Prezident Türkiyə, İran və ABŞ rəsmilərini qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı Məhəmməd Cavad Azəri Cəhrominin XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirakından və İranın bu tədbirdə geniş sayda şirkətlərlə təmsil olunmasından məmnunluğunu bildirdi.

Sərginin ənənəvi olaraq keçirildiyini deyən Prezident İlham Əliyev burada İran şirkətlərin daim iştirak etdiyini vurğuladı. Azərbaycanla İranın müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində yaxşı əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlətimizin başçısı müntəzəm qarşılıqlı səfərlərin, eləcə də nazirlər səviyyəsində təmasların yaxşı səviyyədə olduğunu qeyd etdi. Dövlətimizin başçısı İKT sahəsində həm ikitərəfli səviyyədə, həm də regional çərçivədə əməkdaşlıq üçün yaxşı imkanlar açıldığını dedi.

Qəbula görə minnətdarlığını bildirən İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ölkələrimiz arasında İKT sahəsində yaxşı əməkdaşlıq həyata keçirildiyini bildirdi. O, əməkdaşlığın təkcə ikitərəfli səviyyədə deyil, eləcə də İran, Azərbaycan, Türkiyə, Rusiya səviyyəsində genişləndirilməsi üçün səmərəli müzakirələrin aparıldığını dedi. Məhəmməd Cavad Azəri Cəhromi keçən il Azərbaycan Prezidenti ilə görüşdən ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi və layihələrin icrası ilə bağlı çoxlu işlərin görüldüyünü məmnunluqla qeyd etdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

***

İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

Dövlət başçısı Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində böyük heyətlə iştirakından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən nəqliyyat və infrastruktur sahələrində uğurla inkişaf etdiyini bildirdi. Nəqliyyat sahəsində əməkdaşlığımıza toxunan dövlətimizin başçısı ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən danışaraq ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təkcə regionda deyil, daha geniş məkanda böyük önəm daşıdığını vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin rabitə sahəsində də birgə iş birliyi apardıqlarını, Türkiyə şirkətlərinin bu sahədə uzun illər fəaliyyət göstərdiklərini dedi və rabitə sahəsində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirdi.

Nazir Mehmet Cahit Turhan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanla Türkiyə arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu vurğulayan qonaq Azərbaycanda bütün sahələrdə, o cümlədən infrastruktur və şəhərsalmada böyük inkişafın şahidi olduğunu dedi. Mehmet Cahit Turhan bildirdi ki, ulu öndər Heydər Əliyevin ifadəsi ilə desək Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət”dir və Azərbaycanın əldə etdiyi uğurlar Türkiyədə böyük sevinclə qarşılanır. Türkiyəli nazir Azərbaycanla Türkiyənin bundan sonra da birgə uğurlu layihələr həyata keçirəcəklərini məmnunluqla qeyd etdi.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

***

İlham Əliyev həmçinin, dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu qeyd etdi.

Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərimizin inkişafında böyük önəm daşıdığını bildirdi, bu baxımdan ABŞ hökumətinin və şəxsən ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Respublika Günü və enerji sahəsində əməkdaşlıq mövzusunda ABŞ Prezidentinin ünvanladığı məktubların da əhəmiyyətini qeyd etdi.

Dövlətimizin başçısı NATO çərçivəsində də əlaqələrin inkişafından məmnunluğunu bildirərək, NATO mənzil qərargahına son uğurlu səfərini bu təşkilatla əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda ölkəmizin iştirakı və orada Qətiyyətli Dəstək Missiyasında hərbçilərimizin sayının artırılması Azərbaycanın bu ölkədə ümumi sülhyaratma səylərinə verdiyi töhfəsini nümayiş etdirir. Azərbaycanın etibarlı və sabit tərəfdaş olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin, həmçinin ikitərəfli əsasda da Əfqanıstanda həyata keçirilən quruculuq və yenidənqurma işlərinə öz töhfəsini, xüsusilə “ASAN xidmət” təcrübəsinin Əfqanıstanda da tətbiqinə dəstək verdiyini bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev xanım Laura Kuperin səfərinin və ölkələrimiz arasında müdafiə sahəsində məsləhətləşmələrin əməkdaşlığımızın inkişafına əlavə təkan verəcəyinə ümidvar olduğunu vurğuladı.

Ölkəmizə səfərinin Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıdığını deyən ABŞ müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuper qeyd etdi ki, Amerika Birləşmiş Ştatlarının rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir.

Xanım Laura Kuper Azərbaycanla ABŞ arasında terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması və ümumilikdə, təhlükəsizlik sahəsində əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına dəstəyini və tranzit daşımaları üçün yaratdığı imkanları yüksək qiymətləndirdi.

irna

turka

amka

Etikxeber.az

Read Previous

Elə olub ki, nazirlə bir saat telefonda danışmışam – KOMİTƏ SƏDRİ

Read Next

Rusiyalılar inamla birinci yeri qoruyub saxlayırlar… – İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir