“Prezident ATƏT-in baş katibinə onu çatdırmaq istəyirdi ki…” – DEPUTAT – RƏY(LƏR)

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşdə bir sıra aktual məsələləri müzakirə etdi. Nəzərə almaq lazımdır ki, hazırda dünyada baş verən ciddi hərbi-siyasi və iqtisadi qarşıdurmalar kontekstində ATƏT-ə üzv olan ölkələrin də milli təhlükəsizliyi bu və ya digər dərəcədə təhdidə məruz qalır, yaxud belə hal mümkün hesab edilir. Adından da göründüyü kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı isə əlbəttə, belə məsələləri öz tərəfdaşları ilə müzakirə etməli və təhlükəsizlik tədbirləri görməlidir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

hikmet-babaoqlu

Onun sözlərinə görə, bu mənada, Avropanın Cənub-Şərq tərəfdaşları içərisində Azərbaycan olduqca strateji bir ölkədir.

Millət vəkili qeyd edib ki, Azərbaycanın təhlükəsizliklə bağlı strateji əhəmiyyəti təkcə enerji təhlükəsizliyi ilə məhdudlaşmır, eyni zamanda, coğrafi mövqeyi və hərbi-iqtisadi resursları ilə şərtlənir.

H. Babaoğlu ona görə də  hesab edir ki, Qremingerin ATƏT-in baş katibi kimi Azərbaycana səfəri məhz bu kontekstdə qiymətləndirilməlidir və bu da ölkəmizin təhlükəsizlik məsələləri baxımından da olduqca əhəmiyyətlidir:

“Artıq uzun illərdir Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımız Ermənistan hərbi birləşmələri tərəfindən işğala məruz qalıb. Problemi həll etmək üçün ATƏT-in Minsk qrupu yaradılıb, lakin bu günə qədər bu qrup münaqişənin həlli ilə bağlı heç bir real töhfə verə bilməyib. Hazırda Ermənistana rəhbərlik edən, küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilməyən baş nazir Nikol Paşinyan hər gün yeni bir sərsəm bəyanatla Azərbaycanı təhdid edir. Buna mütləq ATƏT tərəfindən qiymət verilməlidir. Çünki Azərbaycanın da təhlükəsizliyi ən azı bu təşkilata üzv olan digər ölkələrin təhlükəsizliyi qədər əhəmiyyətlidir. Üstəlik də ATƏT problemin həlli ilə bağlı vasitəçilik missiyasını BMT Təhlükəsizlik Şurasının mandatı ilə öz üzərinə götürüb. Ona görə də görüş zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Doğrudan da bu çağırış həm beynəlxalq hüquq, həm də real siyasi proseslər kontekstində olduqca əsaslandırılmış bir çağırışdır. Şübhəsiz ki, ATƏT bu cür həssas məsələyə öz münasibətini bildirməli, işğal faktına son qoymaq üçün vasitəçilik missiyasını layiqincə yerinə yetirməlidir. Əks təqdirdə, bundan sonra bütün məsuliyyət işğalçı Ermənistan və onu idarə edənlərin üzərinə düşəcək ki, bu da Ermənistan üçün yaxşı heç nə vəd etmir. Regionda hamı, o cümlədən Ermənistan Azərbaycanın hərbi qüdrətini və mümkün müharibə variantında onu dəstəkləyəcək iqtisadi resurslarını yaxşı bilir”.

Politoloq Elman Nəsirov da bildirib ki, Azərbaycan prezidenti  Paşinyanın hakimiyyətə gəldiyi ilk günlərdən münaqişənin tənzimlənməsi məsələsində ziddiyyətli mövqelər ortaya qoyduğunu və bunun acı təəssüf hissi doğurduğunu vurğulayıb:

elmannn-1

“Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerin nəzərinə çatdırıb ki, Paşinyan qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan və Ermənistan prezidentlərinin apardığı danışıqlar prosesində iştirakı ilə bağlı məsələni ortaya qoyur. Bu, bizim üçün qəbuledilməz bir yanaşmadır. Separatçı rejimin danışıqlar prosesinə qoşulması məsələsini ortaya qoymaqla Paşinyan, ilk növbədə, danışıqlar prosesini pozmaq istəyir. O, öncədən bilir ki, bu cür məsələlərin gündəmə gətirilməsi danışıqların baş tutmasına mane olacaq. Deməli, o, məqsədyönlü və planlı şəkildə bu addımı atır ki, danışıqlar baş tutmasın. Paşinyan bundan sonra da irəli gedərək bu günlərdə Moskvada olarkən belə bir ifadə işlətdi ki, təkcə Dağlıq Qarabağ deyil, eyni zamanda, onun ətrafındakı rayonlar da qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsidir. Bu cür yanaşmalar, heç şübhəsiz ki, gözlənilən danışıq proseslərinə arxadan vurulmuş zərbədir. Prezident İlham Əliyev bu məsələləri vurğulamaqla, ilk növbədə, ATƏT-in baş katibinə onu çatdırmaq istəyirdi ki, ATƏT, onun Minsk qrupu belə məsuliyyətsiz mövqelərə münasibət bildirsin, reaksiya versin. ATƏT-in baş katibi Minsk qrupunun həmsədrlərinə bildirməlidir ki, onlar ünvanlı bəyanatlar versinlər, ilk növbədə, Paşinyanın bu son məsuliyyətsiz və danışıqlar prosesinə pozucu təsir göstərən mövqeyinə münasibət bildirsinlər, bəyanatlarında bu məsələləri qeyd etsinlər. Bildirsinlər ki, qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar prosesinə qatılması, eyni zamanda, Dağlıq Qarabağın və ətrafındakı rayonların qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi kimi vurğulanması, nəticə etibarilə, danışıqlar prosesinin gələcəyini sual altında qoyur. Danışıqlar olmayan yerdə də heç şübhəsiz ki, müharibə aktuallaşır. Yəni, Paşinyanın bu məsuliyyətsiz bəyanatları, nəticə etibarilə, regionda böyük bir müharibənin başlanmasına şərait yaradır və bütün məsuliyyət də ona görə məhz, ilk növbədə, Ermənistandakı yeni hakimiyyətin üzərinə düşəcək…”.

E.Nəsirov onu da deyib ki, Azərbaycan dövləti Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi siyasətinə sadiqdir:

“… Eyni zamanda, BMT nizamnaməsinin 25-ci maddəsinə görə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrası icbaridir. Ermənistan isə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymur. Analoji qətnamələri AŞPA, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, NATO, ATƏT və İslam Əməkdaşlıq Təşkilatı da qəbul edib. Bütün bu sənədlər işləmir. Belə olan vəziyyətdə 25-ci maddəni əsas götürüb biz münaqişənin tənzimlənməsi məsələsinə fərqli müstəvidə yanaşa bilərik. Yəni, danışıqlar tükənə və Azərbaycan hərbi yolla torpaqları geri qaytarmaq məcburiyyəti qarşısında qala bilər və bu yolun seçilməsi də artıq məcburi addım ola bilər. Eyni zamanda, bu, heç bir halda beynəlxalq hüquqa zidd deyil və həmin sənədlər bizə bu haqqı verir. Dünənki görüşdən sonra ATƏT-in baş katibi Tomas Qremingerin bu məsələlərlə ciddi məşğul olacağına ümid bəsləyirik. İlk növbədə, Ermənistana ATƏT-in Minsk qrupu çərçivəsində müəyyən təzyiqlərin göstərməsinə ümid bəsləyirik və buna inanmaq istəyirik. Çünki belə olmayacağı təqdirdə hadisələr ən arzuolunmaz ssenari üzrə inkişaf edə bilər. Eyni zamanda, Ermənistan iki il bundan öncə Aprel döyüşlərində üzləşdiyi acınacaqlı vəziyyətlə, yəni, biabırçı məğlubiyyətlə üz-üzə qala bilər. Artıq Ermənistan rəhbərliyi papağını qarşısına qoyub bu barədə ciddi düşünməlidir”.

Etikxeber.az

Read Previous

Deputatın oğlu ilə bağlı məhkəmədə mübahisə düşdü…

Read Next

“Mançester Siti” rekord məbləğdə gəlir əldə etdi – 505,5 milyon funt-sterlinq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir