geri çəkilməsə, Azərbaycan bunu qətiyyətlə tələb etməlidir”

6-cı çağırış Milli Məclisin (MM) payız sessiyasının ikinci plenar iclası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.

Gündəlikdə 14 məsələ var və həmin məsələlər bunlardır:

1. “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının  yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

2. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

6. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

7. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

8. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində,  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

14. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Deputatlar yenə tibbi maskalardan istifadə ediblər, sosial məsafəni gözləyiblər, bir-birindən iki metr aralıda əyləşiblər.

10:59

***

“Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatlarını uğurla davam etdirir. İndiyə qədər düşmənin yüzlərlə texnikası məhv edilib. Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb”.

Bunu iclası açan S. Qafarova deyib.

Spiker bildirib ki, vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışır:

“Hamımızın eyni fikri var: Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu, belə olacaq. Zəfər savaşı qələbə ilə başa çatacaq”.

Spikerin fikirləri alqışlarla qarşılanıb.

11:08

***

“Fransa səfiri təcili Xarici İşlər Nazirliyinə (XİN) çağırılmalı və ondan izahat tələb edilməlidir”.

Bunu çıxışında MM-in Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev deyib.

Qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronun fikirləri tamamilə əsassızdır və qəbuledilməzdir.

“Ona görə səfirdən izahat istənilməlidir ki, niyə belə danışırlar”.

E. Musayev eyni zamanda, Azərbaycana verdiyi dəstəyinə görə, Türkiyə Prezidentinə təşəkkürlərini bildirib və onu “Böyük Ərdoğan” adlandırıb.

11:20

***

“Fransa özünə dəxli olmayan, özündən uzaq regionda erməni təəssübkeşliyini davam etdirir”.

Bunu çıxışında MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

O, Azərbaycan dövlətinin qətiyyətli şəkildə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılmasını tələb etməsi təklifini irəli sürüb:

“Artıq Türkiyə Prezidenti Ərdoğan da bunu gündəmə gətirib. İkinci təklifim isə bundan ibarətdir ki, bizim həbsdə əsgər və zabitlərimiz var ki, onların da qısa müddətə əfv olunaraq, həm əsgər, həm də zabit kimi döyüşə qatılmasını təmin edək. Bu, könüllü şəkildə olmalıdır və beynəlxalq təcrübədə var. Üçüncü təklifim isə budur ki, Türkiyə hərbi əməliyyatlar həyata keçirəndə məscidlərdən azan səsi yüksəlirdi və əsgərlər üçün dualar oxunurdu. Azərbaycanda da bu qədər məscid var. Burada da hər gün azan səsinin ucalması əsgərlərə mənəvi olaraq ruh yüksəkliyi verər”.

11:23

***

“Fransanın son bəyanatları balansın pozulmasına gətirib çıxarır. Ancaq balansı qorumaq Fransanın birmənalı işidir”-deyən deputat Arzu Nağıyev bildirib ki, Makron Cənubi Qafqazda sülh uğrunda deyil, Fransada erməni seçicilərin səsi uğrunda mübarizə aparır:

“Fransa daim müsəlman ölkələrinə qarşı mövqeyi ilə seçilib. Ancaq bu münasibətin sonu hər kəsin yadındadır. Fransa və Azərbaycan arasında dostluq münasibətləri daim olub. Ancaq Makronun son açıqlamaları bu münasibətləri kölgə altına qoyur. Məlum məsələdir ki, ulu öndər müstəqillikdən sonra ilk səfərini Fransaya edib, 2003-cü ildə Prezident İlham Əliyevin də Fransaya səfəri olub. Bizim ölkələrimiz arasında neft müqavilələri var. Ona görə də Fransa ciddi şəkildə ATƏT-in Minsk qrupu həmsədri kimi mövqeyini ortaya qoymalıdır və balansı qoruya bilməyəcəksə, həmsədrlikdən çəkilməlidir”.

11:33

***

“Bu gün tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərədə aparılır”.

 Bunu deputat Kamal Cəfərov deyib.

Millət vəkili bildirib ki, Fransa Prezidentinin mövqeyi neytral vasitəçiliyin tələblərinin kobud şəkildə pozulmasıdır:

“Makronun bu mövqeyi elə ən birinci Fransa hökumətinin maraqlarına ziddir. Makronun bu mövqeyi Azərbaycan və Fransa arasında olan dostluq münasibətlərinə xələl gətirə bilər. ATƏT-in Minsk qrupunun, BMT-nin əsas işi BMT-nin icra edilməmiş 4 qətnaməsinin icrasını təmin etmək idi. Bunu etməyibsə, Azərbaycan Ordusu beynəlxalq hüququn bütün prinsiplərinə cavab verən əks-hücum əməliyyatları ilə torpaqlarının suverenliyini və ərazi bütövlüyünü təmin edəcək. BMT Nizamnaməsinin 51 maddəsi Azərbaycana bu haqqı verir. Azərbaycanın bu mübarizəsi haqq mübarizəsidir”.

11:36

***

“İslam sözü İranın yalnız adındadır”.

Bunu isə çıxışında millət vəkili Bəhruz Məhərrəmov deyib.

O, çıxışında tutduğu yanlış mövqeyə görə, İranı sərt tənqid və ittiham edib.

Millət vəkili eyni zamanda, Fransa Prezidenti ilə bağlı sərt fikirlərini səsləndirib.

“Sən kimsən ki, beynəlxalq hüququn normalarını ayaqlar altına salırsan?”-deyə, millət vəkili bildirib.

11:42

***

“Bizim “ideoloqlar” elə fikir yaratmışdı ki, müharibə başlasa, xalq arasında çaxnaşma düşəcək. Ancaq onların bu iddiaları puç oldu”.

Bunu çıxışı zamanı vitse-spiker Fəzail İbrahimli deyib.

O, bildirib ki, Azərbaycan 30 ildir Minsk qrupunun bizə etdiyi məsləhəti yerinə yetirir:

”Onlar deyirdilər, özünüz danışın. Biz indi özümüz danışırıq. Qananı sözlə, qanmayanı güclə başa salırıq”.

F.İbrahimli bildirib ki, Fransanın tarixi daim türkə qarşı olub:

“Fransa mənəvi və siyasi haqqını itirib. Bu ölkənin özünə hörməti varsa, Minsk qrupu həmsədrliyindən geri çəkilməlidir. Özü geri çəkilməsə, Azərbaycan bunu qətiyyətlə tələb etməlidir”.

11:42

***

“Fransaya ilə bağlı parlament adından bəyanat verməyimizi təklif edirəm”.

Bunu da çıxışında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, bəyanatda Prezident Makronun Azərbaycanın şəhid ailələrindən, əsgərlərindən üzr istəməsi tələb olunmalıdır:

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi öz mandatını artıq itirib. Biz ərazi bütövlüyümüzü bərpa edəndən sonra heç ATƏT-in Minsk qrupuna ehtiyacımız qalmayacaq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Heç yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir…”-TURAL GƏNCƏLİYEV

Read Next

“Erməni əsgərlər arasında atışma olub”- MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir