Prezident: “Əfsuslar olsun ki, Rəşid müəllim müstəqil Azərbaycanı görmədi” – FOTOLAR

“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz dünya şöhrətli müğənni, görkəmli musiqi xadimi Rəşid Behbudovun abidəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”. 

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev dünya şöhrətli müğənni, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsinin açılış mərasimində çıxışı zamanı deyib.

“Rəşid Behbudov öz həyatını musiqiyə həsr etmişdir. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir. Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. O, Azərbaycanı həm Sovet İttifaqı çərçivəsində, eyni zamanda, dünyada təbliğ edirdi. Onun ifa etdiyi mahnılar sovet məkanında çox populyar idi. Deyə bilərəm ki, o, Sovet İttifaqında ən populyar ifaçılardan biri idi. Eyni zamanda, o, bir çox xarici ölkələrdə qastrollarda olmuşdur. O, qastrollarda həm Azərbaycan mahnılarını, eyni zamanda, xarici dillərdə mahnılar ifa edirdi və Azərbaycanı təbliğ edirdi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, biz Sovet İttifaqının tərkib hissəsi idik. Ancaq Rəşid Behbudov kimi istedadlı insanlar Azərbaycanı dünyada təmsil edirdilər və göstərirdilər ki, bizim xalqımız nə qədər istedadlı xalqdır”-deyən Prezidentin sözlərinə görə, Rəşid müəllim hərtərəfli istedadlı bir insan, gözəl aktyor idi. Onun ifa etdiyi rollar bizim qızıl fondumuzdadır. Onun ifa etdiyi rollara, o filmlərə dəfələrlə baxmaq olar. O filmlər, ilk növbədə, səslənən musiqiyə və onun oynadığı rollara görə əbədi yaşayacaqdır.

O, qeyd edib ki, Rəşid Behbudov ölkəmiz, xalqımız üçün çox işlər görüb.

“Biz həmişə onu yadda saxlayırıq. Həmişə televizorda onun mahnıları səslənəndə bir daha görürük ki, bu insan nə qədər istedadlı və gözəl insan idi. Rəşid müəllim çox xeyirxah, səmimi insan idi. Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O, bizim evimizdə dəfələrlə olmuşdur. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi. Bir daha demək istəyirəm ki, Heydər Əliyevi Rəşid müəllimlə çox möhkəm dostluq əlaqələri bağlayırdı.

Rəşid Behbudov Sovet İttifaqında çox böyük qiymətə layiq görülmüşdür. O, Sovet İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bu, həm onun fəaliyyətinə, eyni zamanda, bütün Azərbaycan mədəniyyətinə verilən qiymət idi. O, gənc yaşlarında Sovet İttifaqının Xalq Artisti adına layiq görülmüşdür. O vaxt bu adı qazanmaq doğrudan da onu göstərirdi ki, Rəşid müəllim təkrarolunmaz mədəniyyət xadimidir. Təbii ki, Azərbaycan Respublikasının Xalq Artisti idi. Eyni zamanda, Rəşid müəllimin çox geniş ictimai fəaliyyəti var idi. O, həm Azərbaycan Ali Sovetinin, həm də Sovet İttifaqı Ali Sovetinin deputatı kimi çox böyük işlər görürdü. Çünki o, həm Azərbaycanda, həm sovet məkanında həddindən artıq populyar bir insan idi. Sovet İttifaqında onu tanımayan insan tapılmazdı. Onun oxuduğu mahnılar Sovet İttifaqının bütün guşələrində səslənirdi, digər dillərdə də ifa olunurdu. Qeyd etdiyim kimi, Rəşid müəllim müxtəlif dillərdə gözəl mahnılar ifa edirdi, ancaq ən gözəl mahnılar bizim xalq mahnılarımız və Azərbaycan bəstəkarlarının mahnıları idi. Bu mahnıları ondan əvvəl və ondan sonra onun kimi heç kim ifa edə bilməyib və yəqin ki, bilməyəcək. Çünki Rəşid müəllimin nəinki təkrarolunmaz səsi var idi, eyni zamanda, onun ifaçılıq qabiliyyəti, şəxsi keyfiyyətləri, şəxsiyyəti bu nadir istedadı bizə bəxş edib. Fəxr edirik ki, bizim xalqımızın nümayəndəsi dünya şöhrətli musiqi xadimidir. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib.

Əfsuslar olsun ki, Rəşid müəllim müstəqil Azərbaycanda yaşamayıb. O, 1989-cu ildə həyatdan getdi, müstəqil Azərbaycanı görmədi. Ancaq çox görmək istərdi. Çünki öz xalqına, millətinə bağlı, milli ruhu yüksək olan insanların hamısı istərdilər ki, müstəqil dövlətdə yaşasınlar, öz müstəqil dövlətini təbliğ etsinlər.

Azərbaycanda Rəşid müəllimin adı əbədiləşdirilib. Onun adını daşıyan Dövlət Mahnı Teatrı fəaliyyət göstərir. Musiqi məktəbi onun adını daşıyır. Bax, bu küçə Rəşid Behbudovun adını daşıyır. Xəzər Dəniz Gəmiçiliyinin ən müasir gəmilərindən birinə onun adı verilmişdir. Keçən il Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı tərtib edilmişdir, mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır və bu gün Rəşid Behbudovun abidəsi açılır. Bu gözəl hadisə münasibətilə Rəşid müəllimin ailə üzvlərini, yaxınlarını, dostlarını, bütün Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm. Rəşid müəllim həmişə bizim ürəyimizdə yaşayacaq”-deyə, Prezident daha sonra qeyd edib.

prez-ras-2prez-ras

Etikxeber.az

 

Read Previous

“Sevilya bərbəri” nümayiş olunacaq

Read Next

Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cəzaların sərtləşdirilməsi istənilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir