İlyas Tapdıq dəfn olundu – YENİLƏNİB

Dekabrın 25-də tanınmış şair, naşir, maarifpərvər ziyalı, Prezident təqaüdçüsü İlyas Tapdıq 82 yaşında vəfat edib.

Etikxeber.az xəbər verir ki, 1934-cü ildə Gədəbəydə anadan olan İlyas Tapdıq Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeri ilə başlayıb. Uşaqgəncnəşrdə redaktor, Azərnəşrdə redaktor, böyük redaktor, “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru, Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləyib.

İ.Tapdıq 1992-1995-ci illərdə “Azərbaycan” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri olub.

***

Təzəpir məscidində şair İlyas Tapdıqla vida mərasimi keçirilib.

Vida mərasimində şair-yazıçılar, mərhumun qohumları, ailə üzvləri iştirak edir.

Vida mərasimində çıxış edən dramaturq Firuz Mustafa bildirib ki, Azərbaycan ədəbiyyatına ağır itki üz verib: “Abdulla Şaiqdən sonra Azərbaycan uşaq ədəbiyyatının ağırlığı İlyas Tapdığın çiyinlərinə düşdü. İlyas Tapdıq Azərbaycan poeziyasının görkəmli nümayəndəsi idi”.

Yazıçı Əfqan İlyas Tapdığın ölümünə inana bilmədiyini söyləyib: “İlyas böyük ürək sahibi, qohumcanlı, vətəncanlı, dostcanlı bir insan idi. İlyas çoxdan əbədilik qazanıb”.

Şair Dəmir Gədəbəyli deyib ki, İ. Tapdıq dünya uşaq ensiklopediyasına düşən yeganə azərbaycanlı şair olub.

Mərhumun digər qələm yoldaşları da onunla bağlı xatirələrini bölüşüblər.

Vida mərasimindən sonra İ. Tapdıq Badamdar qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunub.

Etikxeber.az

Read Previous

Bakı metrosunda Şaxta baba və Qar qız sərnişinləri təbrik edəcək – FOTO

Read Next

Depozit hərracının nəticələri açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir