Prezident: “Bundan sonra da bu yolla gedəcəyəm”

“Biz Azərbaycanda böyük idman yarışları keçirmişik. 500 milyon auditoriyası olan “Formula-1” yarışını keçirmişik. Özü də “Formula-1” qrupunun rəhbərləri də qeyd etmişlər ki, ən gözəl yarış Azərbaycanda keçirildi. İlk dəfə olaraq Azərbaycanda ən yaxşı təşkil edilən Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bu olimpiadaya bütün dünyadan – 200-ə yaxın ölkədən nümayəndələr gəlmişdi”.

Etikxeber.az xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev özünün sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin içlasında bildirib.

Onun dediyinə görə, böyük mötəbər tədbirlər arasında Roma Papası Fransiskin Azərbaycana rəsmi səfərini xüsusilə qeyd etmək istəyirəm. Bu, tarixi bir səfər idi və Roma Papası Bakıdan bütün dünyaya çox açıq mesajlar göndərdi. O cümlədən Azərbaycanda multikulturalizmin vəziyyəti ilə bağlı onun dəyərli fikirləri həm həqiqəti əks etdirir, həm də dünya katoliklərinin rəhbərinin bu işlərə qiymətinin gözəl təzahürü idi:

“Bax, biz bu işləri görürük. Amma ətraf yanır, yan-yörə alovlanır, risklər artır. Biz isə öz xoşbəxt həyatımızı və xoşbəxt gələcəyimizi qorumalıyıq və qoruyuruq. Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Şəhərlərimiz gözəlləşir, abadlaşır, bütün işlər çox yaxşı gedir”.

O, xatırladıb ki, bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirilib:

“İlk növbədə onu deməliyəm ki, referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilmişdir. Yüzdən çox xarici müşahidəçi referendumu izləmişdir. Bir neçə beynəlxalq rəy sorğusu agentliyi exit-poll keçirmişlər. Exit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə düşür. Bu da təbiidir. Çünki referendum tam şəffaf, ədalətli keçirildi. Mənə verilən son məlumata görə, Mərkəzi Seçki Komissiyasına təqribən cəmi 20, ya ondan bir qədər çox şikayət daxil olmuşdur. Bizim beş mindən çox seçki məntəqəmiz var. Cəmi 20, bəlkə də bir qədər çox şikayət olub. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır.

Müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət vermişlər. Bunun da çox böyük əhəmiyyəti var. Çünki adətən Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki keçirilir, şəffaf şəkildə referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər.

Referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu da əslində bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən şəxsən bunu belə qəbul edirəm. Çünki təklif olunan dəyişikliklər biz tərəfdən irəli sürüldü və Azərbaycan xalqı, onun böyük əksəriyyəti bu referenduma “Hə” dedi. Bu, əlbəttə ki, bizə əlavə güc verir. Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi.

Əlbəttə, onsuz da mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda “Hə” dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz”.

Etikxeber.az

Read Previous

Əliyevdən xəbərdarlıq: “Həm yaşadığımız bölgə, həm dünya dəyişib”

Read Next

Bu ilin 9 ayında 36 min iş yeri bağlanıb – Prezidentdən həyəcanlı sözlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir