“Prezident Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qərarlıdır”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin respublikanın Baş Prokuroru təyin edilməsi, hər şeydən əvvəl, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni ən ümdə istiqamətlərdən biri kimi müəyyənləşdirməsindən xəbər verir.

Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu söyləyib.

Deputat bildirib ki, Azərbaycanda məhkəmə – hüquq sistemində xeyli vaxtdır aparılan islahatlar Prezidentin son təyinatı ilə yeni mərhələyə qədəm qoydu:

“Bu mərhələ korrupsiyaya və rüşvətxorluğa qarşı daha sərt mübarizə mərhələsi olacaq. Məsələ ondadır ki, hüquqi islahatlar çərçivəsində cəza siyasətinin humanistləşdirilməsinin həyata keçirildiyi bir vaxtda bəzi məmurların və digər qərar qəbuletmə səlahiyyəti olan subyektlərin hüquqi islahatların məqsədini düzgün başa düşməməsi, yaxud düzgün başa düşmək istəməməsi ayrı-ayrı hallarda onların öz vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına gətirib çıxarıb. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı, bir sıra rayonların icra hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin vəzifəli şəxsləri tərəfindən qanunazidd əməllərə yol verilməsi bir daha onu göstərdi ki, korrupsiyaya qarşı mübarizə məsələsində daha sərt cəza tədbirlərinin görülməsi zərurəti var. Ona görə də son təyinat da daxil olmaqla görülən tədbirlər sübut edir ki, Prezident İlham Əliyev Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qərarlıdır”.

H.Babaoğlu vurğulayıb ki, yeni Baş prokurorun təyinatı proseduru həm də Azərbaycanda ali icraedici və ali qanunverici hakimiyyət orqanları arasında yeni keyfiyyətdə koordinasiya mexanizminin qurulmasını göstərmiş oldu:

“Prezident Administrasiyasında yeni yaradılan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təyinat prosedurunu koordinasiya etməsi siyasi sistemimizdə demokratik idarəçiliyin yeni keyfiyyət forması kimi təzahür etdi. Beləliklə, hazırkı mərhələ hüquqi sistemimizin yenilənməsi istiqamətində həyata keçirilən islahatların bundan sonra da dərinləşəcəyinə və daha genişmiqyaslı olacağına əminliyi daha da gücləndirir” (AZƏRTAC).

Etikxeber.az

Read Previous

Bərbərxana və gözəllik salonuna getmək üçün istifadə olunacaq kod-AÇIQLANDI

Read Next

Jalə Əliyeva “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri-NİYƏ VACİB SAYIR? – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir