“…Gedin, işinizlə məşğul olun, biz müharibə aprırıq!” – ZİYAFƏT ƏSGƏROV – YENİLƏNİB (4)

Milli Məclisin (MM) dekabrın 15-də keçirilən növbəti plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, müzakirə zamanı parlamentin Azərbaycan Silahlı Qüvvələri üzərində nəzarəti təklif edilib.

Deputat Fazil Mustafa bildirib ki, yeni sənədin 15-ci (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) maddəsində bununla bağlı əlavələr edilməlidir.

Deputat Qüdrət Həsənquliyev də bu təklifi dəstəkləyib.

O, qeyd edib ki, maddəyə bununla bağlı əlavə bənd salınsın.

Millət vəkili eyni zamanda, peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına etiraz edilib.

Q. Həsənquliyev deyib ki, bu, yanlış addımdır.

Deputat qeyd edib ki, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq:

“Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.

***

Deputat Azay Quliyev də ordu üzərində ictimai nəzarətin vacibliyini qeyd edib.

***

Deputat Naqif Həmzəyev bildirib ki, müddətdən artıq xidmətə götürənlə bağlı sənədləşmə zamanı Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin yerlərdəki bölmələrindən xüsusi arayışın alınması lazımdır: 

“Son vaxtlar hərbi sirlə bağlı orduda bəzi problemlərin olması da bunun vacibliyini ortaya çıxarır. Müddətdən artıq hərbi xidmətə götürülənlərin həmin dövrə qədər hərbi karyerasında yalnız müddətli hərbi xidmət dövrü var, ondan sonra onun harada və necə həyat tərzi keçirməsi bəlli olmur. Ona görə də sonradan müddətdən artıq hərbi xidmətə götürülən zaman təhlükəsizlik xidmətinin və yerli polisin dəstəyindən istifadə etmək lazımdır”.

Deputat hərbi hissələrdə işə götürülən mülki işçilərin də eyni yoxlanışdan keçməsini təklif edib: “Bəzən olur ki, mülki şəxs olan peşəkar aşpaz və yaxud digər xidmət növü nümayəndəsi hərbi qurumda işə götürülür. Bu zaman bu şəxslər də müvafiq qurumlar tərəfindən yoxlanılmalıdır”.

Deputat yenidən hazırlanan qanun layihəsinin mükəmməlliyini xatırladaraq qeyd olunan məsələlərin layihədə əks olunmasını təklif edib.

İclasda iştirak edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deputata cavab olaraq deyib ki, orduda müddətdən artıq hərbi xidmətə götürülənlərlə bağlı məsələ diqqətdə saxlanılır və onlar işə götürülən zaman xüsusi xidmət orqanları tərəfindən yoxlanılır: “Bu məsələyə bundan sonra da daha çox diqqət yetiriləcək”.

***

“Deputatların parlament və ya qeyri-hökumət təşkilatlarının orduya nəzarət tələbinə cavab olaraq deyim ki, Azərbaycanda Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir. Hər hansı nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən  struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilməsi təklifini irəli sürmək düzgün deyil”.

Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov qeyd edib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışır:

“Ordu nəzəriyyə deyil, praktikadır. Bəzən ABŞ-la özümüzü müqayisə edirik. Lakin orada sistem tamamilə fərqlidir. Ali Baş Komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, döşəmə yumamalı, döyüşə hazır olmalı, taktikanı öyrənməlidir. Bunun üçün digər işlərə başqa şəxslər cəlb olunur. Silah növləri mütəmadi dəyişir, müasirləşir. Orta məktəbi bitən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil. Bunun üçün mütəxəssislər müqavilə əsasında orduya cəlb olunur. Lakin elə ölkələr var ki, orada əsgərlər də müqavilə əsasında xidmət edir. Belə olan halda, onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Onların reabilitasiyası və digər məsələlər üçün QHT-ləri cəlb etmək lazımdır. Lakin həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil. Ümumiyyətlə, ordu cəmiyyətə qapalı olmalıdır ki, işinin öhdəsindən gələ bilsin”.

S. Novruzov müdafiə nazirinin mülki şəxs təyin edilməsi barədə təkliflərə də münasibətini bildirib.

O, qeyd edib ki, müharibə şəraitində olan ölkənin müdafiə naziri peşəkar hərbiçi olmalıdır:

“Bir dəfə riyaziyyatçını müdafiə naziri qoydular, gördük nə baş verdi, ölkənin başına nə oyun açdı. Bu baxımdan düşünürəm ki, ordunun başında peşəkar hərbçi dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bəzi ölkələrdə müdafiə nazirinin mülki şəxs olması bizdə də belə fikirlərin yaranmasına səbəb olub. Lakin müharibə şəraitində olan ölkənin qanununda belə müddəalara yer vermək mümkün deyil. Ordunun sirləri qapalı olmalı, mətbuat Müdafiə Nazirliyinin yaydığı məlumatdan kənar məlumatlar yaymamalıdır”.

***

“Ordu haqqında danışarkən diqqətli olmalıyıq. Bu, həssas məsələdir. Biz müharibə şəraitindəyik. Hər neqativ hal düşmən təbliğatında bizə qarşı işlənilir”.

Bunu da  müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant K. Vəliyev  deyib.

K.Vəliyev bildirib ki, orduda ictimai nəzarət də var:

“Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. Bundan başqa, 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər. Ombudsman Aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edirlər. Burada müddətdən artıq hərbi xidmət keçmiş şəxslərə nəzarət etmək barədə danışıldı. Qeyd edim ki, həmin şəxslər hərbi hissəyə qəbul olunurlar. Bizdə bu, sistemli şəkildə həyata keçirilir. Onlar tam şəkildə müvafiq qurumların yoxlamalarından keçirlər”.

Nazir müavini əlavə edib ki, bu gün müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçuların əksəriyyəti peşəkar insanlardır.

***

Birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri Ziyafət Əsgərov isə mətbuatın və QHT-lərin Silahlı Qüvvələr üzərində nəzarətinə, məhdudiyyətin aradan qaldırılmasına edilən etirazlara münasibət bildirib.

Z. Əsgərov deyib ki, medianın, jurnalistlərin ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil.

O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı yaranmış vəziyyəti nümunə gətirib:

“ABŞ-ın İraqda müharibə zamanı etdiyi kimi, biz də deyək ki, ümumiyyətlə, ordudan yazmaq lazım deyil? Belə edək istəyirsiniz? Gedin, işinizlə məşğul olun, biz müharibə aprırıq!”.  

Vitse-spiker zaldakı jurnalistlərə üzünü tutaraq, “Eşitdiniz, hörmətli jurnalistlər? Nə var, onu yazın!” söyləyib.

Z. Əsgərov bildirib ki, Azərbaycan Ordusu dünyanın ən demokratik ordularındandır:

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsində ordunun siyasi proseslərə müdaxilə imkanlarının olacağını əks etdirən müddəa barədə fikirlər də düz deyil. Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil, ordunun daxili siyasətə aidiyyəti yoxdur. Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox”. 

Z. Əsgərov Azərbaycan Ordusuna düşməni öz ərazimizdən qovmaqla yanaşı, işğalçı ölkə ərazisində təqib etməsi səlahiyyətinin verilməsin təklif edən deputat Tahir Kərimlinin fikirlərinə də reaksiya verib:

“Tahir müəllim, o halda bu, işğal sayılacaq”.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Heç görmüsünüzmü ki, qəbiristanlıqlarda ərik ağacı əkilsin?..” – ELDAR İBRAHİMOV – YENİLƏNİB

Read Next

“Ondan bizə çox şeylər yadigar qalıb…” – RAFAEL HÜSEYNOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir