“Monteneqro hər zaman Azərbaycanı dost ölkə hesab edir”-DRİTAN ABAZOVİÇ – FOTOLAR – YENİLƏNİB – (4)

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşü olub.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə AZƏRTAC məlumat yayıb.

12:30

***

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşü olub.

Görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, Bankın Azərbaycanda mühüm layihələrdə iştirak etdiyi vurğulandı.

Avropa Yenidənqurma və İnkişaf Bankının Cənub Qaz Dəhlizinin reallaşmasına töhfəsi xüsusi qeyd edildi.

Söhbət zamanı perspektiv prioritetlər, o cümlədən nəqliyyat, logistika, informasiya texnologiyaları, bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.

14:30

***

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq münasibətlərinin olduğu qeyd edildi. Ölkələrimiz arasında turizm, investisiyalar və enerji sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Cənubi Qafqaz regionundakı vəziyyət barədə məlumat verdi, Ermənistanın müxtəlif yalan məlumatlar əsasında bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı təbliğat apardığını qeyd etdi.

Prezident İlham Əliyev, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolundakı vəziyyət barədə də Monteneqro Baş nazirinə məlumat verdi.

Dritan Abazoviç qeyd etdi ki, Monteneqro hər zaman Azərbaycanı dost ölkə hesab edir.

Baş nazir Monteneqronun Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirdi.

18:40

***

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşü olub.

Prezident İlham Əliyev Xorvatiya Baş nazirini Azərbaycana səfərə dəvət etdi.

Dəvət minnətdarlıqla qəbul olundu.

Söhbət zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Xorvatiyanın da minalardan əziyyət çəkən ölkə kimi minatəmizləmə sahəsində təcrübəyə malik olduğu bildirildi.

Dövlətimizin başçısı otuzillik işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində çoxlu sayda mina basdırdığı və 2020-ci il noyabrın 10-dan – hərbi əməliyyatların başa çatmasından bu günədək 300-ə yaxın Azərbaycan vətəndaşının mina hadisələri nəticəsində həlak olduğu və ya yaralandığı qeyd edildi. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının həyata keçirildiyi bildirildi. Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu, həmçinin Xorvatiya şirkətlərindən bununla bağlı müxtəlif avadanlıqların alındığı vurğulandı. Minatəmizləmə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edildi.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki strateji tərəfdaşlığı vurğulandı.

Hazırda ölkəmizin Avropanın enerji bazarına əlavə qaz həcmləri çıxarması istiqamətində fəaliyyətini davam etdirdiyi bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşü olub.

20:57

***

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olundu, bu xüsusda Niderland şirkətlərinin Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyi vurğulandı.

Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirdi.

Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edildi, regional məsələlər barədə fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verdi. Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğuladı, ölkəmizin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələr barədə məlumat verdi, Ermənistanın yolun guya blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını qeyd etdi.

Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirdi.

Hazırda yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə lazımi humanitar yüklərin, mülki şəxslər və mülki təyinatlı yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırıldı, kriminal ünsürlərin həmin ərazilərdən çıxarılmasının vacibliyi bir daha vurğulandı.

Etikxeber.az

Read Previous

“Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar-PAYLAŞIM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir