“Peşəkar peşə sahiblərinə ciddi ehtiyac yaranmışdı, qıtlıq vardı…” – MİLLƏT VƏKİL(LƏR)İ – YENİLƏNİB – (2)

Təhsil və elm qanunlarında “təhsil qrantı proqramı” əksini tapacaq

Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 13-də ilk iclası keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, komitənin iclasının gündəliyinə 6 məsələ daxil edilib ki, onlardan ikisi də “Təhsil haqqında” və “Elm haqqında” qanunlara eyni mahiyyətli dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.

Hər iki qanuna təklif olunur ki, “beynəlxalq müqavilələr” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı” sözlərinə əlavə edilsin.

***

Gövhər Baxşəliyeva: Bu gün bir çox aparıcı Qərb ölkələri  məhz qeyri-maddi sərvətlər, təhsil hesabına öz  yüksək inkişaf səviyyəsinə nail olub, lider dövlətlərə çevriliblər ki…

“Təhsil haqqında” və “Elm haqqında” qanunlara dəyişikliklərə toxunan komitə sədri, akademik İsa Həbibbəyli bunun  çox mütərəqqi hadisə olduğunu bildirib:

“Hər iki qanuna dəyişiklik ölkə prezidentinin parlamentə göndərdiyi qanun layihələrində əksini tapıb. “Təhsil qrantı proqramı” məsələsi məhz dövlət başçısının özünün təşəbbüsü və istəyidir. Bu, çox önəmli bir məsələdir. Dünyada inkişaf etməkdə olan ölkələr qrant alan ölkələr sayılır, qrant verən ölkələr isə inkişaf etmiş ölkələr hesab olunur. Ölkə prezidentinin atdığı böyük addımlar nəticəsində də Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasından dünyanın inkişaf etmiş ölkələri sırasına adladı və burada da öz şərəfli yerini tutmaqdadır. Odur ki, artıq Azərbaycan da qrant alan ölkədən qrant verən ölkəyə çevrildib. Bu gün müzakirəyə təqdim olunan qısa, amma mahiyyətcə, məzmunca böyük olan dəyişiklik də məhz bundan irəli gəlir”.

Adışəkilən komitənin üzvü Şəmsəddin Hacıyev də “təhsil qrantı proqramı” məsələsinin hər iki qanuna daxil edilməsindən mənunluğunu ifadə edib. Eyni zamanda təklif edib ki, hər iki dəyişiklikdəki iki dəfə işlədilən “orqanı” sözü başqa sözlə ifadə olunsun və ya biri saxlanılsın.

govher x shekil son

Komitə üzvü, akadamik Gövhər Baxşəliyeva isə dünyanın bir çox ölkələrinin heç də maddi-təbii sərvətlər hesabına inkişaf etmədiyinə diqqət yönəldib:

“Bu gün bir çox aparıcı Qərb ölkələri də məhz qeyri-maddi sərvətlər, təhsil hesabına öz  yüksək inkişaf səviyyəsinə nail olub, lider dövlətlərə çevriliblər. Buna Böyük Britaniyanı, Çexiyanı və digər ölkələri misal göstərmək olar. Odur ki, istər təhsil müəssisələrində, istərsə də, elm sahəsində ödənişli təhsil hesabına Azərbaycana böyük vəsaitlər cəlb etmək olar. Burada da diplomların tanıması məsələsi çox aktual məsələlərindəndir. Xaricdə yaşayan bir çox həmvətənlərimiz var ki, gəlib Azərbaycanda təhsil almaq, elm sahəsində özlərini sınamaq istəyirlər, amma diplomların tanınması məsələsində müəyyən məqamlar var. Eyni zamanda, bir çox gənclərimiz xaricdə gedib böyük vəsaitlər hesabına ödənişli təhsil alırlar. Ölkədən də bu zaman böyük kapitallar kənara çıxır nəticədə. Odur ki, bu məsələdə növbəti addımların atılmasına ciddi ehtiyac yaranır. Biz bu istiqamətdə çox vacib addımlar atmalıyıq. Bunun Milli Elmlər Akademiyası nəzdindəki institutlara da, ali təhsil ocaqlarına da böyük-müsbət təsiri olar. Yəni, həmin pullar ölkəmizin elm və təhsil sektorunun güclənməsinə öz töhfəsini verə bilər”.

***

isa-habib

Akademik: Peşə hazırlığı uzun illər kölgədə qalmışdı

İclasın gündəliyinə eyni zamanda,  adıçəkilən komitənin payız sessiyası ilə bağlı qanunvericilik işləri planı daxil edilib.

Qanunvericilik işləri planında “Ümumi təhsil haqqında” yeni qanun layihəsi öz əksini tapıb.

İclasda həmçinin, komitənin 2018-ci il yaz və növbədənkənar sessiyalarında gördüyü işlərin hesabatı məsələsi gündəliyə daxil edilib.

İ. Həbbibəyli ötən sessiyalarda “Təhsil haqqında” qanuna dəyişikliklərə toxunaraq, bunu parlament tarixində nadir rast gəlinən hallardan biri olduğunu deyib:

“Biz təhsil qanununa 62 mühüm dəyişiklik etdik. Parlamentdə hələ indiyəcən heç bir qanuna bu qədər və bir yerdə-62 dəyişiklik edilməyib, edilibsə, də çox az olub. İndiyə qədər qanunlara ayrı-ayrı zamanlarda 5-6 dəyişiklik edilib, amma bir yerdə heç qanuna birdəfəlik bu qədər mütərəqqi və mühüm dəyişikliklər olunmayıb. Bununla təhsil qanunu demək olar ki, tam yeniləndirildi və parlament tərəfindən də dəstəkləndi. Həmçinin, yaz sessiyasında çox mühüm bir qanun layihəsi, ölkənin iqtisadi inkişafına, uzun illər diqqətdən kənarda qalan peşə ixtisası təhsilinə töhfə verəcək bir qanun layihəsi-“Peşə təhsili haqqında” qanun layihəsi qəbul olundu və dövlət başçısı tərəfindən imzalanaraq, hüquqi qüvvəsinə minmiş oldu. Qeyd etdiyim kimi, Azərbaycanda peşə hazırlığı, peşəkar müxtəlif peşə sahibləri, peşə mütəxəssisləri ilə bağlı böyük bir tələbat, ehtiyac vardı. Bu sahə bəzi obyektib səbəblər üzündən bir qədər kölgədə qalmışdı. Odur ki, bu yöndə qəbul olunan qanun bu sahədəki çatışmazlıqların arasında önəmli rol oynayacaq”.

***

musa-qasim

Millət vəkili, professor Musa Qasımlı da peşə təhsili ilə bağlı qanunun qəbulunun çox əhəmiyyətli bir hadisə olduğunu söyləyib.

O, qeyd edib ki, buna ciddi ehtiyac duyulurdu, çünki ölkədə bir sıra peşələr üzrə ixtisaslı, peşəkar mütəxəssislər çatışmırdı:

“Azərbaycanda bir çox qədim ənənələrə malik olan sənət, sənətkarlıq növləri var.Məsələn, xalçaçılıq. Ancaq son illərdə bu sahədə mütəxəssis qıtlığı var idi, eləcə də, digər sənətlərdə, peşələrdə. Ona görə inanıram ki, peşə qanunu bu məsələnin həllinə özünün müsbət təsirini göstərəcək”.

sonya-alieva-suleymanova

Millət vəkili Sona Əliyeva öz növbəsində  komitə sədrinin və deputat həmkarının fikirləri ilə razılaşdığını, ölkədə müxtəlif sənət və peşələrlə bağlı savadlı, ixtisaslı mütəxəssislərə, kadrlara ehtiyac yarandığını bildirib:

“Bu məsələdə kifayət qədər çatışmazlıqlar, problemlər vardı. Sovetlər birliyinin dağılması, müstəqil dövlətimzin çox ağır bir vəziyyətdə müstəqillik yollarında addımlanması ilə bağlı peşə təhsili sistemi bir qədər unudulmuşdu. Ancaq son illər ölkəmizin sürətli inkişafı ilə bağlı peşəkar peşə mütəxəssislərinə ciddi tələbat duyulurdu. Peşəkar mütəxəssislər, peşə sahiblərini tapmaq mümkün olmurdu. Bu baxımdan hesab edirəm ki, peşə təhsili ilə bağlı qanunumuz bu məsələdəki boşluqların aradan qaldırılmasına öz köməkliyini göstərəcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

 

Read Previous

Xedira “Yuventus” ilə yeni müqavilə imzaladı

Read Next

MUSANIN MÜDAFİƏÇİLƏRİ, MƏHƏMMƏDİN DÜŞMƏNLƏRİ… – Zahid Oruc “sükutu” pozdu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir