“Peşman olacaqlar və ya Azərbaycan hər zaman, hər bir məsələdə qardaş Türkiyənin yanında olub, yanında olmaqda da davam edəcək!”-ELDƏNİZ SƏLİMOV YAZDI

Dövlətimizin apardığı siyasətin uğurlu nəticələri zamanı çatdıqda özünü göstərməyi heç vaxt gecikdirməyib.

Əlbəttə ki, adətən hər hansı bir nəticəyə daha tez çatmaq daha müsbət amil kimi dəyərləndirilir, lakin xarici siyasətdə və diplomatiyada bu dəyərləndirmələrin meyarları fərqli də ola bilir.

Bu kontekstdən yanaşdıqda bəzi hədəflərə vaxtından əvvəl deyil, məhz münasib şərait və zamanda çatmaq daha önəmli olur. Belə siyasətin isə bir çox üstün cəhətləri vardır. İlk növbədə bu yolla dövlətin daha təkmil və risklərdən sığortalanmış uzunmüddətli strategiyası formalaşır.

Bu isə imkan verir ki, strategiyanın icrası zamanı hər hansı mənfi təsirlərin qarşısını ala bilmək üçün qısamüddətli taktiki gedişlər edilə bilsin və yekunda əldə olunan nəticə maksimum sığortalanmış və əlverişli olsun. Həmçinin, bu yolla qarşıda duran hədəflərə çatmaq üçün potensial imkanları və riskləri qiymətləndirmək, dövlətin maddi-iqtisadi potensialını ölçmək və zəruri resursları planlı şəkildə və operativ səfərbər etmək mümkün olur.  

İkinci Vətən müharibəsi ilə üzə çıxan proseslər onu göstərdi ki, dövlətimizin nəinki Qarabağ bölgəsi ilə, həmçinin digər əzəli və tarixi torpaqlarımızla da bağlı uzunmüddətli strategiyası daim fəaliyyətdə olub və bu gün də gələcəyə yönəlik aydın təsəvvürləri və hədəfləri var. Müharibənin 44 gün kimi qısa müddətdə hərbi-diplomatik qələbəmizlə yekunkaşması da bir daha təsdiq etdi ki, bu günə qədər verilən bütün bəyanatlar və irəli sürülən hədəflər sırf reallıqdan ibarət olub və onların icra müddəti çatdıqda isə heç bir tərəddüdə yol verilmədən və qısa müddətdə təmin edildi.

Qeyd olunanları nəzərə alaraq post-müharibə dövründəki situasiyanı da təhlil etmək üçün hazırda kifayət qədər aşkar elementlər var və bunlar özünü getdikcə daha açıq şəkildə göstərməyə başlayır. Bu zəruri elementlərdən biri də ermənilərin artan aqressiyası və sülhə açıq təhdidləri fonunda Zəngəzur dəhlizinin reallaşdırılması ilə əlaqədardır.

Cənab Prezident İlham Əliyev hələ 2018-ci ilin fevralında YAP-ın VI qurultayında etdiyi çıxışda bildirirdi ki, “tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.

Hər hansı bir siyasi gedişatın və prosesin tarixi və hüquqi əsasları qədər faktiki təminatı da zəruridir. Bu təminat isə ilk növbədə güclü siyasi iradədən asılıdır. Biz ölkə rəhbərliyi səviyyəsində bu siyasi iradənin davam edən təzahürlərini görürük.

Cənab Prezident 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirib ki, “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.

Möhtərəm Prezident İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində isə qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Ölkə başçımızın müsahibəsindəki aydın və konkret yanaşması isə bu məsələnin təmin edilməsi istiqamətində siyasi iradənin nə qədər güclü olduğunu göstərir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Zəngəzur dəhlizinin açılması üçün hüquqi zəmin də Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanatla yaranmışdır.  Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Ona görə də Ermənistan baş nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü. Zəngəzur dəhlizi ideyasının zəruriliyi tarixən də diqqət mərkəzində olmuşdur.

Təsadüfi deyil ki, Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını zəruri sayır, onu Turan yolu adlandırırdı. Bu yaxınlarda Ermənistan mediası qeyd edib ki, 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı.

Lakin Dəmirçiyanın (Ermənistan KP MK katibi) etirazlarından sonra layihə dayandı. Azərbaycan məqsədinə indi çatdı”. Beləliklə, Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə də ata vəsiyyətini yerinə yetirir – Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatır.

Zəngəzur dəhlizinin açılması həm də türk dünyasının coğrafi birləşməsidir. Onun bu baxımdan əhəmiyyətini cənab Prezident hələ 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq, çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq.

Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində regionun mənzərəsinin, geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda istər regional (Gürcüstan, İran, Türkiyə və Rusiya), istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və Çin KİV-lərində çoxsaylı yazılar dərc edilir. Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir, Gürcüstan parlamenti 44 günlük müharibənin nəticələrini xüsusi qapalı iclasda müzakirə edir, ekspertlər isə Zəngəzur dəhlizindən Çinin əldə edəcəyi faydanı belə hesablamağa çalışırlar.

Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında da mühüm həlqə olacağı aydındır. Rəsmi Bakı hələ müharibənin gedişində və müharibədən sonra ilk günlərdə belə əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir, müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmasında maraqlıdır. Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunaraq Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün görülmüş işlər haqda da dəfələrlə məlumat verib. Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir.

Bütün qeyd olunanlardan ziyadə isə Zəngəzur dəhlizinin açılması milli hədəfdir – ölkə başçımızın Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında əsas vurğu heç də regional əmədaşlıq və yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil. O, öz nitqində bəyan edir ki, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Qazanılan qələbə və əldə olunan böyük nailiyyətlər fonunda bəzi dairələr bilərəkdən ölkə başçımızın son çıxışlarını sərhədlərin yenidən cızılması kimi qiymətləndirməyə çalışsa da,  Cənab Prezident bu cür qiymətləndirmənin əsassız olduğunu bəri başdan nümayiş etdirmək üçün ADA Universitetində keçirilmiş görüşdə bildirib ki, “mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq?”

Bu yanaşması ilə cənab Prezident əslində tarixi torpaqlara qayıdış strategiyasının “yol xəritəsi”ni açıqlamışdır – tarixi torpaqlara qayıdış strateji planlaşdırma ilə həyata keçiriləcək və Azərbaycan o torpaqlara təzminat və digər iqtisadi rıçaqlarla qayıdacaqdır.

Qarşıda bizi daha böyük milli-tarixi hədəflər gözləyir. Bunun üçün isə milli ideyalar naminə birliyin davam etdirilməsi vacibdir.

Bu yazını bitirərkən, necə deyərlər, yazının son nöqtəsini qoyarkən, çox təəssüfedici bir xəbər gəldi.

ABŞ Prezidenti Co Bayden öz çıxışında “erməni soyqırımı” ifadəsini səsləndirdi.

Bu, çox təəssüfedici və narahatlıqdoğurucu bir hadisədir.

Bayden ilk ABŞ prezidentidir ki, bu uydurma və qondarma ifadəni dilə gətirdi və bununla böyük siyasi yanlışlığa və xətaya verdi, Türkiyə ilə, eləcə də, Azərbaycanla münasibətləri zədələdi.

Dərhal da həm Türkiyədən, həm Azərbaycandan cavabını aldı.

Türkiyə Xarici İşlər naziri bu addıma münasibətini “Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu ifadələri rədd edirik”-sözləri ilə ifadə etdi.

Azərbaycan Xarici İşlər Nazirliyi isə qardaş Türkiyəylə növbəti dəfə həmrəyliyini nümayiş etdrərək, “…Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur”-deyə, bəyan etdi.

Həmçinin, qeyd olundu ki, “Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.

Eyni zamanda, dövlətimizin başçımız cənab İlham Əliyev qardaş Türkiyənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində məlum qərarın yanlış olduğunu qeyd edərək, onu tarixi səhv adlandırdı.

Dövlətimizin başçısı həmçinin, Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı.

Daha bir Azərbaycan-Türkiyə nümunəsi, daha bir Azərbaycan-Türkiyə qardaşlığı və həmrəyliyi!

Bəli, istər Türkiyə, istər Azərbaycan heç zaman “erməni soyqırımı” iddiasını qəbul etməyib, bu gün də etmir və bundan sonra da qəbul etməyəcək və bu iddianı səsləndirənlər də gec-tez peşman olacaqlar.

Azərbaycan hər zaman, hər bir məsələdə qardaş Türkiyənin yanında olub, yanında olmaqda da davam edəcək!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Azərbaycan Nəşriyyatları İctimai Birliyinin növbəti toplantısında-NƏLƏR MÜZAKİRƏ OLUNDU? – FOTOLAR

Read Next

“Bu bəyanat qəbuledilməzdir…”-İLHAM ƏLİYEVDƏN TÜRKİYƏYƏ DƏSTƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir