Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kəlbəcər rayonunun (həm də Tərtərin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Anar Vaqif oğlu Əliyevin doğum günüdür.
Anar Əliyevin bu gün 44 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında Şəhidin məzarı ziyarət olunacaq, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Müdafiə Nazirliyinin Hərbi orketstri tərəfindən Dövlət himni səsləndiriləcək.
Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, “Quran” oxunacaq, ruhuna dualar ediləcək.
Məzarını ziyarətdən sonra isə İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında yerləşən mərasim evində Şəhidin adına çay-ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, Anar Əliyev 1980-ci ilin avqust ayının 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub.
1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb.
2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib, elə həmin ildən Bakıda yerləşən “N” saylı kəşfiyyat briqadasında leytenant kimi hərbi vəzifəsinə başlayıb.
Sonra xidmətini Salyan rayonunda, Şəhadətə ucalan günə kimi isə 6 il xidmətini Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində davam etdirib.
Anar Əliyev 2008-ci ilin yanvar ayında Kapitan, 2012-ci ilin iyununda Mayor, 2015-ci ilin iyununda vaxtından əvvəl Polkovnik-leytenant rütbəsi alıb.
5 dil (Azərbaycan, türk, ingilis, rus, erməni) bilən, səlis və sərbəst danışan Azərbaycan Ordusunun yüksək rütbəli zabiti mütəmadi olaraq xarici ölkələrdə kurslarda, təlimlərdə iştirak edib.
2019-cu ildə keçirilən Beynəlxalq Qars təlimində xüsusi təyinatlılara rəhbərlik Anar Əliyevə tapşırılıb və həmin təlimdə Azərbaycan birincilik əldə edib.
2014-cü ildə Anar Əliyev Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığının sərəncamına göndərilib.
“N” saylı hərbi hissənin qərargah rəisi, daha sonra hərbi hissənin komandiri vəzifəsini icra edib.
2018-ci ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunub.
Anar Əliyev bu əməliyyatda yaxından iştirak edib və fərqlənib.
2020-ci il iyunun 13-də hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant A.Əliyev bu vəzifəni 2020-ci il oktyabrın 17-dək icra edib.
27 sentyabr 2020-ci ildə başlanan İkinci Vətən Müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi.
O, müharibənin ilk 14 gününü Naxçıvanda xidmətdə olub, lakin komandanlığa torpaqlarımızın yağı düşməndən azad olunmasında iştirak etmək üçün müraciət edib.
Oktyabr ayının 11-dən Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıqlara imza atıb.
Və oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində Şəhidlik zirvəsinə yüksəlib.
Nəşi 4 gün sonra, oktyabr ayının 25-də İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında dəfn edilib.
O, həm də ailəli olub.
Nigar və Əli adlı 2 övladı yadigar, Vətənə əmanət qalıb.
“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb, həmçinin “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sağlığında, xidməti dövründə isə III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, II və III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 illik və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.
Müvəqqəti olaraq Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə adı verilib, Tərtər şəhərinin küçələrindən biri onun adını daşıyır.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





