Prezident NATO rəsmisini və parlament sədrlərini qəbul etdi – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Etikxeber.az  xəbər verir ki, bu haqda prezidentin rəsmi saytı məlumat yayıb.

Xanım Rouz Qotemöller NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Azərbaycan Prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfərlərinə toxunulub, dövlət başçısının son səfərinin önəmi qeyd olunub.
Bu ilin iyulunda NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısında Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyin ifadə olunması yüksək qiymətləndirilib.

Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi dəstək yüksək dəyərləndirilib, Əfqanıstana daşımalar sahəsində Azərbaycanın rolu xüsusi vurğulanıb, ölkəmizin Əfqanıstandakı missiyalara nəqliyyat, logistik dəstəyindən danışılıb və eləcə də Azərbaycanın Əfqanıstan hökumətinə müxtəlif sahələrdə göstərdiyi yardımların əhəmiyyəti qeyd olunub və Azərbaycanın göstərdiyi bütün bu səylərə görə minnətdarlıq ifadə edilib.

Görüşdə, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirilib.

Dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.

natoooo

***

İlham Əliyev həmçinin, Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gələn Cibuti Milli Assambleyasının sədri Məhəmməd Əli Humədi, Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirini, Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanimi, Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncarini, Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançevanı, Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekovu, Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifi və ATƏT Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib.

Dövlət başçısı, ilk növbədə, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirin önəmini vurğuladı və bu tədbirdə iştirak etmək üçün ölkəmizə səfərə gələn qonaqlara təşəkkür edib.

Dost ölkələrin nümayəndələrinin bu tədbirdə təmsil olunmasını ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin nümayişi kimi dəyərləndirən Prezident İlham Əliyev onların təmsil etdikləri ölkələrə səfərlərini məmnunluqla xatırladıb.

Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir və əlaqələrimiz müxtəlif sahələri əhatə edir.

Prezident İlham Əliyev deyib ki, qonaqların ölkəmizə bu səfəri onların həm Azərbaycanla yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq, həm də parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Küveyt Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarını dövlətimizin başçısına çatdırıb. O, tədbirdə şəxsən Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın tapşırığı ilə iştirak etdiyini deyib.

Mərzuq Əli əl-Ğanim Bakıya birinci dəfə səfər etdiyini vurğulayaraq bildirib ki, paytaxtımıza gəldiyi ilk andan şəhərdəki gözəllik və inkişaf onlarda böyük təəssürat yaradıb.

O, əminliklə bildirib ki, bu cür tədbirlər parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi, eyni zamanda, digər ölkələrin və xalqların Azərbaycanla daha da yaxınlaşması işinə xidmət edir.

Küveytli qonaq Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən xoş arzularını çatdırıb. O, ölkəmizə məmnunluqla yenidən səfər edəcəklərinə ümidvar olduqlarını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə fəal əməkdaşlıq həyata keçirdiyini və ölkəmizin dostlarının sayının gündən-günə artdığını vurğulayıb.

Dövlət başçısı Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt dövlətinin başçısına çatdırmağı xahiş edib.

Sonda xatirə şəkli çəkdirilib.
Etikxeber.az

 

Read Previous

Hər birimiz üçün maraqlı oyun olacaq – QURBAN QURBANOV

Read Next

Mehriban Əliyeva Rouz Qotemölleri qəbul etdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir