Prezident Qazaxdan Ağstafaya gəldi,“Modern”in açılışında iştirak etdi – FOTOLAR – YENİLƏNİB

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonuna da səfərə gəlib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.

***

Sonra Prezident  əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.

 

Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanılıb və həmin ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin binasında 2016-cı ilin yanvar-fevral aylarında əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Əsaslı yenidənqurma işləri çərçivəsində mərkəzin dam örtüyü, havalandırma sistemi təzələnib. Mərkəzin 320 tamaşaçı yerlik açıq konsert meydanı yaradılıb. Dördmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi qoyulub. Mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalları yaradılıb. Zallarda dahi şəxsiyyətlə bağlı bir-birindən maraqlı fotolar, sənədlər və digər eksponatlar nümayiş olunur. Burada Ulu Öndərin uşaqlıq, gənclik, tələbəlik illərində, həmçinin müxtəlif vəzifələrdə çalışdığı dövr və Ağstafaya səfərləri, rayon zəhmətkeşləri ilə görüşləri zamanı çəkilən fotoları maraqla qarşılanır.

Aparılan əsaslı təmir işləri nəticəsində mərkəzin funksionallığı daha da artırılıb. Mərkəzdə “Saloğlu” mebel və “Akkord” tikiş fabriklərinin sərgi salonları açılıb.

Burada yaradılan 400 yerlik akt zalı müasir akustika avadanlığı ilə təchiz olunub. Akt zalında rayon əhəmiyyətli mühüm tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları fəaliyyət göstərəcək. Bundan başqa, burada distant təhsil, ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları da yaradılıb. Kiçik kino zalı, 30 və 70 yerlik konfrans zalları da rayon sakinlərinin ixtiyarına veriləcək. Mərkəzin bütün inzibati otaqları zəruri avadanlıqla təchiz olunub.

***

İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində həmçinin, “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə “Saloğlu” mebel fabrikinin məhsullarına baxdı, müəssisənin yeni layihələri ilə tanış oldu.

Daha sonra Prezident İlham Əliyev “Modern” mebel fabrikini işə saldı.

Azərbaycan Prezidentinə yeni fabrik barədə məlumat verildi. Bildirildi ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir.

Fabrikin məhsulları keyfiyyəti ilə seçilir, ölkəmizdə və xaricdə böyük maraqla qarşılanır. Bu cür müəssisənin istifadəyə verilməsi yalnız Ağstafa rayonu deyil, ümumilikdə, regionun iqtisadi inkişafına mühüm töhfə verir.

Sonra Prezident İlham Əliyevə “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq “Venzana” mebel fabriki barədə məlumat verildi. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcək. Layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.

Dövlət başçısı yeni fabrikin təməlini qoydu.

***

İlham Əliyev Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında da iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılır. Bu, özünü mövcud mədəniyyət və incəsənət obyektlərinin yenidən qurulmasında və yenilərinin inşasında aydın göstərir. Ağstafada müasir üslubda inşa edilən Musiqi Mərkəzi də bu sırada mühüm yer tutur.

Qeyd edək ki, bu mərkəz 1970-ci ildə yaradılıb və bu günədək şəhər 1 saylı tam orta məktəbin yardımçı və təsərrüfat otaqlarında fəaliyyət göstərirdi. Yeni binada zəngin musiqimizin, musiqi alətlərimizin sirlərinə dərindən yiyələnmək üçün hərtərəfli şərait var. Musiqi Mərkəzinin inşası həm də gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli təşkili baxımından vacib layihələrdən hesab olunur. Zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, ətrafda park salınıb, açıq konsert meydançası yaradılıb, ərazinin suvarılması və işıqlandırılması sistemləri quraşdırılıb.

Mərkəzin binası Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamına uyğun olaraq inşa edilib. Qədim musiqi aləti olan ud formasında inşa edilən mərkəzin 300 şagird yerlik binası 3 mərtəbədən ibarətdir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin və dövlətimizin başçısı İlham Əliyevin rayona səfərlərini və mədəniyyət sahəsinə diqqətini əks etdirən şəkillərdən ibarət fotostend yaradılıb. Mərkəzdə Azərbaycanın görkəmli bəstəkarlarının portretləri də asılıb. Yeni binada 39 sinif, qrup və məşğələ otağı var. Burada xor zalı, kitabxana və mətbəx-kafe də şagirdlərin ixtiyarına veriləcək.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, hazırda Ağstafa şəhər Musiqi Mərkəzində 90 müəllim çalışır və 269 şagird təhsil alır. Burada təhsil müddəti 5 və ya 7 ildir. Təhsil ocağında 400 yerlik müasir konsert zalı yaradılıb. Mərkəz yeni musiqi alətləri və inventarla təchiz edilib. Ümumi tikinti sahəsi 2400 kvadratmetrə yaxın olan bina mərkəzi isitmə sistemi ilə təchiz olunub, müasir havalandırma qurğuları quraşdırılıb.

***

İlham Əliyev daha sonra Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Azərbaycan Prezidentinə məlumat verildi ki, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Binada yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb. Mərkəzin əsas tamaşa salonu tamamilə yenilənib və genişləndirilərək 220 yerlik olub. Salonda müasir oturacaqlar quraşdırılıb və yüksək standartlara uyğun səhnə yaradılıb. Havalandırma sistemi ilə təchiz olunan binanın ümumi sahəsi 680 kvadratmetrdir. Burada kafe, inzibati, yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir. Mərkəzin yerləşdiyi Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində əsaslı təmir işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, səkilərə dekorativ daş döşənib, asfalt örtüyü yenilənib.

***

İlham Əliyev oktyabrın 19-da “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində də iştirak edib.

Dövlət başçısına məlumat verildi ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.

Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunduğu üçün kadr hazırlığı məqsədilə tədris kurslarının təşkil edilməsi nəzərdə tutulub.

“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir.

Təsərrüfatda 2016-2017-ci il üçün taxıl səpini işlərinə start verildi. Rayonun Ceyrançöl adlanan ərazisində “Ağstafa Aqroservis” MMC-nin istifadəsində olan 2729 hektar sahədə regiona uyğunlaşdırılmış sortun səpin işləri tədbir zamanı canlı yayımlandı.

Burada hektardan məhsuldarlığın 50-60 sentner təşkil edəcəyi gözlənilir. Taxıl təsərrüfatında Almaniyanın “DSV-saaten” Toxumçuluq İnstitutuna məxsus Akteur buğda sortunun əkilməsi nəzərdə tutulub.

Dövlət başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə məlumat verildi.

Dəyirman müasir iqtisadiyyatın tələbinə uyğun olaraq yeni texnologiyalarla təchiz ediləcək. Bu texnologiyaların tətbiqi dəyirmanda keyfiyyətli məhsul əldə etməyə imkan verəcək. Dəyirmanın emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq. Bu dəyirmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu, həm unun keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcək.

Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoydu.

Dövlət başçısı burada hazır məhsul anbarına da baxdı.

Ümumi sahəsi 5048 kvadratmetr olan anbarda satış üçün saxlanılan bir neçə çeşiddə un, qaba yem və hazır toxumlar barədə Prezident İlham Əliyevə məlumat verildi.

Hələlik cəmiyyətin öz emal zavodları hazır olmadığından yetişdirilmiş buğda Şəmkir rayonuna nəql olunaraq orada emal edilir.

Prezident İlham Əliyevə yerli undan hazırlanan qənnadı məhsulları təqdim olundu.

Dövlət başçısına burada quraşdırılması nəzərdə tutulan toxum istehsalı xətti barədə də məlumat verildi. Qeyd edildi ki, layihə üzrə müəssisənin tərkibində saatda 25 ton emal gücü olan Almaniyanın “Petkus” şirkətinə məxsus toxum istehsalı xətti qurulacaq.

aqstafa-1

prezident-mebel

Etikxeber.az

Read Previous

Metroya bomba qoyacağı barədə yalan məlumat verən şəxsə 6 il istənildi

Read Next

“Alternativ enerji ənənəvi enerjini tam əvəz edə bilməyəcək”- Nazir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir