Polad Bülbüloğlu: “Azərbaycan bu cür yanaşma ilə razılaşmır”

“Azərbaycan Sovetlər İttifaqının süqutundan dərhal sonra Ermənistanın ərazi iddiaları və Dağlıq Qarabağ münaqişəsi fonunda dinc əhaliyə qarşı terror aktları ilə üzləşib. Bu səbəbdən Azərbaycan terrorçuluqla mübarizə sahəsində böyük dövlətlərdən daha əvvəl davamlı və qəti addımlar atmalı olub”.

Etikxeber.az-n APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən “Din terrorçuluğa qarşı” adlı İkinci Beynəlxalq Elmi-Praktik Konfransındakı çıxışında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

Səfir çıxışında Azərbaycan prezidenti İlham Əliyevin MDB Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları rəhbərləri Şurasının bu yaxınlarda Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşdə dediyi fikirləri konfrans iştirakçılarına xatırladıb: “Terrorçuluq, radikalizm, ekstremizm kimi təzahürlərlə mübarizə sahəsində əməkdaşlıq, qarşılıqlı fəaliyyət və səy birliyi olmadan təhlükəsizliyi təmin etmək çox çətindir. Azərbaycan dövlətinin başçısı, terrorçuların pis və ya yaxşı terrorçulara bölünməsinin düzgün olmadığını qeyd edərək, terrorçuluqla mübarizənin qlobal xarakter daşımasının vacibliyini bildirdi”.

P. Bülbüloğlu Azərbaycanın daim terrorçuluqla mübarizəyə qlobal yanaşmanın tərəfdarı olduğunu söyləyib: “Bu sahədə dövlətimiz bir sıra mühüm beynəlxalq sənədlərə imza atıb. Azərbaycanın BMT-nin müvafiq qətnamə və qərarlarını həmişə rəhbər tutub, beynəlxalq mandatları qeyd-şərtsiz yerinə yetirib. Azərbaycanda 90-cı illərin əvvəllərində törədilən terror aktlarını, o cümlədən 1994-cü ilin martında Bakı metrosunda baş vermiş partlayışları xatırlatmaq istərdim. Həmin terror aktları nəticəsində 100-dən çox insan həlak olmuş, xeyli sayda vətəndaş xəsarət almışdı. Bütün bu hadisələr, Azərbaycanın üzləşdiyi bu amansız təcrübə ölkəmiz üçün terrorçuluqla mübarizəni zəruri edib”.

Səfir terrorçuluğun getdikcə daha çox din pərdəsi arxasında gizləndiyi bir dövrdə gəncləri öz sıralarına cəlb etməyə çalışan beynəlxalq terror qruplaşmaları ilə mübarizənin vacibliyinin xüsusi olduğunu qeyd edib: “Müasir dövrdə özlərini din uğrunda “mübarizlər” adlandıranlar insanları, həmçinin müsəlmanları qətlə yetirir və bəşəriyyətin mədəni irsinin məhvinə səbəb olan cinayətlər törədirlər. Bu isə öz növbəsində ksenofobiya və dözümsüzlük əhval-ruhiyyəsi yaradır. Avropa dövlətlərində və bir çox digər ölkələrdə multikulturalizmin iflasından danışmağa başlayıblar. Azərbaycan bu cür yanaşma ilə razılaşmır. Ölkəmiz sülhün və həmrəyliyin təbliğinə yönəlmiş səyləri davam etdirir”.

Diplomat 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu da vurğulayıb: “Dözümlülüyün və tolerantlığın təbliği sahəsində nümayiş etdirilən bu qətiyyətli mövqe beynəlxalq sülh və sabitliyin bərqərar olmasında mühüm rol oynayır”.

Qeyd edək ki, “Din terrorçuluğa qarşı” beynəlxalq konfransında 60-dək ölkənin din xadimləri, ictimai birliklərin və siyasi təşkilatların nümayəndələri iştirak ediblər.

Təbirdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadzadə şeyxülislam Allahşükür Paşazadənin konfrans iştirakçılarına müraciətini oxuyub.

Etikxeber.az

Read Previous

Beynəlxalq film festivalının açılışı oldu

Read Next

158 yaşayış məntəqəsinə təbii qaz verilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir