“Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi “güclü dövlət, güclü ordu” strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir…”-MM-İN KOMİTƏ SƏDRİ

Bu gün Azərbaycan tarixinin ən şərəfli günüdür. İlk növbədə, mən hamımızı bu qələbə münasibətilə təbrik edirəm. Şəhidlərimizi hörmətlə, böyük ehtiram hissi ilə anıram. Yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm. Bu qələbə asan başa gəlməyib. Bizim igid balalarımız, qardaşlarımız, oğullarımız öz canı, qanı bahasına bu zəfəri çalıblar. Yüksək hazırlıqlı, savadlı, mərd, qorxmaz əsgər və zabitlərimiz bir an belə tərəddüd etmədən bir əlində bayraq, digər əlində silah yüksək əzmlə, iradə ilə sinəsini sipər edərək döyüşdü, torpaqlarımızı qarış–qarış, addım–addım düşməndən azad etdi və qalib gəldi. Vətən müharibəsinin ən böyük və qürurverici mübarizəsi Şuşa uğrunda gedən döyüşlərdir. Azərbaycan əsgəri çox çətin coğrafi şəraitdə, yaralı qardaşını, şəhid qardaşını çiyninə alıb, heç bir hərbi texnikadan istifadə etməyərək düşmənlə üz-üzə vuruşdu və qalib gəldi.

Bir daha sübut etdi ki, Azərbaycan əsgəri qəhrəmandır, igiddir və o, illərlə qarşı tərəfin uydurduğu mifi məhv etdi. Bu gün başımız dikdir, alnımız açıqdır. Çünki soydaşlarımıza qarşı edilən haqsızlığın, ədalətsizliyin, Xocalı soyqırımının qisası alındı. Bu qələbə azərbaycanlılar haqqında “məğlub xalq” sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz məqsədinə nail olacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi “güclü dövlət, güclü ordu” strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Etikxeber.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.

H. Hüseynova deyib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəklik işğaldan azad edildi. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı əks-hücum əməliyyatı hərb tarixində yeni səhifələr açdı. Bu döyüşlər nəinki bizim dərsliklərə salınacaq, həmçinin dünya hərb tarixinə bir töhfədir.

“Bütün bunların məntiqi nəticəsi Ermənistanı təslim olmağa məcbur etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır” – deyən komitə sədri bildirib:

“Bir neçə məsələni qeyd etmək istərdim. Birincisi, Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Bu, o deməkdir ki, ərazi baxımdan böyük rayonlarımız da qan tökülmədən, itki verilmədən işğaldan azad olunur. Prezident İlham Əliyev həmişə deyir, biz elə edirik ki, minimum itki və maksimum nəticə olsun. Ancaq bu, müharibədir, əfsuslar ki, itkisiz olmur. Ancaq bu bəyanat imkan verir ki, hərbi əməliyyatlar keçirilmədən torpaqlarımız işğalçıların azad edilsin. Digər məsələ Rusiya ilə bərabər Türkiyənin də bu prosesdə iştirakıdır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasına mane olacaq. Bəyanatda, həmçinin mühüm məsələdən biri də Naxçıvan Muxtar Respublikasının blokadadan azad olunmasıdır. Bu, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Düşmən və onun himayədarlarının işğala və tədricən Azərbaycan ərazilərinin birləşdirilməsinə əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu”.

H.Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda təhlükəsizliyin təmin edilməsinə nail oldu:

“Dövlətimizin başçısı həm regionda, həm də dünyada terrora, separatizmə qarşı mübarizə aparan nüfuzlu siyasi xadim və dövlət xadimidir. Şir ürəkli, cəsur və müdrik Prezidentimiz bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsində müstəsna rolu olan görkəmli sərkərdədir”.

Etikxeber.az

Read Previous

“Hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq…”-ƏLİYEV ÇAVUŞOĞLUNU, AKARI VƏ FİDANI QƏBUL ETDİ – FOTO

Read Next

“Şagird və gənclər arasında milli-mənəvi şüurun aşılanması işinin ən yüksək səviyyəyə çatdırılması vacib məsələlərdəndir”-GÜLNARƏ ƏMİRASLANOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir