Prezident 90 yaşlı Nəriman Həsənzadəni “İstiqlal” ordeni ilə təltif və XALQ ŞAİRİNİ TƏBRİK ETDİ-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.

***

İlham Əliyev Nəriman Həsənzadəni təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.

Siz ötən əsrin ortalarında ədəbiyyat aləminə qədəm qoyduğunuz vaxtlardan öz dəst-xəttinizi formalaşdırmış və geniş oxucu auditoriyasının ehtiramını qazanmısınız. Şair və dramaturq kimi uzunmüddətli səmərəli fəaliyyətiniz boyu yüksək sənətkarlıqla meydana gətirdiyiniz ədəbi əsərlər söz xəzinəmizə layiqli töhfədir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən bu əsərlər Sizi ədəbi prosesin ön mövqelərinə çıxarmışdır.

Bədii-estetik kamilliyi ilə seçilən şeir və poemalarınıza dərin səmimiyyət, həssaslıq və güclü lirizm hakimdir. Dövrün mənzərəsini dolğun canlandıran və xalqımızın mübarizliyinin tərənnümünə çevrilən mənzum tarixi dramlarınız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, teatrlarımızın repertuarında özünəməxsus yer tutmuşdur.

Yaratdığınız poetik nümunələrə bəstələnən mahnılar dillər əzbəridir. Ziyalı vətəndaş mövqeyi nümayiş etdirərək ictimai sahədə göstərdiyiniz təqdirəlayiq fəaliyyət kitablarınızdakı fikir və düşüncələrinizi əməli surətdə gerçəkləşdirmək istəyinizin bariz təzahürüdür.

İnanıram ki, Siz vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan əsərlərinizlə Azərbaycan oxucusunu bundan sonra da sevindirəcəksiniz”.

Qeyd edək ki, sabah Xalq şairinin 80 yaşı tamam olur.

Etikxeber.az

Read Previous

“Ortaq tarixi, mədəni və dini dəyərlərimiz münasibətlərimizin qarşılıqlı anlaşma əsasında inkişafı üçün yaxşı zəmin yaradır…”-SPİKER – FOTOLAR

Read Next

“Dördüncü səfər, dördüncü Zəfər, dördüncü Qələbə! Yolumuz, Haqqımız, Zəfərimiz mübarək olsun!”-JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir